Elmira Süleymanova: \"Azərbaycanda 423 min əlildən 61 min nəfəri uşaqdır\"

"Hazırda Azərbaycanda 423 min əlil var və onlardan 61 min nəfəri uşaqdır". SİA-nın xəbərinə görə, bu sözləri ombudsman Elmira Süleymanova 5 may-Avropa Əlilliyi Olan İnsanların Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Ombudsman Azərbaycanın əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı 230 konvensiya və 2 pakta qoşulduğunu xatırladıb.

"Bu konvensiyalar əlillərin hüquqlarını qorumağa imkan verir. Azərbaycanda əlillərin hüquqlarının qorunmasını və sosial müdafiəsini nəzərdə tutan 3 dövlət proqramı qəbul edilib. Qanunlarda boşluqlar olduğu üçün bu sahədə çətinliklər hələ də qalmaqdadır. Bu problemlər əsasən əlillərin işə düzəlməsi zamanı özünü göstərir. Qeyd edək ki, idarələrdə əlillərin işə düzəlməsi ilə bağlı müəyyənləşmiş kvotaya riayət olunmur. Əlillərin təhsil alması və mənzillə təmin olunmasında mövcud olan problemlər öz həllini tapmayıb. Digər tərəfdən isə əlillər onlara təyin olunmuş kompensasiyaları vaxtında ala bilmirlər. Avropa ölkələrində hər bir dayə 10 əlil uşağa xidmət edirsə, Azərbaycanda bir dayə 20 əlil uşağa xidmət edir. Ombudsman Aparatı Milli Məclisə bir sıra təkliflər verib. Bu təkliflər sırasında dayələrin məvaciblərinin artırılması da var",- deyə E.Süleymanova sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...