"Uşağı formalaşdıran ekrandan çox, ona ayrılan keyfiyyətli diqqətdir"

"Uşağı formalaşdıran ekrandan çox, ona ayrılan keyfiyyətli diqqətdir"

"Bu suala həm psixoloq, həm də ana kimi cavab vermək istəyirəm. Çünki kabinetdə valideynlərə dediklərimlə evdə öz yaşadıqlarım arasında körpü qurmasam, cavabım səmimi olmaz". Bu fikirləri SİA-ya açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas və təhsil tədqiqatçısı Bahar Bəylərova deyib.

Onun sözlərinə görə, bu məsələ elmi tərəfindən yanaşanda uşaq beyni ilk üç ildə ömrünün ən sürətli inkişaf dövrünü yaşayır və bu inkişafın əsas “qidası” canlı insan üzüdür — ananın mimikası, səsin intonasiyası, “sən ona baxırsan, o sənə baxır” təması:

"Ekran isə parlaqdır, sürətlidir, rəngarəngdir, amma cavab vermir. Uşaq ekrana gülümsəyəndə ekran ona gülümsəmir. Bu qarşılıqlılığın olmaması nitqin gecikməsinə, diqqətin qısalmasına təsir edə bilər. Erkən yaşdan sürətli, daim dəyişən görüntülərə öyrəşən beyin üçün real həyat “çox yavaş” görünməyə başlayır — kitab darıxdırıcı gəlir, dərs darıxdırıcı gəlir, hətta oyun meydançası darıxdırıcı gəlir.

Sosial bacarıqlara gəldikdə, uşaq münaqişəni həll etməyi, növbə gözləməyi, “yox” eşidib dözməyi yalnız canlı ünsiyyətdə öyrənir. Planşet heç vaxt “yox” demir — bir toxunuşla istədiyin gəlir. Sonra biz təəccüblənirik ki, uşaq niyə ən kiçik “yox”da böhran keçirir.
Amma indi ən vacib hissəyə gəlirəm və bunu xüsusi vurğulamaq istəyirəm: bu mövzuda valideynləri günahlandırmaq ən asan və ən ədalətsiz yoldur.
Gəlin dürüst olaq. Kitablarda yazılan ideal mənzərə belədir: ana uşaqla yerdə oturub kubik yığır, ata axşam nağıl oxuyur, həftə sonu ailə parka gedir.

Real mənzərə isə çox vaxt belədir: hər iki valideyn işləyir, çünki bir maaşla dolanmaq mümkün deyil. Ana işdən yorğun qayıdır, yemək bişirməlidir, ev yığışdırmalıdır və o 40 dəqiqədə uşağı məşğul edən yeganə “dayə” telefondur. Yaxud ana evdədir, amma tək — nə nənə yaxında, nə dayəyə imkan var, nə də şəhərdə uşağın təhlükəsiz oynaya biləcəyi həyət mədəniyyəti qalıb. Bizim uşaqlığımızdakı “get həyətdə oyna” seçimi bugünkü valideynin əlində yoxdur. Telefon o boşluğu doldurur. Bu, laqeydlik deyil — güzəranın diktəsidir.

Təhsil sistemi də öz məcburiyyətini gətirir. Artıq birinci sinifdən tapşırıqlar qruplara, elektron platformalara göndərilir, uşaq təqdimat hazırlamalı, internetdə axtarış etməli olur. Valideynə bir tərəfdən “ekranı azalt” deyilir, o biri tərəfdən məktəb özü uşağı ekrana göndərir. Pandemiya illəri bunu daha da dərinləşdirdi — bir nəsil dərsi ekrandan aldı. Yəni ekran artıq bizim dəvət etdiyimiz qonaq deyil, sistemin evimizə yazdığı sakindir.

Ona görə mən valideynlərə “telefonu tamam atın” demirəm. Bu, real olmayan tələbdir və real olmayan tələb yalnız günahkarlıq hissi doğurur — günahkarlıq hissi isə heç bir uşağı böyütmür, sadəcə ananı yeyir. Mən “idarə olunan hədd” anlayışını təklif edirəm.
Yaş həddi baxımından: 3 yaşa qədər ekran olmamalıdır (real olan isə ana 3 il analıq məzuniyyətində qala bilirmi? 3 il fasilə verirsə müəssisə adaptasiyasına yardımcı olurmu? Ümumiyyətlə 3 il fasilə qadının psixoloji xüsusiyyətlərinə uyğundurmu və s. ) — bu yaşda beyin yalnız canlı təmasdan öyrənir; istisna olaraq uzaqdakı nənə-baba ilə görüntülü danışıq ola bilər, çünki orada canlı insan var. 2–5 yaş arası gündə maksimum bir saat və mümkünsə valideynlə birlikdə — yəni uşaq təkbaşına axına buraxılmasın, baxdığı şey haqqında danışılsın.

Məktəb yaşında isə vaxtdan çox məzmun və funksiya önəmlidir: dərs üçün istifadə ilə sonsuz qısa videolar arasında beyin üçün böyük fərq var.
Vaxtdan da vacib olan üç qayda var. Birincisi, ekran heç vaxt duyğunun əvəzedicisi olmasın — uşaq ağlayanda, darıxanda, qəzəblənəndə əlinə telefon verməyək, çünki o zaman uşaq duyğu ilə baş etməyi yox, duyğudan qaçmağı öyrənir və bu, gələcəkdə asılılıqların təməlidir. İkincisi, “ekransız zonalar” olsun: yemək süfrəsi və yuxudan əvvəlki bir saat. Bütün günü nizamlaya bilmirsinizsə, heç olmasa bu ikisini qoruyun — süfrə ailənin danışdığı yerdir, yuxu isə beynin böyüdüyü vaxt. Üçüncüsü və ən çətini: hədd əvvəlcə bizə aiddir. Uşaq bizim dediyimizi yox, gördüyünü kopyalayır. Əlimizdə telefon “ekrana çox baxma” demək təsirsizdir.

Sonda ana kimi: Əgər bu gün uşağınıza hər hansı səbəbdən cizgi filmi açmısınızsa, siz pis valideyn deyilsiniz — siz iki əsrin arasında qalmış, köməksiz sistemin içində əlindən gələni edən valideynsiniz. Uşağa lazım olan mükəmməl valideyn deyil, “kifayət qədər yaxşı” valideyndir. Ekranla keçən 40 dəqiqə uşağı məhv etmir; uşağı formalaşdıran gün ərzində ona verilən o 20 dəqiqəlik tam diqqətdir — telefonsuz, göz-gözə, “səni eşidirəm” deyən diqqət. Az olsun, amma dolu olsun. Hədd budur: ekran həyatımızda ola bilər, amma münasibətimizin yerini tutmasın.

— Artıq asılılıq yaranıbsa, nə etməli?
Əvvəlcə valideynə deyim: asılılığı görüb etiraf etmək artıq işin yarısıdır, çünki çox ailə bunu “hamının uşağı belədir” deyə normallaşdırır. Asılılığın əlamətləri var: uşaq ekransız qalanda özünü heç nə ilə məşğul edə bilmirsə, əvvəl sevdiyi oyunlara, dostlarına marağı sönübsə, telefon alınanda reaksiyası sadəcə küsmək yox, böhrandırsa, yemək və yuxu ekrana tabe olubsa — artıq “çox baxır”dan “asılılıq”a keçid baş verib.
Burada ən böyük səhv nə edilir? Bir gündə hər şeyi kəsmək. “Sabahdan telefon yoxdur!” Bu, susuz qalmış adamdan suyu birdən almağa bənzəyir.

Uşağın beyni artıq stimulun o dozasına köklənib; qəfil kəsilmə böhranı böyüdür, üstəlik uşaq telefonu gizli yollarla axtarmağa başlayır — yəni biz asılılığa bir də yalan əlavə etmiş oluruq.
Doğru yol tədricən azaltma və əvəzetmədir. Diqqət edin: təkcə azaltma yox, əvəzetmə. Ekranın tutduğu vaxt boşluqdur və boşluq öz-özünə dolmur. Telefonu alıb yerinə heç nə qoymasaq, uşaq darıxacaq, darıxan uşaq isə geri, ekrana dönəcək. Yerinə nə qoyulur? Yaşına görə: hərəkət, idman bölməsi, birgə mətbəx işi, həyət, dostla görüş və ən vacibi — valideynlə keçən vaxt.

Çünki çox vaxt ekran asılılığının kökündə stimul aclığı yox, təmas aclığı dayanır. Uşaq ekranda nəsə axtarmır, ekranda nədənsə gizlənir — darıxmaqdan, tənhalıqdan, bəzən evdəki gərginlikdən.
Praktik addımlar belədir. Birinci, azaltmanı uşaqla birlikdə planlayın — “səninlə razılaşırıq, bu həftə bir saat, gələn həftə 45 dəqiqə” — uşaq prosesin iştirakçısı olanda müqavimət azalır.

İkinci, vaxtı uşağın iradəsinə yox, qaydaya bağlayın: mübahisə uşaqla valideyn arasında yox, “qayda ilə” olsun; məsələn, taymer qoyulsun — taymerlə mübahisə etmək olmur. Üçüncü, azaltdığınız günlərdə uşağın əsəbi olacağını əvvəlcədən bilin və bunu pisləşmə kimi yox, “çəkilmə” mərhələsi kimi qəbul edin — bir-iki həftə davamlılıq istəyir. Və dördüncü: əgər uşaq ekransız iki-üç həftədən sonra da özünə gələ bilmirsə, yuxusu, yeməyi, ünsiyyəti bərpa olunmursa, mütəxəssisə müraciət etməkdən çəkinməyin. Bu, valideynin uğursuzluğu deyil — diş ağrıyanda diş həkiminə getdiyimiz kimi təbii addımdır.

— Bəs qadağa qoyanda uşaq aqressiv olursa?
Bu sualı çox eşidirəm və adətən arxasında qorxu dayanır: “uşağım mənə əl qaldırdı, qışqırdı, əşya atdı — mən nə yetişdirmişəm?” Əvvəlcə sakitləşdirim: ekran alınanda gələn aqressiya adətən xarakter problemi deyil, çəkilmə reaksiyasıdır. Beyin öyrəşdiyi stimulu tələb edir və uşağın bunu ifadə edəcək yetkin dili yoxdur — böyük adam “əsəbiyəm” deyir, uşaq qışqırır. Yəni o qışqırıq əslində bir cümlədir: “içimdə baş verənin öhdəsindən gələ bilmirəm”.

Burada valideynin verdiyi iki ekstremal cavab var və ikisi də işləmir. Birincisi — geri çəkilmək: uşaq qışqırdı, valideyn yoruldu, telefonu qaytardı. Bu an uşağın beynində bir düstur yazılır: “böhran = telefon”. Sabah böhran daha güclü olacaq, çünki işlədiyini görüb. İkincisi — aqressiyaya aqressiya ilə cavab: qışqırığa qışqırıq, bəzən şillə. Bu da uşağa duyğunu idarə etməyi yox, güclünün haqlı olduğunu öyrədir.
Bəs nə işləyir? Formula qısadır: qaydada sərt, münasibətdə yumşaq. Yəni qadağa yerində qalır, amma uşağın duyğusu rədd edilmir. Sözlə belə səslənir: “Görürəm çox əsəbisən.

Əsəbi olmağa haqqın var. Amma vaxt bitdi və telefon qayıtmayacaq. Mən buradayam, istəsən yanında oturum.” Bu cümlə uşağa iki şeyi eyni anda öyrədir: sərhəd dəyişmir və duyğu təhlükəli deyil.
Böhran anında uzun izahat verməyin — qızğın beyin məntiq eşitmir; az söz, sakit səs, fiziki yaxınlıq. Fırtına keçəndən sonra danışın, fırtınanın içində yox.
Bir vacib məqam da var: aqressiya epizodları ekran veriləndən əvvəl razılaşma ilə azalır. Uşağa telefon verməzdən əvvəl “20 dəqiqə, taymer bitəndə özün gətirirsən” deyilirsə və bu, hər dəfə eyni cür tətbiq olunursa, beyin qaydaya öyrəşir.

Aqressiyanı doğuran çox vaxt qadağanın özü yox, gözlənilməzliyidir — bu gün iki saat olar, sabah birdən heç nə. Sabitlik uşağın əsəb sistemini sakitləşdirir.
Və son olaraq: əgər aqressiya yalnız ekranla bağlı deyilsə — uşaq ümumən tez partlayırsa, özünə və ya başqalarına zərər verirsə — bu artıq ekran mövzusundan böyükdür və mütəxəssis dəstəyi ilə baxılmalıdır".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə