"Sosial media artıq həyatımızın mərkəzində elə bir yer tutur ki, onu həyatımızdan tamamilə çıxarmaq mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov bildirib.

Onun sözlərinə görə, sosial medianın istifadəsini tənzimləmək mümkündür: "Sağlamlığımızı qorumaq üçün ilk növbədə sosial medianın müsbət tərəflərindən danışmaq lazımdır.
Sosial şəbəkələr və internetin inkişafı məlumat azadlığını artırıb, informasiyaya çıxışı xeyli asanlaşdırıb. İnternetdən əvvəl hər hansı məlumatı əldə etmək üçün insanlar kitabxanalara gedir, araşdırmalar aparır və müəyyən çətinliklərlə üzləşirdilər. Bu gün isə məlumat mübadiləsi olduqca rahatdır və bu, cəmiyyətin inkişafına təkan verən amillərdən biridir.
Lakin sosial medianın mənfi tərəfləri də kifayət qədər çoxdur. Xüsusilə insanların öz həyatlarını paylaşdıqları platformalar başqaları ilə müqayisə etmə meylini artırır. İnsanlar özlərini nümayiş etdirmək və diqqət mərkəzində olmaq istəyirlər. Paylaşımların aldığı bəyənmələr və şərhlər müəyyən mənada dopamin ifrazına səbəb olur, insanda xoş hisslər yaradır, bəyənildiyini və qəbul olunduğunu düşündürür. Ancaq bu vəziyyət zamanla asılılığa çevrilə bilər. İnsanlar daha çox bəyənmə və diqqət qazanmaq üçün həyatlarını bu məqsədə uyğun istiqamətləndirməyə başlayırlar.
Sosial şəbəkələr eyni zamanda “FOMO” (fürsəti qaçırmaq qorxusu) hissinin yaranmasına səbəb olur. Burada hər kəs həyatının ən parlaq və uğurlu tərəflərini göstərir. İnsanlar xoşbəxt ailə həyatlarını, münasibətlərini, uğurlarını və qazandıqlarını paylaşırlar. Buna baxan digər şəxslərdə isə “hamı uğurludur, yalnız mən geridə qalmışam” düşüncəsi formalaşa bilər. Bu isə tələsik qərarlar verməyə, reallıqdan uzaq gözləntilər yaratmağa və yanlış seçimlər etməyə səbəb olur.
Sosial mediada təqdim olunan ideal həyat görüntüləri özünəinamın azalmasına da gətirib çıxarır. İnsanlar özlərini başqaları ilə müqayisə etdikcə daha az uğurlu, daha az cəlbedici və ya daha yetersiz hiss edə bilirlər. Xüsusilə bədən görünüşü ilə bağlı narazılıqlar artır, bu da özünəgüvənin zəifləməsinə səbəb olur. Nəticədə insanlarda narahatlıq, təşviş və depressiv hallar yarana bilər. Özünü yetersiz hiss edən insanlar cəmiyyət içində də özlərini rahat ifadə etməkdə çətinlik çəkir, daha çox geri çəkilirlər.
Digər tərəfdən, sosial mediada ünsiyyətin artdığı təəssüratı yaransa da, bu, real deyil, virtual ünsiyyətdir. Virtual ünsiyyət nə qədər çox olsa da, üzbəüz münasibətlərin yerini tam əvəz edə bilmir. Bu da zamanla tənhalıq hissini gücləndirir və depressiya riskini artırır.
Sosial medianın digər mənfi təsirlərindən biri də yuxu rejiminə təsir etməsidir. Xüsusilə gecə saatlarında telefondan istifadə etmək zərərlidir. Telefon və digər ekranlardan yayılan işıq qaranlıqda ifraz olunan melatonin hormonunun səviyyəsini azaldır. Uzun müddət davam edən bu vərdiş yuxu pozuntularına, yorğunluğa və depressiv əlamətlərin yaranmasına səbəb ola bilər.
Bundan əlavə, sosial mediada insanlar üz-üzə deyə bilmədikləri fikirləri daha rahat şəkildə ifadə edir, bəzən isə təhqir və alçaldıcı şərhlər yazırlar. Hər hansı paylaşımın altında yazılan mənfi rəylər həmin şəxsdə qəzəb, inciklik, özünəinamın azalması və insanlara qarşı mənfi münasibət yarada bilər. Bu cür şərhlər tez-tez mübahisə və qarşıdurmalara səbəb olur. Real həyatda insanlar fikirlərini daha ehtiyatla ifadə etdikləri halda, sosial mediada bu sərhədlər çox vaxt pozulur və nəticədə daha çox psixoloji və sosial problemlər ortaya çıxır".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB