Sələmə pul vermək qanunsuzdur, bəs borc müqaviləsi? - AYDINLIQ GƏTİRİLDİ

“Mövcud qanunvericiliyə əsasən, bank fəaliyyətinə dair lisenziyaların verilməsi və bu sahədə nəzarət funksiyası yalnız Mərkəzi Bankın səlahiyyətlərinə daxildir. Bu, Banklar haqqında Qanunun 6.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə uyğun olaraq, bank fəaliyyəti üçün tələb olunan lisenziya üçüncü şəxslərə verilməsi mümkün olmayan, yalnız dövlət orqanı tərəfindən tənzimlənən bir hüquqdur”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Turan Abdullazadə sözlərinə belə davam edib: “Banklar və qeyri-bank kredit təşkilatları, müştərilərlə bağladıqları müqavilələr çərçivəsində faiz dərəcələrini, xidmət haqlarını, komissiya məbləğlərini və digər ödənişləri sərbəst müəyyən etmək hüququna malikdirlər. Bu hüquq onların iqtisadi müstəqilliyinə və bazar mexanizmlərinə əsaslanır.

Lakin bank və ya lisenziyalı kredit təşkilatı statusu olmayan fiziki və ya hüquqi şəxslərin faizlə borc vermək və bu məqsədlə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Əgər bu cür şəxslərlə hər hansı bir müqavilə imzalanmışsa, həmin müqavilə əsasında yalnız əsas borcun qaytarılması qanun çərçivəsində tələb oluna bilər. Bu halda, faiz və ya əlavə cərimə tələbləri hüquqi baxımdan əsassız sayılır.

Qanunvericilikdə və məhkəmə təcrübəsində də bu yanaşma təsdiqini tapmışdır: bank lisenziyası olmayan şəxslər tərəfindən verilmiş borc pullar yalnız əsas məbləğ üzrə geri qaytarıla bilər, əlavə faiz və ya cərimə ödənişləri isə məhkəmələr tərəfindən təmin olunmur.

Nəticə etibarilə, bank və qeyri-bank kredit təşkilatları istisna olmaqla, heç bir fiziki və ya hüquqi şəxs digər vətəndaşa faiz hesablayaraq borc vermək hüququna malik deyil. Bu səbəbdən, lisenziyasız şəxslərə faiz və ya cərimə şəklində əlavə ödənişlərin edilməsi hüquqi öhdəlik sayılmır.

İstisna qeydi: Çaşqınlıq yaratmaması üçün bildirmək istərdim ki, videoda qeyd etdiklərim sadə vətəndaşlar arasında borc müqaviləsi ilə bağlı yox, yalnız “sələmçi”lərin qanunsuz əməlləri ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Yəni iki sadə vətəndaş aralarında borc müqaviləsi bağlayaraq faizlər müəyyən edə bilər. LAKİN gəlir əldə etmək məqsədilə MÜNTƏZƏM olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Yəni, siz sübuta yetirsəniz ki, sizə sələmə pul verən şəxs həqiqətən qanunsuz olaraq sələmçiliklə (faizə pul verməklə) məşğuldur siz faiz və dəbbə pulunu ödəməkdən azad oluna bilərsiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə