Meşələr qorunur və zənginləşir - Təbiət və biz

Azərbaycan təbiəti həmişə öz rəngarəngliyi, zənginliyi ilə dünya ekoloqlarının diqqətini cəlb edib. Cənub təbiətinin bənzərsizliyi barədə isə ayrıca danışmağa dəyər. Təbii ki, ekoloji tarazlığın qorunmasında meşələr müstəsna rol oynayır. Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini diqqətiı çatdıraraq demişdir: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz.

Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə hardasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyatı qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Talış daglarının özünəməxsus zəngin fauna və florası var. Bitki örtüyü və heyvanat aləmi baxımından çox zəngin olan Cənub meşələrində dünyanın heç bir yerində təsadüf olunmayan nadir ağaclar bitir. Dəmirağac, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, Hirkan ağcaqayını, Hirkan şümşadı artıq bu torpağın təbii simvoluna çevrilib. Xüsusi Mühafizə olunan təbiət əraziləri olan Hirkan və Qızılağac Milli parklarının, meşələrin əraziləri biomüxtəlifliyin mühüm göstəriciləridir.

Respublikada meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bunun 1021,88 min hektarı meşələrlə örtülüdür. Bu da ümumi ərazinin 11,8 faizini təşkil edir. Planetimizin ağ ciyərləri sayılan meşələrin mühafizəsi zamanın tələbidir. Elə buna görə Ulu öndərin rəhbərliyi dövründə meşələrin mühafizəsi və zənginləşdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər görülüb. Ümummilli liderin ekoloji siyasəti möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Təsadüfi deyil ki, bu gün müstəqil Azərbaycan Respublikasında ekologiya sahəsində görülən işlər, bir sıra ekoloji tədbirlərə, o cümlədən COP29-a Bakının ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Respublikanın zəngin təbiətini qorumaq, meşələri bərpa etmək üçün Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq yeni-yeni layihələr həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətini cəlb etməklə dövlətin müəyyən etdiyi ekoloji siyasəti ardıcıl və qətiyyətlə yerinə yetirir. Ətraf mühitin qorunmasında, təbii ehtiyatların, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirilir. Təbii ki, bu işdə Mehriban xanım Əliyevanın “Hər kəs bir ağac əksə...”, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı vətənpərvərlik təşəbbüslərinə və çağırışlarına bütün ölkə əhalisi qoşuldu. Bakıda və respublikanın rayonlarında yüz minlərlə ağac əkildi və mövcud yaşıllıqlara aqrotexniki qaydada xidmət göstərildi.

2023-cü ildə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin 100 illiyini təntənə ilə qeyd etdi. Bu münasibətlə ekoloji sahədə bir çox tədbirlər, o cümlədən iməciliklər həyata keçirildi. Qısa müddət ərzində respublika yeni yaşıllıqlara büründü. Cənub meşələri də dahi rəhbərin yubileyinə samballı töhfə verdilər. Belə ki, Lənkəranda Çexiya və Azərbaycan xalqlarının dostluq rəmzi olaraq “Dəmirağac” parkı salındı. Ulu öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə həmin parkda növbəti ağacəkmə aksiyası keçirildi və 101 dəmirağacı əkildi. İndi həmin ağaclar artıq boy atıb, böyüyüb. Aksiyada Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin işçiləri, Çexiyanın dünya şöhrətli alim-ekoloqları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, o cümlədən Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov iştirak ediblər.

Lənkəran 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivi “Dəmirağac” parkını da nəzarətsiz qoymur. Bu parkda Ulu öndərin anadan olmasının 102-ci ildönümü münasibəti ilə keçirilən aksiya zamanı mövcud yaşıllıqlara, ağaclara aqrotexniki xidmət göstərilib və yeni yaşıllıqlar salınıb. Eyni zamanda Ulu öndərin ildönümü münasibətilə Osakücə meşəbəyliyində də yeni yaşıllıqlar salınıb. Belə ki, salınmış yeni yaşıllıq meşəçilərin diqqət və qayğısının daha bir təzahürüdür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqət və qayğısı sayəsində Cənub meşələrində yeni ab-hava duyulur. Bu da Nazirliyin yeni kadr siyasəti ilə əlaqədardır. İndi Meşə təsərrüfat Mərkəzinə təşkilatçılıq bacarığına malik Habil Əliyev rəhbərlik edir. Qısa müddətdə onun səyi ilə səmimi, işgüzar bir kollektiv formalaşıb.

Keçən il mərkəzin kollektivi tərəfindən 44 hektarda meşə əkinləri keçirilib, 45 hektarda isə palıd toxumunun səpini aparılıb. Ümumi plan isə 89 hektar olub...2025-ci təsərrüfat ili üçün isə 60 hektarda əkin keçirmək nəzərdə tutulub. Bunun 13 hektarı yaz, 47 hektarı isə payız mövsümü üçün planlaşdırılıb. Artıq yazda 13 hektarda meşə əkini və palıd toxumu aparılıb. Əkində meşə cinsli tinglərdən istifadə olunub. Əkin zamanı daha çox ağcaqayın, göyrüş, dəmirağacı, vələs və palıd tinglərinə üstünlük verilib. Mərkəzin əhatə etdiyi Lənkəran, Astara, Lerik rayonlarının xidməti ərazilərində 700 hektarda təbii bərpaya kömək məqsədi ilə lazımi aqrotexniki işlər görülüb.

Qarşıdan bürkülü yay günləri gəlir. Təbii ki, yayda meşələrin qayğıları daha da artır. Əsas diqqət meşələrdə yanğın təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilir. Lənkəran 1 saylı Regional Meşə Təsərrüfat Mərkəzinin işçiləri də hazırda məhz bu qayğılarla yaşayır və işləyirlər. Bununla əlaqədar mərkəzin direktoru Habil Əliyev öz fikirlərini bizimlə bölüşərək dedi: - Mərkəzimiz 2025 - ci ilin 4 ayı ərzində baş verə biləcək yangın hadisələrinin qarşısını almaqdan ötrü 8280 metr uzunlugunda mövcud olan yollar bərpa edilmişdir.4900 metr uzunlugunda yeni mineral zolq çəkilmiş,5600 metr köhnə mineral zolaq təmir edilmiş və bununla baglı maarifləndirmə tədbirləri, praktiki təlimlər keçirilmişdir.Yangın riski olan meşə ərazilərində yanğın təhlükəsuzliyi ilə bağlı maarifləndirici,qadağanedici bə xəbərdar edici 118 ədəd löhvə,müşahidə qulləsi quraşdırılmışdır 24 sayda yanğına həssas ərazi və 8 sayda post,8 toplama məntəqəsi müəyyən edilmişdir.Eyni zamanda 200.16 kub metr həcmində müəyyən edilən tör-tökentünü ərazidən kənarlaşdırmaq istiqsmətində işlər görülür.Geyd edimki 2025 ilin 4 ayı ərzində hec bir yanğın hadisəsi baş verməmişdir. Mərkəzin xidməti ərazisində baş verə biləcək yanğın hadisəsinin qarşısını alınmaqdan ötrü operativ tədbirlər planına uyğun işlər davam etdirilir".

Meşələrdə yanğın hadisələrin qarşısın vaxtından tez almaq üçün əhali arasında maarifləndirici tədbirlərə hazırda həmişəkindən daha çox diqqət yetirilir. Təsadüfi deyil ki, 8 may 2025-ci il tarixində Lənkəran Mədəniyyət mərkəzində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti regional müşavirə keçirib.

Müşavirədə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri Kənan Kərimli, Meşələrin İnkişafı Xidmətinin rəis müavini Cabbar Qəribov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nəticələrin aradan qaldırılması işinin təşkili baş idarəsinin rəisi, polkovnik-leytenant Kənan Aşurov, Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev, Dövlət Yanğından Mühafizə Xidmətinin təşkili və peşə hazırlığı şöbəsinin rəisi, daxili xidmət polkovniki Anar Hüseynov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlama, təhlil və hesabatlılıq şöbəsinin sektor müdiri Şövqi Lələşov və başqaları çıxış etmiş və yanğın təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin vacibliyindən danışmışlar.

Təbiət qarşısında hər bir sıravi vətəndaş öz məsuliyyətini hiss etməlidir. Ana yurdun gözəlliklərini, xüsusilə meşələrimizi qorumaq və artırmaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək hamının borcu olmalıdır. Dağıtmaq, talan etmək bizim milli mentalitetimizə yaddır. İnanırıq ki, Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi fəallıqla başladığı indiki həqiqi təbiətsevərlik, tendensiyasını axıra qədər davam etdirəcək, möhtərəm Prezidentin məlum tapşırıq və tövsiyyələrdən irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək.

Bəxtiyar Hüseynov, Xudaverdi Cavadov

Bütün xəbərlər Facebook səhifəmizdə