“Sona ananın xalçası” məktəblilərin gözü ilə canlanıb

Sabunçu rayonu Rixard Zorge adına 90 saylı məktəbin şagird və müəllim heyəti İçərişəhərdə yerləşən Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın yaşadığı tarixi ünvanı - “Ədibin Evi”ni ziyarət edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Balakhani Operating Company LTD”-nin dəstəyi ilə “Məktəblilər Ədibin Evində” layihəsi hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki şagirdlərlə “azərbaycançılığın” təşviqinə həsr edilən silsilə görüşləri nəzərdə tutur.

Bu ay 117 illiyi qeyd edilən Mir Cəlalın həyat və yaradıcılığından bəhs edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva qeyd edib ki, bu divarlar arasında ədibin qələmindən çıxan ən məşhur romanı- “Bir Gəncin Manifesti” yazılıb. Əsərin ləyaqətli, əzmkar, müsbət obrazları ilə yanaşı personajlardan biri Mir Cəlalın milli kimlik rəmzi kimi təsvir etdiyi xalçadır. Ev, ailə, ocaq simvolu kimi qəbul edilən xalça romanda, heç bir halda güzəştə gedilməyən Vətəni də təmsil edir.

Çarəsiz Sona ana olum-ölüm arasında çarpışan kiçik oğlu Baharı xilas etmək üçün evdəki ən dəyərli əşyası “Yusif-Züleyxa” xalçasını bazara çıxarır. Belə dəyərli incini görcək gözləri parlayan əcnəbi xalçanı nə qiymətə olursa əldə etmək istəyir. Sona ana ona mərdanə “itə ataram, yada satmaram” cavabı verərək ehtiyacı olduğu halda yüz qızıldan imtina edir.

Qeyd olunub ki, bu sətiraltı fəlsəfə ilə Mir Cəlal bizə həm də əsrlərlə Azərbaycan mədəniyyətinin incilərindən olan qədim qiymətli xalçaların müstəmləkəçilər tərəfindən qarət edildiyini və milli sərvətimizə sahib çıxma zərurətini də xatırladır.

Görüşdə şagirdlər Azərbaycan xalçalarının əsas məktəbləri və onların naxışları ilə də tanış olublar. Hər birinin kətan üzərində işlədiyi xalça naxışında gənclər milli kimlik rənglərini seçib, yaradıcı şəkildə “Sona ananın xalçasını” canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə