Koreya Respublikasının paytaxtı Seulda keçirilən Dünya Jurnalistləri Konfransı başa çatıb. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aydan Həsənli təmsil edib.
Konfransın rəsmi açılış mərasimində Koreya Jurnalistləri Assosiasiyasının (KJA) prezidenti Park Jong-Hyun iştirakçılara Assosiasiya barədə məlumat verib. O bildirib ki, Koreya Jurnalistləri Assosiasiyası peşəkarlar arasında məzmunlu dialoq qurulmasının tərəfdarıdır. Bu il 209-dan çox qurumu özündə birləşdirən Assosiasiya 61 yaşını qeyd edəcək.
Koreya Milli Assambleyasının deputatı Vu Von Şik çıxışında qeyd edib ki, 52 ölkədən 63 jurnalistin iştirak etdiyi tədbirdə onlar bir araya gələrək qlobal çağırışlarla əlaqəli məsələləri müzakirə edə bilərlər.
Daha sonra konfrans çərçivəsində “Süni intellekt erasında jurnalistikanın gələcəyi: müəllif hüquqları və etik çağırışlar” mövzusunda panel sessiyası keçirilib. Konfransın moderatoru “Korea Herald” qəzetinin baş redaktoru Li Jon Hi çıxışında süni intellektin (Aİ) müsbət cəhətlərindən bəhs edib. Bildirib ki, Aİ vasitəsilə xəbərlər çox tez zamanda hazırlanır və daha geniş kütlələrə çatdırılır. “Lakin Aİ-dən istifadə zamanı biz müəllif hüquqlarına laqeyd yanaşa bilmərik. Alqoritm qeyri-etik fəaliyyətlərlə mübarizə apara bilməz”, - deyə Li Jon Hi qeyd edib. O bildirib ki, süni intellekt dünyada jurnalistikanı yenidən dəyişir.
“China Daily”nin jurnalisti Yin Cao bildirib ki, CHAT GPT və Deep Fake artıq bütün sahələrə daxil olub. Cao qeyd edib ki, süni intellekt Çində hətta cinayətkarların tapılmasında güclü rol oynayır. Bununla yanaşı, süni intellekt yanlış informasiyanın da yayılmasında əsas rol oynayır, bir çox hallarda informasiyanı manipulyasiya edir.
"Busan Daily News”un nümayəndəsi Hvanq Seok Ha çıxışında jurnalistləri süni intellektdən məsuliyyətlə istifadəyə çağırıb. Hətta ondan istifadəni şəffaflıqla açıqlamağı bildirib. “Aİ güclü instrumentdir. Lakin jurnalist ləyaqətini qorumaq hər şeydən üstündür”, - deyə o əlavə edib.
Polşanın “Biznes İnsayder” jurnalının nümayəndəsi Nataliya Şevçak bildirib ki, Aİ heç bir zaman insanların normal həyatda qarşılaşdığı problemləri bilməyəcək, bu məsələlərə toxuna bilməyəcək, tədbirlərə gedib insanlara çətin suallar verə bilməyəcək. Lakin tərcümə, data analizi kimi məsələlərdə jurnalistlərin işini yüngülləşdirə biləcək. Ənənəvi media yeni dünyada kompas rolunu oynayacaq.
ABŞ-ın “Investigative Reporters and Editors” (Araşdırmaçı Jurnalistlər və Redaktorlar) təşkilatının nümayəndəsi Diana Fuentes qeyd edib ki, yalnız yeni dövrə adaptasiya ola bilməyən jurnalistlərin işlərini itirmə təhlükəsi ola bilər. “Keçmiş onilliklərdə jurnalistikaya kompüterlər gələrkən də insanlar qorxu içində idi. Lakin indi hər kəs ondan rahatlıqla istifadə edir. İnsanlar yenidən qorxur, lakin Aİ yeni deyil. Termin ilk dəfə ötən əsrin 50-ci illərində alim Con Makkarti tərəfindən istifadə olunub.
Türkiyə, İrlandiya, Bəhreyn, Belçika, Qazaxıstan, İspaniya və s. ölkələrdən jurnalistlərin qatıldığı tədbir çərçivəsində Koreyanın Jeju adası, qədim Anseonq şəhəri, Suvon şəhəri və Şeunq şəhərlərinə səfərlər təşkil edilib. Jurnalistlər burada yerləşən tarixi memarlıq abidələri, kitabxana və muzeyləri ziyarət edib, hidrogen mühərriklə çalışan avtobusu testdən keçirib, Şeunq şəhərində yerləşən süni göl ilə tanışlıq fürsəti əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə