Şəxs bankdan kredit götürüb ödəyə bilmirsə NƏ ETMƏLİ? - AYDINLIQ GƏTİRİLDİ

"Şəxs bankdan kredit götürübsə, əgər onu ödəyə bilmirsə, kredit müqaviləsində nəzərdə tutulanları vaxtında yerinə yetirmirsə və yaxud yerinə yetirə bilmirsə, o zaman bankın hüququ yaranır ki, pul tələbi ilə bağlı şəxsi məhkəməyə versin". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.

O bildirib ki, məhkəmə nəticəsində qətnamə qəbul olunur ki, pul şəxsdən tutulub banka ödənilsin: "Həmin qətnamə qüvvəsini aldıqdan sonra icraya gedir. İcra zamanı artıq şəxs o pulu banka ödəməlidir. Əgər ödəyə bilməzsə, onun barəsində məhkəmə qərarını icra etməməsi ilə bağlı inzibati protokol tərtib olunur, inzibati məsuliyyətə cəlb edilir. Bundan sonra da ödəməzsə, artıq onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyəti məsələsinə baxılır.

Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

Əmək haqqından tutulma barədə ya yazılı razılıq, ya da məhkəmə qərarı olmalıdır. Hətta bəzi hallarda kredit müqaviləsində belə bir hal nəzərdə tutulur ki, borclu borcu ödəmədikdə, bank xəbərdarlıq etmədən borcu onun əmək haqqına yönəldə bilər. Hətta kredit müqaviləsində belə bir müddəanın olması da banka hüquq vermir ki, borclunun borcunu onun əmək haqqından tutsun.

Əmək Məcəlləsinin 175-ci maddəsinin 6-cı bəndinə əsasən, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə