Hansı hallarda mənəvi zərərin ödənilməsi barədə məhkəmə qərarı çıxarıla bilər?

“Azərbaycanda məhkəmələr tərəfindən əsasən maddi zərər təyin edilir. Amma mənəvi zərərə görə ölkəmizdəki məhkəmələr kompensasiya təyin etmir. Bunu da məhkəmlər onunla izah edirlər ki, mənəvi zərərin sübutu yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda mənəvi zərərə görə kompensasiyanı məhkəmələr çox nadir hallarda təyin edirlər: “Açığı uzun illik təcrübəmdə hansısa məhkəmənin mənəvi ziyan üçün qərardad çıxardığına rast gəlməmişəm”.

Əsabəli Mustafayev onu da qeyd etdi ki, beynəlxalq aləmdə ümumi yanaşma belədir ki, hər hansı bir şəxsin hüququnun pozulması məhkəmə tərəfindən tanınırsa bu zaman həmin şəxsə dəyən maddi və mənəvi zərər qarşı tərəfdən tələb edilir: Bu, istər mülki, istərsə də cinayət işində olsun, fərq etmir. Bu qəbul edilmiş ümüumi normadır. Ümumiyyətlə, Avropa məhkəməsində mahiyyətindən asılı olmayaraq bütün hallarda maddi zərərlə yanaşı, mənəvi zərər də təyin edilir. Hətta bəzi hallarda maddi zərər tanınmır. Bu da ona görədir ki, maddi zərərin sübutu üçün iddiaçı sübutlar təqdim edə bilmir.

Bununla belə mənəvi zərər tanınır. Və mənəvi zərərin sübutu üçün məhkəmə iddiaçıdan heç bir dəlil-sübut tələb etmir. Avropa məhkəmələrində hesab olunur ki, hüququn pozulması istənilən halda mənəvi zərər yaradır. Yəni, insan ən azından psixoloji sarsıntı keçirib, qiymətli vaxtını mənasız yerə xərcləyib və sair”.

Bütün xəbərlər Facebook səhifəmizdə