Heyvanları ictimai nəqliyyata mindirmək olarmı? - AYDINLIQ GƏTİRİLDİ

““Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”-ın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 3.1.3-cü maddəsinə əsasən heyvan sahibinin ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq hüququ var”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: ““Lakin insanların sağlamlığının qorunması məqsədi ilə itlər ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmalıdır. Həmin Qərarın 4.4.4-cü maddəsinə əsasən baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması qadağandır.

Qadağan olunan məsələlər olmadığı təqdirdə heyvan sahibi heyvanı ictimai nəqliyyatda apara bilər. Göstərilən qadağanın heyvan sahibi tərəfindən pozulması da qanunla məsuliyyətə səbəb olur.

İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsinə əsasən ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən göstərilən maddə ilə bağlı inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə üç yüz manat məbləğində cərimə, 290.3-cü maddəsinə əsasən isə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə isə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub. Ancaq“Ev heyvanlarının ictimai nəqliyyatda daşınması ilə bağlı Nazirlər Kabinetinin 141 saylı qərarı var. Qərarda göstərilir ki, ev heyvanları xüsusi qəfəslərdə nəqliyyat vasitəsində daşına bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə