"Məzuniyyət hüququ məhdudlaşdırıla bilməz" - HÜQUQŞÜNAS MÜNASİBƏT BİLDİRDİ
"İşçilərin və müəssisələrin qarşılıqlı vəzifə və öhdəlikləri, əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.
O bildirib ki, işçilərin təməl hüquqlarından olan tam və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüquqlarına da Əmək Məcəlləsi ilə təminat verilir: "Əmək Məcəlləsinin 16-cı fəsli Məzuniyyət hüququ və onun təmin edilməsi barədədir. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçilərin hər il bu məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə sosial, ödənişsiz, təhsil məzuniyyətindən istifadə etmək hüququ var. Məzuniyyət hüququ məhdudlaşdırıla bilməz.
Məzuniyyətin əmək, yaradıcılıq, təhsil, eləcə də sosial, ödənişsiz olmaqla bir sıra növləri var. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.
Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti qanunda nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.
İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Bir şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmamalıdır. Məzuniyyətin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin istəyi ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.
İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyənləşdirilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyənləşdirilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdir. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Qismən ödənişli sosial məzuniyyət müddəti əmək stajına daxil edilmir. Əmək Məcəlləsinin 117.1-ci maddəsinə əsasən bütün əsas və əlavə əmək məzuniyyətinin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, həmin yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
İşçilərin beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Eləcə də zərərli və ağır işlərdə çalışan, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərin əlavə məzuniyyət hüququ var. İş şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır".
"İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məzuniyyət işçinin işlədiyi günlərə görə formalaşdığı üçün hansı müddət işləməsindən asılı olmayaraq qazanılmış məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir. İşçiyə işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya hesablanarkən həm əsas, həm də əlavə məzuniyyətlərə görə kompensasiya hesablanır. Yəni məzuniyyət günlərinin əməkhaqqını müəyyən etmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının ümumi məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququna gəlincə isə, bu hüquq əmək müqaviləsinin bağlandığı andan azı altı ay işlədikdən sonra yaranır.
Vətəndaşlar bilməlidirlər ki, işçinin məzuniyyət hüququ varsa, onu istədiyi vaxt götürüb istirahətə gedə bilər. İşçinin məzuniyyətə çıxma vaxtını işəgötürən müəyyənləşdirə bilməz.
Əmək Məcəlləsinə əsasən, işçiyə müvafiq əməkhaqqı ödənişi məzuniyyətin başlanmasına üç gün qalmış həyata keçirilməlidir. Əgər vəsait ödənilməyibsə, işçi məzuniyyətin başlanma vaxtını ona əməkhaqqının faktiki verildiyi gündən hesablanmasını tələb edə bilər. İşçi məzuniyyətdə olduğu müddətdə işəgötürən əmək müqaviləsini ləğv edə bilməz.
Xatırlatmaq istəyirəm ki, bütün bunlar yalnız rəsmi surətdə əmək müqaviləsi bağlamış işçilərə aiddir. Bəzi vergidən yayınan işəgötürənlər şəxsin sənədini alıb guya əmək müqaviləsi bağladıqlarını bildirirlər, lakin xeyli keçəndən sonra bunun yalan olduğu üzə çıxır. Ona görə də hər bir işləyən şəxs e-sosial portalı üzərindən öz əmək müqaviləsi məlumatlarını yoxlamalıdır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə