Qubada “And yerimiz – şəhidlər” kitabının təqdimatı olub

Qubada “And yerimiz - şəhidlər” adlı kitabın təqdimatı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və Qarabağ torpaqlarının azadlığı uğrunda şəhid olanların əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev layihə barədə məlumat verib. O qeyd edib ki, layihənin məqsədi şəhidlərin xatirəsini əbədiləşdirən kitab nəşr etdirməklə yanaşı, şəhid ailələri və qazilərə, əlilliyi olan və digər imtiyazlı şəxslərə qayğı göstərmək və onların problemlərinin həllinə ictimai dəstək göstərməkdən ibarətdir.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, Əməkdar jurnalist Zərnişan Turan, ikinci qrup əlil Tahir Quliyev, Quba Bələdiyyəsinin sədri Humayə Məmmədova çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda Milli Ordunun əsgər və zabitlərinin sücaətindən bəhs ediblər.

Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun anası Nərgiz Allahyarova, şəhid Səttər Piriyevin anası Ofeliya Piriyeva, şəhid Tamerlan Əliyevin anası Zümrüd Xaliqova öz çıxışlarında Vətən torpağının müdafiəçilərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsi üçün nəşr olunan kitabların, çəkilən filmlərin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsindəki rolundan danışıblar.

Qeyd edək ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində dərc edilən “And yerimiz – şəhidlər” kitabının ikinci hissəsi Quba, Qusar və Xaçmaz rayonlarından Vətən müharibəsi zamanı şəhid olmuş döyüşçülərə həsr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə