Yeniyetmələrin itkin düşməsinin səbəbi nədir? - EKSPERT DANIŞDI

"Zəmanəmiz yeni yaşam tərzi ilə bərabər bir çox problemləri də insanların qarşısına qoyub. Onlardan biri də valideynlərlə övladlar, ümumilikdə nəsillər arasında olan fərqlər, anlaşılmazlıqlardır. Bu problem nəticəsində nə qədər təəccüb doğursa da, yeniyetmələrin son zamanlar itkin düşməsi adı altında aylarla Bakının bir çox qaranlıq yerlərində yaşaması və özündən yaşca çox böyük kişilərə ərə getməsi halları baş verir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bu bir tərəfdən həyatla əlaqədar olsa da, digər tərəfdən sosial şəbəkələrlə də əlaqəlidir: "Əslində, sosial şəbəkələr bütün dünyada alternativ təhsil, iş yeri, həyatın virtual variantı kimi qəbul edilir. Amma bizdə bir çox qaranlıq işləri həyata keçirmək üçün vasitəçi kimi istifadə olunur. Yeniyetmələr sosial şəbəkələrdə özlərinə dost, həmdəm axtarmağa çalışır. İstər oğlanlar, istərsə də qızlar yerli və xarici fırıldaqçıların təsiri altına düşməyə başlayırlar. Azərbaycanda bunun özünəməxsusluğu var. Belə ki qızlarımız ərə getməklə bağlı arzularını sosial şəbəkələr vasitəsilə reallaşdırmaq istəyir".

Ekspert sözlərinə davam edərək bildirib ki, bir çox ictimai qınağa tuş gəlmiş hadisələrdə əsas qəhrəmanlar yeniyetmə qızlardır: "Bu yeniyetmə qızlar xüsusilə Bakıda olan yaşlı kişilərə ərə getməyə və onların təsiri ilə bir çox mənfi hadisələrə cəlb olunurlar. Bundan əlavə, oğlan uşaqlarının dilənçiliyə cəlb edilməsi, narkotik maddələrin satışı ilə əlaqədar yaradılmış qeyri-qanuni şəbəkələrə üzv edilməsi kimi mənfi hallarda da sosial şəbəkələrin rolu böyükdür. Sosial şəbəkələr bizim həyatımızın güzgüsüdür. Həyatımızda olan bir çox çatışmayan cəhətlərə görə sosial şəbəkələri bağlamalı deyilik. Əksinə çalışmalıyıq ki, müsbət yöndə onlardan yararlanaq. Necə ki müharibə zamanı bunu etdik, normal şəraitdə də edə bilməliyik. Mənfi hallara qarşı ictimai tənqid mexanizmləri hazırlanmalı, cinayət və inzibati məcəllələrdə dəyişikliklər edilməli, neomaarifçilik vasitəsilə gənclərimizi qoruya bilək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə