Pasxa xristianlığın ən qədim və ən mühüm mədəniyyət günlərindən biridir. Aprel ayına az qalmış, bu il Pasxa bayramının nə vaxt qeyd olunacağı sual altına alınmağa başladı.

Qeyd edək ki, həmyerlilərimiz içində də bu bayramı qeyd edənlərin sayı az deyil. Bəs, bu nə dərəcədə düzgündür?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Pasxa bu, İsanın özünü bəşəriyyətin günahı üçün qurban verərək çarmıxda öldürüldüyü və sonra dirildiyi inancının xatırlanmasını təmsil edir. İsanın dirilməsi çarmıxa çəkildikdən sonra 3-cü gündə qeyd olunur. Şərq və Qərb kilsələri arasında fərqlər olsa da, Pasxa dövrü təxminən martın sonundan aprelin sonuna qədərdir. 2023-cü ildə Pasxa 9 aprel tarixinə təsadüf edib.

Pasxa ənənələri hansılardır?

Pasxa bütün xristianlar tərəfindən qeyd olunur. Kilsələrdə, adətən, keçirilən ayinlərdən başqa, qeyd olunduğu ölkəyə görə müxtəlif adət-ənənələr mövcuddur. Bunlardan ən çox yayılmışı Pasxa dovşanı və adətən, şokoladdan hazırlanan Pasxa yumurtalarının bir-birinə hədiyyə edilməsidir.

Pasxa günü üçün evdə xüsusi çörəklər (Pasxa çörəkləri) hazırlanır, qaynadılmış yumurtalar boyanır, şamlar yandırılır və dualar oxunur.

Katolik kilsələrində yeni atəş Pasxa gecəsində təqdis olunur, Pasxa şamı yandırılır. Müqəddəs Kitabdan parçalar oxunur və vəftiz mərasimləri keçirilir. Xristianlığın başlanğıcında vəftiz mərasimləri ildə yalnız bir dəfə, Pasxa günü keçirilirdi.

Yunan və Rus Pravoslav Kilsələrində gecə ibadətindən əvvəl kilsədən kənarda yürüş keçirilir. Kortej kilsəni tərk edərkən heç bir işıq yandırılmır; geri dönərkən İsanın dirilməsini simvolizə etmək üçün yüzlərlə şam yandırılır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə: “Pasxanın xristian dinində İsanın çarmıxa çəkiləndən sonra dirilməsinin qeyd edilməsi günü olduğu çoxumuza bəllidir. Tarixən bir çox bayramlar, əlaqədar olduğu hadisənin əksəriyyət tərəfindən unudulmasına baxmayaraq, böyük kütlələr tərəfindən qeyd olunur. Hətta bəzən qeyd edənlərin əksəriyyəti bunun kökündə nələrin durduğunu bilmir.

Pasxa müəyyən müddət ərzində yüngül qidalanmanı və bu dövr bitdikdən sonra müxtəlif ayinlərin həyata keçməsi və şirniyyatların bişirilıməsi, yumurta boyanması və s. ilə qeyd olunur.

Bizim Rusiyada yaşayan həmyerlilərimizin bu bayramı qeyd etməsi, düşünürəm ki, dini ayinlərin həyata keçməsi ilə deyil, bayramın daha çox ikinci hissəsi, yəni müxtəlif şirniyyat növlərinin bişirilərək yeyilməsi, daha dəqiq desək, eyni mühitdə yaşadıqları insanlara qoşularaq onların bayramlarının onlarla birlikdə qeyd edilməsi ilə bağlıdır. Yeni təamların dadına baxmaq, onların bişirilməsini öyrənmək, qonşularla bayramlaşmaq və s. Bütün bunlar, əslində, sevinmək üçün bir səbəb, bir bəhanədir.

Qeyd etmək istərdim ki, biz ölkəmizdə də bu bayramı simvolizə edən şirniyyatların mağazalarda satışının və insanlarımızın da bunları məmnuniyyətlə alımasının şahidi oluruq. Bəziləri hətta evdə özləri bişirirlər. Nəticə etibarilə bu prosesi mən insanların, dini inancından və əqidəsindən asılı olmayaraq, sevinmək üçün bir bəhanəsi kimi qəbul edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə