...Bu gün, avqustun 28-də Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), ölkənin qadın sakinlərinin töhfə və nailiyyətlərinə həsr olunmuş illik bayram olan Əmirliyi Qadınlar Gününü qeyd edir.
SİA-nın məlumatına görə, bu barədə “Rusiya Əmirliyi” nəşri məlumat yayıb.
Bu il bayram onların hüquq və imkanlarının genişləndirilməsi ilə məşğul olan Qadınların Ümumi Şurasının 50 illik yubileyinə təsadüf edir.
Şuranın yaradıcısı və BƏƏ-də qadın hərəkatının lideri “Millət Anası” kimi tanınan şahzadə Fatimə bint Mübarəkdir.
Son 50 ildə Birləşmiş Ərəb Əmirliklərində qadınların mövqeyi xeyli yaxşılaşıb.
Onlar ölkənin inkişafına mühüm töhfə vermək, cəmiyyətdə əsas vəzifələr tutmaq qabiliyyətini sübut ediblər.
Birləşmiş Ərəb Əmirlikləri hazırda BMT İnkişaf Proqramının Gender Bərabərliyi İndeksində dünyada 13-cü, Yaxın Şərqdə isə birinci yerdədir.
Ölkədə dövlət və özəl sektorda kişilər və qadınlar üçün bərabər əməkhaqqı haqqında qanunlar, həmçinin 2023-2031-ci illər üçün Qadınların səlahiyyətlərinin artırılması üzrə Milli Strategiya qəbul edilib.
Qadınlar Federal Milli Şurada yerlərin yarısını, nazir postlarının 26 faizini tutur və təhsil, ekologiya, cəmiyyətin inkişafı və ailə sahələrinə rəhbərlik edirlər.
Onlar ölkənin mülki işçi qüvvəsinin 71 faizini təşkil edir, federal hökumət orqanlarında rəhbər vəzifələrin 63 faizni tutur və ölkəni diplomatik arenada təmsil edirlər.
BƏƏ-də 25,000-dən çox qadın bizneslə məşğul olur, 50,000-dən çox kommersiya müəssisəsinə malikdir və 60 milyard AED-dən çox investisiyalar təşkil edir.
Təhsil sahəsində qadınlar mühəndislik, texnologiya, elm və riyaziyyat üzrə məzunların demək olar ki, yarısını, eləcə də kosmik sənayedə milli işçi qüvvəsinin yarısını təşkil edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə