Nəfəs alma! Öldürür! - TƏHLÜKƏ

Hər il 7 milyon adam öldürən çirkli hava kimin əsəridir?

TSKB İqtisadi Araşdırmalar Mərkəzinin hazırladığı “Həyat dərindən bir nəfəsdir” başlıqlı hesabatda dünya üzrə 300 milyon uşağın maksimum səviyyədən 6 dəfə çox hava çirkliliyinə məruz qaldığını deyir. ÜST-ün açıqlamasına görə isə hər il dünyada 7 milyondan çox insan çirklənmiş hava səbəbindən erkən ölür. Bildirilir ki, qapalı və açıq məkanlarda yaranan çirkli hava insanlarda müxtəlif xəstəliklərə səbəb olaraq ömrünü qısaldır. Havadakı qaz, his, ozon və metan nisbətindəki dəyişikliklər sadəcə iqlim dəyişikliyinə səbəb olmur, eyni zamanda hər il milyonların ölümünə rəvac verir.

Planeti kim, niyə çirkləndirir?

Sağlam həyat üçün içməli su, ətraf mühit, dəniz, torpaq, hava təmiz olmalıdır. Lakin təəssüf ki, havanın çirklənməsi bütün dünyada böyük problemə çevrilib. Açıq mühitdəki çirkli hava hər il 3.7 milyon, evlərdə və ya ofislərdəki çirkli hava isə hər il 4.3 milyon insanı erkən öldürür. Araşdırmalara görə dünyada ekologiyanın çirklənməsinə 42 faiz insanlar, 30 faiz sənaye tullantıları, 14 faiz nəqliyyat vasitələri və 14 faiz isə digər səbəblər yol açır. ÜST hesab edir ki, ekologiyanın çirklənməsinin qarşısı alındığı təqdirdə 2050-ci ilə qədər hər il 3-5 milyon insanın erkən ölümünün qarşısı alına bilər.

Dünya miqyasında mövcud problemlərdən ən böyüyü ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu ölkəmiz üçün də olduqca aktual və həlli vacib problemlərdəndir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neft-kimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır. 1 ay öncə plastik torbaların satışının pullu olması qərarının verilməsi də ölkəmizdə ekoloji vəziyyətin gündən-günə pisləşməsi səbəbindən həyata keçirilir.

Azərbaycanın havası necədi?

Hazırda Azərbaycanda əsas ekoloji problemlər su ehtiyatlarının çirkləndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, tullantıların tələb olunan səviyyədə idarə olunmaması, biomüxtəlifliyin qorunmaması, meşələrin, flora və faunanın qorunmamasıdır.

Təxmini hesablamalara görə, Azərbaycanda hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərli maddələr atılır. Bu tullantıların təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür. Atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır.

Təbii səbəblərdən çox süni səbəblər təsir edir

Havanın çirklənməsinə yad maddələr və ya təbii faktorlar səbəb ola bilər. Havanın çirklənməsinin təbii səbəbləri arasında vulkan püskürmələri, meşə yanğınları, qum fırtınaları daha çox rastlanan vəziyyətlərdir. Vulkanların püskürməsi nəticəsində qaz buludları yaranır və bu buludlar atmosferə kükürd qazı buraxır. Meşə yanğınları da zərərli qazların yayılmasına səbəb olan mühüm amildir. Üstəlik, yanğın havanın çirklənməsinə səbəb olmaqla yanaşı, meşədəki canlıların və canlı təbəqələrin məhvinə də səbəb olur ki bu da dünyanın fəlakəti deməkdir. Qalın qum təbəqələri külək və tufan kimi təbii proseslər nəticəsində havanı çirkləndirə bilər. Lakin bu vəziyyət zəhərli digər səbəblər kimi qazların buraxılmasına səbəb olmur və daimi təhlükə yaratmır.

Havanın çirklənməsinə səbəb olan süni amillər də var. Təbii amilləri üstələyən süni amillərə fabriklərin və insanların yaratdığı problemlər daxildir. İstilik və ya sənaye məqsədi üçün yandırılan daş kömür, filtri olmayan fabrik və zavodlar, nəqliyyatın yaratdığı problemlər, atom elektrik stansiyalarının yaydığı radiasiya nəticəsində yaranan çirklilik, təmizlik məqsədi ilə istifadə etdiyimiz yuyucu tozlar, şampunlar kimi kimyəvi tullantıların səbəb olduğu çirklənmə təbiətə təbii çirklənmədən daha çox zərər verir.

Əgər bu sürətlə davam edərsə…

Çirkli ekologiya ürək xəstəlikləri və infarkt hallarına səbəb olur. Dünyada hər 8 ölümdən biri hava çirkliliyi səbəbindən yaranmış xəstəliklərdən olur. Astma və allergiya kimi tənəffüs xəstəlikləri çirkli havanın yaratdığı ən birinci xəstəliklərdir. Zamanla xərçəngə qədər gedib çıxan xəstəliklərin sırasına hər il yeniləri qoşulur.

Doğrudur, ötən ilin sonu Avropa Ətraf Mühit Agentliyi (EEA) Avropada havanın çirklənməsi səbəbindən baş verən ölümlərin 10 faiz azaldığını, lakin buna baxmayaraq yüz minlərlə insanın çirkli hava səbəbindən həyatını itirdiyini açıqlamışdı. Amma agentlik hesab edir ki, 2030-cu ilə qədər havadakı zərərli maddələri zərərsizləşdirmənin bir yolu tapılmalı, çirkli havadan ölüm nisbəti 55 faiz azaldılmalıdır. Bildirilir ki havanın çirklənməsi cari templə azalmağa davam etməsə və əlavə tədbirlər görülməsə vəziyyət olduqca təhlükəli hal alacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə