"50 milyon Azərbaycan türkü öz taleyini özü həll etməyi qarşısına məqsəd qoydu" - ŞƏRH EDİLDİ

"Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası bilirsiniz ki, 1989-cu ilin 31 dekabrında qoyulub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O, bildirib ki, o zaman Azərbaycan xalqı özünün bölünmüşlüyünə və xalqımız arasında Azar çayı üzərindən çəkilmiş dəmir pərdəyə, tıkanlı məftillərə etiraz olaraq o zaman sərhəd dirəklərini dağıtmaqla bu günün əsasını qoydu: "Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.

1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.

Bu günün əhəmiyyəti ondan ibarətdir ki, dünyada yaşayan 50 milyon Azərbaycan türkü öz taleyini özü həll etməyi qarşısına məqsəd qoydu. Azərbaycan Respublikası bu hadisədən iki il sonra öz müstəqilliyini elan etdi, azad oldu. Bütün dünyadakı azərbaycanlıların müqəddəs məkanına çevrildi. Ondan sonrakı dövrdə də biz artıq dünyada müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikası ilə əlaqələrinin genişləndiyini görməkdəyik. Bu, bizim xalqımızın həyatında olduqca əhəmiyyətli bir hadisədir. Belə ki, milli həmrəylik gələcəkdə milli birliyə inşallah ki, çevriləcək. Xalqımız layiq olduğu şəkildə gələcəkdə öz həyatını və dövlətini quracaq, deyə düşünürəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə