Yeni il BAZARLIĞI – Süfrənizi neçəyə qura biləcəksiniz? - ARAŞDIRMA

Məlumdur ki, artıq yeni ilə sayılı günlər qalıb və bir çox insanlar yavaş-yavaş bayram bazarlığına start verib. Bilirik ki, bu gün bir çox ailələr 31 dekabr günü növbənöv yeməklər bişirmək üçün dəridən- qabıqdan çıxır. Məlum məsələdir ki, insanlar arasında süfrə bolluğu barədə bir rəqabət də var. Bəs, bir gün üçün bu qədər israfçılıq etmək, borca-xərcə düşmək nə dərəcədə doğrudur? Ümumiyyətlə, bir ailəyə yeni il bazarlığı ortalama neçəyə başa gəlir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Düşünürük ki, bu, hər ailənin təyin etdiyi menyuya görə fərqli qiymətlərdə ola bilər.

Standart bayram süfrəsinə aid olan təamları hesablasaq,

Paytaxt salatı hazırlamaq üçün:

Yarım kq file - 4 manat
Konservləşdirilmiş yaşıl noxud - 3 manat
Mayonez- 4-5 manat
Turşi xiyar - 3 manat

Hələ bütün inqrediyentləri saymadan cəmi bir salat bizə 20-25 manata başa gəlir.

Plov hazırlamaq üçün:

Düyü - 5 manat
Şabalıq yarım kilosu 7-8 manat
Toyuq- 7 manat
Ətli olarsa, dana əti 15 -16 manat

Ərik, kişmiş, turşu filan da hesablasaq 40-50 manat da plov hazırlamağa lazımdır.

Kabab:

Dana basdırma 1 kq -15 manat
Quzu kabab 1 kq -20 manat
Tərəvəz kababı da etsək, 15 manat.

Ümumilikdə 2 kq kabab 50-60 manata başa gəlir.

Yarpaq dolması:

1 kiloya yaxın quzu əti- 20-21 manat

Yarpaq- bankası 3-4 manat

30 manata yaxın da dolmaya xərcimiz çıxdı.

Meyvə-tərəvəz:

Xiyar- yarım kq 2 manat

Alma 1-2 manat

Portağal- 1 kq 2 manat

Ananas 5-6 manat

Heyva 2 manat

Mandalin yarım kq -1 manat

Xurma- 1.50-2 manat

Kartof- 1 manat

Soğan 0.80 qəpik

Pomidor 3-4 manat

Badımcan 2 manat

30 manat da meyvə-tərəvəzə sərf etdik.

Bu qənaətə gəlinir ki, minimum süfrə üçün ən azından bizə 400-500 AZN lazımdır.

İqtisadçı ekspert Akif Nəsirli: "Bazarlarda ümumiyyətlə bayram ərəfəsində Azərbaycanda bahalaşmanın getməsi artıq ənənəyə çevrilib. Amma əsas məsələ ənənə deyil. Əsas məsələ ölkə iqtisadiyyatının çox ciddi şəkildə inhisarlaşmasıdır. Yəni, inhisarlaşma deyəndə kiçik sahibkarlardan söhbət getmir. Söhbət iri bazar oyunçularından gedir. Həmin o bazar oyunçularının əsas hissəsi inhisarçıdlr. İnhisarçı o deməkdir ki, sahibkarın rəqibi yoxdur. Sahibkarın rəqibi olmayanda onun üçün qiyməti qaldırmaq iki vur ikidir. Qiyməti qaldıranda bunun heç bir məğlubiyyəti yoxdur, həmişə qələbəsi var. Ona görə də Azərbaycanda hansısa bir səbəbdən, bayram ya digər səbəblərdən hansı məhsulların dövriyyəsi artırsa, yəni satışı çoxalırsa onların qiymətləri bahalaşır.

İnhisarçı bazarla rəqabətli bazarın fərqi elə burasındadır ki, rəqabətli bazarda sahibkar üçün ən çətin iş qiyməti bahalaşdırmaqdır. Hətta bəzi hallarda bir neçə ay sahibkar ziyana işləyir ki, hansı formada mən bu maya dəyərinin artımını kompensasiya edim. Çünki onun qarşısında rəqib var. O həmişə səksəkədədir ki, rəqib onu üstələyə bilər, rəqib onu bazardan çıxarda bilər, üstəgəl əgər onun işləri yaxşı gedirsə bu da həmin o rəqibinin qarşısında üstünlük nümayiş etdirmək istəyir.

Ona görə də rəqabətli bazarda sahibkar daha çox satış əldə edirsə, daha çox dövriyyəyə nail olursa o dərhal əldə etdiyi qazancın bir hissəsini müştəriyə güzəştə gedir ki, o özünün rəqibi qarşısında üstünlüyünü nümayiş etdirsin. Belə olan halda o rəqibinə hansı təsir göstərəcək o başqa məsələdir. Amma ara yerdə müştəri qazanır, qiymətlər aşağı düşür. Ona görə də Azərbaycanın iqtisadiyyatının əsas problemi rəqabət mühitinin olmamasıdır, ölkə iqtisadiyyatının böyük hissəsinin inhisar altında olmasıdır.

Hal-hazırda Yeni il bazarlığı ailənin imkanlarına, ailənin bu bayramı hansı səviyyədə keçirməsindən asılıdır. İndi Azərbaycanda ailə var ki, tutaq ki Yeni ili Londonda qarşılayacaq. Amma ailə də var ki, imkanı çatdığı təamlardan alıb elə öz mənzilində, uzaqbaşı Yeni ili Bulvarda qarşılayacaq. Yəni bunların fərqi var. Azərbaycanda bu iki qisim insanlar var mövcuddur. Ona görə də biz ortalama götürsək bir ailə üçün Yeni ili qarşılamaq, yola salmaq bu ən azı min manata başa gələcək. Çünki ailəyə yəqin ki qonaq gələcək, yəqin ki ailə qonaq gedəcək, özləri süfrə açacaqlar. Yəni bütün bunları hesablayanda ən azı mənzili olan ailəyə indi ola bilsin ki, hansısa ailə Bakı şəhərində kirayədə yaşayır rayondan gəlib. O ola bilsin heç ümumiyyətlə Yeni ili bayram kimi keçirməsin. Amma Yeni ili bayram kimi keçirən o mənzili olan əhali ki var o əhali qrupu üçün ən azı min manat lazımdır. Hələ bu min manat da tam təmtəraqlı bir süfrə açmağa bəlkə də az olacaqdır”.

Bu qədər yemək niyə israf edilir?

Qlobal miqyas alan qida tullantıları probleminin əsas səbəblərindən biri insanların mənimsədiyi istehlak vərdişləridir. Qida tullantılarının mənfi təsirlərini azaltmağın yollarını öyrənmək və həyata keçirmək planetin gələcəyi üçün son dərəcə vacibdir. Gəlin indi qida tullantılarının nədir, nə üçün baş verir və bunun qarşısını necə almaq olar suallarının cavablarına baxaq.

Qida tullantıları nədir?

Fərdlərin həyati fəaliyyətini həyata keçirmək üçün istehlak etməli olduqları qida maddələri qidanı təşkil edir. Qida tullantıları istehsal olunan qidaların həddindən artıq istifadəsi və istehlak edilmədən tullantılara getməsi kimi müəyyən edilə bilər. Ərzaq tullantıları tarlalardan tutmuş tədarük zəncirlərinə, satış nöqtələrindən evlərə qədər demək olar ki, hər bir vəziyyətdə istehsal olunan qidalar israf edildikdə, məhv olduqda və ya istehlak edilməz hala gəldikdə baş verir. Hər il dünyada insan istehlakı üçün istehsal olunan qida məhsullarının təxminən üçdə biri, yəni təxminən 1,3 milyard ton qida israf edilir. Xüsusilə meyvələr, tərəvəzlər və taxıllar ən çox israf edilən qida növləridir. Qida tullantıları həm də su, torpaq, enerji, əmək və kapital kimi resursların israfı deməkdir. Bu baxımdan iqlim böhranının səbəblərindən biridir.

Qida tullantıları niyə baş verir?

Qeyri-adekvat iqtisadi infrastruktur, yanlış kənd təsərrüfatı və ərzaq siyasəti, qeyri-adekvat texnoloji avadanlıq kimi bir çox amil ərzaq tullantılarında müəyyənedici rol oynayır. Məqsəd istehsal məntəqələrindən toplanan qida məhsullarını uyğun şərtlərlə və ən qısa zamanda istehlakçıya çatdırmaqdır. Məhsul yığım texnikasından tutmuş saxlama və soyutma üsullarına, daşınmadan ərzaq məhsullarının əhaliyə proporsional paylanmasına qədər tədarük zəncirinin hər mərhələsində itkilər baş verir.

Qida tullantılarının demək olar ki, yarısı fərdi fəaliyyətlərdən qaynaqlanır. Təsərrüfatdan süfrəyə getdiyi müddətdə miqdarı getdikcə azalan qida, insanların alış və istehlak vərdişləri səbəbindən tullantıların son mərhələsinə çatır. Qida tullantılarını ən çox müəyyən edən faktor insanların qida ehtiyaclarını səhv hesablamalarıdır. Qida tullantılarının əsas mənbəyi fərdlərin öz ehtiyaclarına uyğun ərzaq alış-veriş etməmələri, artıq və istifadə olunmayan qidaların xaraba getməsi və ya çürüməyə buraxılmasıdır.

Qida israfının qarşısını necə ala bilərik?

Qida tullantılarının dünya miqyasında sürətlə artması ilə bu problemin qarşısının alınması məsələsi əhəmiyyət kəsb edir. Qida tullantılarının azaldılmasında tədarük zəncirinin hər mərhələsində daha peşəkar tədbirlərin işlənib hazırlanması vacibdir. Bundan əlavə, fərdlər də həll yollarının tapılmasında mühüm rol oynayırlar. Qida israfının qarşısını almaq üçün aşağıdakıları edə bilərsiniz:

● Ehtiyaclarınızı müəyyənləşdirin: Həftəlik ərzaq alışlarınızı yaxından izləyin. Evinizdə qida tullantıları varsa, nəyin və niyə tullantılara getdiyini müşahidə edərək real ehtiyaclarınızı müəyyənləşdirin.

● Ağıllı alış-veriş edin: Ərzaq alış-verişinə siyahı ilə getdiyinizə əmin olun, ehtiyacınız olandan artıq almayın və ərzaq alarkən son istifadə tarixlərini yoxlamağı unutmayın.

● Ərzaqları düzgün saxlayın: Hansı yeməyi və necə saxlamağınız lazım olduğunu öyrənin. Lazım olduqda dərin dondurucudan istifadə edin.

● Qalıqlardan istifadə edin: Qalıqları soyuducuda saxlayın və mümkün qədər tez istehlak edin. Bayat çörəyi və ya təravətini itirmiş meyvələri atmaq əvəzinə, onlara yaradıcı reseptlərlə daha bir şans verməyə çalışın.

● Kompost hazırlayın: Əgər uyğun yeriniz varsa, yemək bişirərkən istifadə etdiyiniz inqrediyentlərin qalıqlarını, məsələn, tərəvəz və meyvə qabıqlarını kompost hazırlamaq üçün istifadə edə bilərsiniz.

● Sıfır tullantı yanaşmasını araşdırın: Hər növ tullantıların qarşısını almaq üçün sıfır tullantı yanaşmasını mənimsəyin və gündəlik həyatınızda bu şüurla hərəkət etməyə səy göstərin.

Qida tullantıları və onun təsirləri

Qida tullantıları həyatın bir çox sahəsinə mənfi təsir göstərir. Əsas təsirləri aşağıdakı kimi sıralamaq olar:

● Qlobal ərzaq böhranı və aclıq
● İstehsal və logistika sahəsində yanacaq itkiləri
● Əkin sahələrinin məhsuldarlığının azalması
● Elektrik enerjisi və su ehtiyatlarının israf edilməsi
● İşçi qüvvəsinin itirilməsi
● Kapitalın itirilməsi

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə