İnsanları intihara nə vadar edir? - SORĞU

Son zamanlarda intihar hadisələrinin sayı artıb. Bu hal təəssüf hissi ilə yanaşı narahatlıq da doğurur. Maraqlıdır, ilbəil artan intiharların səbəbi nədir? İnsanları intihara nə vadar edir? SİA mövzu ilə bağlı sorğu keçirib.

Sosioloq Əhməd Qəşəmoğlu: "Son zamanlarda intihar hadisələrinin artmasını yalnız bir şeylə əlaqələndirmək olmaz. İntihara səbəb olan ən əsas məsələlər ilk növbədə, insanın özünü həyatda təsdiq edə bilməməsi və sabaha qarşı naümidsizliyidir. Yəni, elə bir vaxt çatır ki, insan özünü təsdiq edə bilmir. Ya bir işi olmur, ya hansısa bir işlə məşğul olmaq istədikdə heç cür alınmır, ya da sabahını, gələcəyini düşünmür. Bu kimi hallar insanların intiharına gətirib çıxara bilir. Təbii ki, hər kəs belə vəziyyətdə intihara üz tutmur. Bəzi insanlarda anadan olandan etibarən artıq intihara meyillilik olur. Ətraf-mühitdən də çox şey asılıdır. Elə mühit olur ki, insandakı intihara meyilliliyi inkişaf etdirir, elə mühitlər də olur ki, bu meyilliliyi bloklayır. Deməli, o adamlarda ki anadangəlmə intihara meyillilik olur, mühit onu inkişaf etdirir, daha sonra isə onlar özünü həyatda təsdiq edə bilmir, onda intihar hadisəsi baş verir. Belə məsələlərdə təbii ki, insanların aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər də mühüm rol oynayır. Əgər insanın üstünlük verdiyi dəyərlər içində mənəvi dəyərlər çox olursa, intihara meyillilik bloklanır. Amma əksinə insanda mənəvi dəyərlər azalırsa, onun yerini digərləri tutursa, intihara meyillilik arta bilər. Bütün bunları nəzərə alaraq intihar hadisəsinin səbəbini yalnız bir şeyə bağlaya bilmərik".

Psixoloq Fidan Nəzirova: "Hər bir insanın erkən yaşda yaşanan psixoloji travmaları olur. Həmin travmalar yığıdıqca insan psixikası yorulur. Müəyyən bir zamanda insan psixikasında partlayış baş verir. İntiharın da kökündə müəyyən səbəblər durur. Həmin səbəblər bəzi insanları depressiyaya salır, bəzi insanlarda digər psixoloji problemlər yaradır. Müəyyən mənada şüuraltında yığılmış travmalar insanl sonda intihara sövq edir. İntihar birdən-birə baş verən hadisə deyil. Şüuraltında yığılıb qalmış neqativ düşüncələr və travmalar nəticəsində intihar hadisəsi baş verir. Son zamanlarda olan sosial rifah da insan psixologiyasına çox təsir göstərən amillərdəndir. Daha çox özünəinamsız olan, həyatda özünü təsdiq edə, ifadə edə bilməyən insanlara sosial rifah təsir edir. Həmin insanlar düşünür ki, məndə alınmaz, maddi rifahım zəifdi, uşaqlarımən yanında xəcalət çəkirəm və s. Bu kimi düşüncələr stressə, daha sonra isə depressiyaya səbəb olur. Bu da intihara gətirib çıxara bilir. Qeyd etmək istəyirəm ki, intihara meyilli olan şəxslərin mütləq dəstəkçiləri olmalıdır. Belə insanlar psixoloji olaraq çox gərgin olur. Ona görə də onlara mənəvi kömək çox önəmlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə