Pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycanda vətəndaş pensiya yaşına çatmamış vəfat edərsə, onun sığorta hesabında yığılan pensiya kapitalının sonrakı aqibəti necə olur?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.
Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir.
Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.
Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili: “Sığortaolunan vəfat etdiyi, yaxud həlak olduğu halda ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində onun öhdəsində olan ailə üzvlərinə:
- 18 yaşınadək (əyani təhsil alan 23 yaşınadək) övladlarına,
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına,
- pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və anasına, ərinə və ya arvadına,
- 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən şəxslərə (valideynlərindən biri, əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.
Göründüyü kimi, şəxsin topladığı pensiya kapitalı o, dünyasını dəyişdiyi halda ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur.
Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur”.
Milli Məclisin deputatı Azər Badamov: “Qanuna görə vəfat edən şəxsin pensiya kapitalı 18 yaşına çatmamış övladlarına, o cümlədən əyani təhsil alan övladların 23 yaşınadək pensiya ödənilir. Bundan əlavə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin I və ya Il dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər. Yəni şəxsin topladığı pensiya kapitalı, o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir. Pensiyalarda edilən artımlar, həmçinin hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur.
Pensiyaların artması vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edir. Təbii ki, ölkənin iqtisadi gücü olmalıdır ki, mütəmadi olaraq pensiyalar, müavinətlər və əmək haqları artırılsın. Ölkəmizdə hər il demək olar ki, sosial proqramlar icra olunur və əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən addımlar atılır. Bu da dövlət siyasətimizin təməlində vətəndaşların rifahının dayandığının göstəricisi hesab edirəm”.
İqtisadçı-ekspert Eyyub Kərimli: “Ümumiyyətlə, ölkə qanunvericiliyinə əsasən, bizdə vəfat edən insanın pensiya kapitalı iki formada müəyyən edilir. Biri var ki, pensiya yaşına çatıb vəfat etmiş insan. Onun pensiya kapitalı varislərinə, ya azyaşlı övladına, ya həyat yoldaşına keçir. O halda ki, həyat yoldaşı pensiyası az olsa, daha çox ölənin pensiyasını seçə bilər və ya əksinə, imtina edə bilər. Amma əgər bu hallar yoxdursa, qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb.
İkincisi də pensiya yaşına çatmayan insanların vəfat etməsi o halda hələ ki, qanunvericilikdə elə bir maddə yoxdur və bunu dövlət belə əsaslandırır ki, həmin vəsait dövlət tərəfindən digər pensiyaçılara ödəniş edilir, daha çox yaşayanlara nəzərdə tutulur.
Bilirsiniz ki, bizdə 77 yaşından çox olanlar üçün o pensiya bölünüb. Yəni, belə nəzərdə tutulub. Lakin beynəlxalq təcrübədə bu hallarda insanın yığdığı kapital varislərinə, vərəsələrinə hansısa formada çatmalıdır (əgər insan pensiya yaşına çatmayaraq vəfat edibdirsə).
Ümumiyyətlə, hazırda pensiya artımı 70-100 min insanı əhatə edəcək, yəni minimal pensiya alanlarımızı, ümumiyyətlə, ölkəmizdə 1 milyon 200 minə yaxın təqaüdçü var. Onların haradasa 70-100 min arası minimal pensiya alır. Yəni 240 alırdı, onlar indi 280 manat alacaq. Bu cür halların ölkə iqtisadiyyatına təsirləri təqaüdçülərin rifahına müsbət təsir göstərəcək. Belə ki, onlar 40 manat əlavə vəsait alacaqlar. Bu, onların tələbatına və tələblərinə müsbət təsir göstərəcək. Ümumiyyətlə, alıcılıq imkanlarını artıracaq və inflyasiyanın təsirlərini az da olsa, hansısa formada kompensasiya edəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə