Könüllülük fəaliyyəti gənclərə nə verir? - ARAŞDIRMA

İstənilən insan fəaliyyəti onun xarici aləmlə, cəmiyyətlə, sosial mühitlə qarşılıqlı əlaqəsi prosesində baş verir. İnsan və cəmiyyət arasında qarşılıqlı əlaqə formalarından biri sosiallaşma prosesidir. İnsan cəmiyyətin tamhüquqlu üzvü olur, onun normalarını, qaydalarını, tələblərini mənimsəyir.

Gənclərin sosiallaşmasına imkan yaradan fəaliyyətlərdən biri də könüllülük fəaliyətdir.

Bəs, könüllülük fəaliyyəti gənclərə nə verir?

SİA mövzu ilə bağlı araşdırma edib.

Bu gün dünyanın bir çox ölkəsində könüllü iş gündəlik sosial təcrübəni təşkil edir: insanlar ağac əkmək, sağlam həyat tərzini təbliğ etmək, ekoloji aksiyalar keçirmək, konfranslar, forumlar təşkil etmək, hüquq pozulmalarının profilaktikasını həyata keçirmək və ümumi problemləri həll etmək üçün bir yerə toplaşırlar.

Bu, Azərbaycanda da geniş şəkildə özünü göstərir. Belə ki, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Könüllü fəaliyyət haqqında” Qanun imzalamışdır. Bundan başqa, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın məqsəd və vəzifələrinə ölkədə könüllülük hərəkatını inkişaf etdirmək, gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi daxildir. Bəşər tarixində elə bir cəmiyyət yoxdur ki, könüllü və qarşılıqsız yardım ideyaları ona yad olsun. Bir şəxsin və ya qrupun bütövlükdə cəmiyyətə, yaxud ayrı-ayrı şəxslərə etdiyi könüllü yardım bəşəriyyətin insani ideallarına qarşılıqsız xidmət ideyalarına əsaslanır, qazanc əldə etmək, ödəniş almaq və ya karyerada yüksəlmək məqsədi güdmür. Könüllülük fəaliyyəti insanı bir sıra faydalarla təmin edir. Yeni tanışlıqlar və yeni peşə bacarıqları, biliklər və hətta yaxşı karyera qurmaq imkanı əldə edir. Tələbələr arasında könüllülük hərəkatının böyük mənəvi və tərbiyəvi əhəmiyyəti var.

Gənclərin iştirakı

Gənclərin könüllülük hərəkatında iştirakı peşəkar fəaliyyətlərdə iştirakda ilkin təcrübə qazanmaqla onların rəqabətqabiliyyətliliyinin və peşəkar səriştəsinin artırılması kimi mühüm vəzifənin həllinə kömək edir, peşəkar oriyentasiya və formalaşma imkanlarının artırır.

“ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova: "Könüllülük qanunvericiliklə qadağan edilməyən ictimai faydalı və gəlirsiz bir fəaliyyətdir. Hər bir şəxs öz iradəsi ilə seçim əsasında bu fəaliyyətlə məşğul ola bilər. Azərbaycanda da çox sevindirici haldır ki, könüllülük geniş vüsət alıb. Hal-hazırda ölkədə bir çox könüllük fəaliyyətini həyata keçirən qurumlar var. Xüsusilə "ASAN könüllüləri"ni vurğulamaq istəyirəm. "ASAN könüllüləri" hərəkatı artıq 10 ildir ki, fəaliyyət göstərir. 2012-ci ildən etibarən "ASAN Xidmət" mərkəzlərində ictimai faydalı bir fəaliyyət olaraq könüllük fəaliyyətindədir. "ASAN könüllü"sü olmaq istəyən gənclər könüllü.asan.com.az saytına daxil olaraq qeydiyyatdan keçə bilər. 2 ay müddətində müraciətə baxılır və həmin şəxsi müsahibəyə dəvət olunur. Müsahibədən uğurla keçdikdən sonra ilkin təlimə cəlb olunur və daha sonra 3 ay master 1 pilləsi üzrə xidmət mərkəzlərində könüllü fəaliyyətə başlayır. Üç ay müddətində də müxtəlif təlimlərə və layihələrə cəlb olunur. Bununla da həmin mərkəzin fəaliyyətinə, həm də özünün inkişafına dəstək olur. "ASAN könüllülərin" mərkəzlərində master 1 çərçivəsində vətəndaşların müraciətlərinə baxılmasına kömək olur, müxtəlif sorğular ötürür, eyni zamanda vətəndaş axınını tənzimləyir. "ASAN könüllüləri" hərəkatı master 2 pilləsi də var. Bu artıq müvafiq olaraq öz ixtisası üzrə gənclərin təcrübə əldə etməsinə dəstək olan bir pillədir. Master 2 pilləsinə, master 1 pilləsi bitirdikdən sonra könüllülər müraciət edirlər.

2013 cu ildə "ASAN Könüllüləri" Gender İctimai Birliyi yaradılıb. İctimai birliyin əsas fəaliyyəti ölkəyə gənc peşəkar kadrların yetişdirmsinə dəstək olmaqdır. Həmçinin "ASAN könülülərin" də müxtəlif istiqamətlərində bilik və bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. "ASAN könüllülər" təşkilatı bu günə qədər sosial, mədəni, ekoloji təhsil və digər istiqamətlər üzrə 750-dən çox yerli və beynəlxalq layihə, 5000-dən çox təlim, seminar həyata keçirilərək 100 mindən çox gənci əhatə etmişdir. Bu il dekabr ayından bu təşkilatın artıq 9 illiyi tamamlanacaq. Öz fəaliyyətində seçilən "ASAN könüllüləri" daha sonra könüllü olaraq fəaliyyətini davam etdirmək istəyərlərsə master 1 və master 2 pillələrində sonra "ASAN Gənclər təşkilatı"nın ictimai birliyinin də fəaliyyətinə olaraq qoşula bilərlər.

Bir gəncin könüllü olaraq fəaliyyət göstərməsi belə bir nəcib fəaliyyətə qoşulması insanın vətənpərvərliyinin, cəmiyyətə qatmaq istədiyi dəyərlərdən, faydadan həmçinin özünün qazandığı bəhs edir. Hər bir gənc üçün bu fəaliyyətin çox müsbət cəhətlərin olması platformaları bir gəncin müxtəlif istiqamətlərdə inkşafı üçün çox mühüm rol oynayır. Onun ünsiyyət bacarıqların inkişaf etdirməsinə, iştirakçılıq bacarıqların artmasında çox böyük dəstək olur".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə