"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bunu bütün dünya bilir" FOTOLAR

Rusiyada yaşayıb və fəaliyyət göstərən azərbaycanlı sənətçilər Azərbaycan-Ermənistan təmas xəttində bir neçə gündür gedən döyüşlərlə bağlı sosial şəbəkə profillərində paylaşımlar ediblər. SİA-nın məlumatına görə, onlar şəhidlərə Allahdan rəhmət diləyib, işğal altında olan torpaqlarımızın tezliklə geri qaytarılmasını diləyiblər.

Xalq artisti Emin Ağalarov: "Ədalətli bir yoldayıq, haqq bizim tərəfimizdədir. Qələbə qazanacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır".

Müğənni Bahh Tee (Bəxtiyar Əliyev): "Məndən hər zaman müharibə haqda nə düşündüyümü soruşurlar, bunu cavablandırmaq isə asan deyil. Siyasətlə işim yoxdur, təbliğat aparmıram, amma tarixi faktların tərəfdarıyam. 10 ildir Vətənimdən uzaqda yaşayıram və rahat həyatım var. Amma bu Azərbaycana olan sevgimi azaltmır. İstəyirəm ki, Vətənimdə də insanlar rahat yaşasın. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bunu bütün dünya bilir. Tək Dağlıq Qarabağ yox, onun ətrafında olan 7 rayon da işğal edilib. Ermənilər isə torpaqları azad etmək istəmir. Azərbaycan ordusu erməni torpağını zəbt etməyə çalışmır, işğal olunan öz torpağını geri almaq üçün döyüşür. Azərbaycan 30 ildir sülh yolu ilə torpaqlarını geri almağa çalışdı. 30 il ərzində 1 sm torpaq belə qaytarılmadı. Ermənilər illərlə Azərbaycan torpağında sakit yaşayıblar. Amma 30 il əvvəl müharibəyə başladılar. Hər kəs bizi qınayır ki, Rusiyada yaşayır, bunla bağlı paylaşımlar etmirik. Kim nə edirsə, onu açıb-ağartmaq və ya sakit etmək öz seçimidir".

Müğənni Jony (Cahid Hüseynli): "Azərbaycan sülh yolu ilə haqqı olana nail olmağa çalışdı. Bütün dünya Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bilir. Hər kəs Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Ermənistan tərəfi isə torpaqlarımızı azad etmək üçün heç bir addım atmayıb. Bütün bunlar da müharibənin başlamasına gətirib çıxardı. Hər iki tərəf çox sayda itki verib, amma erməni tərəfi hələ də torpaqlardan çıxmağı düşünmür. Hətta iddia edirlər ki, Azərbaycan tərəfi müharibəni başladıb. Qanunla Azərbaycana aid olan torpaqlarda oturub, bizi günahlandırırlar".

Müğənnilər Rauf & Faik (Rauf və Faiq Mirzoyev): "Qarabağ Azərbaycanındır. Bizim ata tərəfimiz Füzulidəndir. Biz də qarabağlıyıq".

"Weel" (Vilayət Niftalıyev) "Qarabağ Azərbaycanındır" həştağı ilə foto yayımlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə