Prodüser Tarix Əliyev (Tolik) və şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, Tolik bu gün ad gününü qeyd edən Nazilənin arxiv fotosunu paylaşaraq bu sözləri yazıb: “Dedim ad gününü təbrik edim. Sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan. Eltondan da (Müğənni Elton Hüseynəliyev – red.) ayrı düşmə, hər zaman yanında ol! Bəlkə arzuların çin olar. Özü də, ay yazıq qadın, Elton səni seçsəydi, dünən verilişində olardı. Yalandan deməzdin ki, guya Eltona Təcili Tibbi Yardım gəlib. Təcili Tibbi Yardım əzizlərinə gəlsin!”.

Qeyd edək ki, N.Səfərli ötən gün aparıcısı olduğu “Ona qalsa” proqramında özünə ad günü edib. Verilişin bir gün öncə yayımlanan anonslarında verilişi E.Hüseynəliyevin aparacağı qeyd olunmuşdu. Lakin sənətçi səhhətində yaranan problemə görə efirə çıxa bilməyib.

T.Əliyev isə açıqlama verərək Eltonla 6 illik işbirliyinə son qoyduğunu bildirib.

Tolik aparıcısı olduğu verilişdə ad çəkmədən N.Səfərli haqda sərt fikirlər səsləndirib: “Allah qara qəlbli insanları hər zaman qara gündə qoysun. Yekəburun, irisimalı, özünü bütün günü plastik əməliyyat etdirənlər sizdən uzaq olsun. Belə aparıcılar var – səhər verilişi aparırlar. Çox eybəcərdirlər. Şeytansifətlər, Allah bəlanızı versin”.

O, daha sonra İnstaqram səhifəsi ələ keçirmək istəyənlərin olduğunu yazan Naziləyə “Bəziləri yazır ki, səhər-səhər kimdi mənim İnstaqram səhifəmi oğurlayan? Sən özün kimə lazımsan ki, səhifəni də oğurlasınlar? Boş-boş danışır” sözlərini söyləyib. N.Səfərli isə prodüserə cavab verməyib.

Xatırladaq ki, Toliklə şairə arasında bir neçə ay öncə də qalmaqal yaşanmış, tərəflər daha sonra barışmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə