İşıqlı gələcək naminə şəhərlərimiz qurulur TƏHLİL

Prezident İlham Əliyev: "Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar"

Beynəlxalq tədbirlərin keçirildiyi məkan olaraq tanınan Azərbaycan növbəti dəfə ilk beynəlxalq şəhərsalma tədbirinə – "Azərbaycan Milli Şəhərsalma Forumu"na ev sahibliyi edir. Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır", - deyə bildirmişdir. Qeyd edək ki, Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir.

"AĞDAM ŞƏHƏRİ İŞĞAL İLLƏRİ ƏRZİNDƏ DAĞIDILIB VƏ BURADA OLAN DAŞLAR OĞURLANARAQ SATILIB"

Artıq Forum işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Dövlət başçısı Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı 30 ilə yaxın işğal altında olan torpaqlarımızın erməni vandalları tərəfindən dağıdıldığına toxunaraq ruhlar şəhrinə çevrilən Ağdamın real mənzərəsini diqqətə çatdırıb: "Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər". Dövlətimizin başçısı qeyd edib ki, ermənilər işğaldan azad olunmuş ərazilərdə məscidləri dağıdıblar: "Yalnız Şuşa, Laçın və Kəlbəcərin bir hissəsində dağıntılar törədilməyib. Bunun səbəbi Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq köçürmə siyasəti aparması və bu ərazilərə erməniləri qeyri-qanuni köçürməsi olub".

"ARTIQ BÖYÜK QAYIDIŞ PROQRAMI BAŞLAYIB"

30 ilə yaxın işğalçılıq siyasətini həyata keçirən Ermənistana Azərbaycan sülh təklif edir. Forumda çıxışı zamanı sülh sazişinin beynəlxalq hüququn beş prinsipinə əsaslanmalı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir: "Artıq Böyük Qayıdış proqramı başlayıb. Bu ilin mayında Zəngilan rayonunda ilk kənd salınıb və ilk məcburi köçkünlər öz doğma yurdlarına qayıdıblar. Zəngilanda ilk məktəb açılıb və ilk gənclər də bu il həmin məktəbdə tədrisə başlayıblar".

"DAĞIDILAN MƏSCİDLƏRDƏN İKİSİ AĞDAMDADIR"

Bu gün işğaldan azad olunmuş ərazilərdə məscidlərimiz, mədrəsələrimiz, körpülərimiz, məbədlərimiz nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır. "Bizim işğaldan azad etdiyimiz torpaqlarda mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb" deyən Cənab Prezident qeyd edib ki, dağıdılan məscidlərdən ikisi Ağdamdadır. Şuşadakı bir məscid isə qismən dağıntılara məruz qalıb.
30 ilə yaxın işğal altında olan ərazilərimizdə olan Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. erməni vandallığı ilə üz-üzə qalmışdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir. Əlbəttə ki. Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarına ziddir.
Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə yaşadır.

"AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İRİMİQYASLI İNFRASTRUKTUR LAYİHƏLƏR İCRA EDİLİR"

Artıq Azərbaycanın Zəfər tarixindən iki il ötür. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Tarixi abidələrimiz təmir və bərpa olunur. Ərazilər azad olunmasından sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. Qədim mədəniyyət paytaxtımız Şuşada "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri keçirildi. Cəmi 8 ayda Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Ərazilərdə bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Yol, nəqliyyat, enerji infrastrukturlarının geniş miqyasda həyata keçirilməsi, ermənilər tərəfindən dağıdılmış məscidlərin, müxtəlif icmalara məxsus dini abidələrin bərpa və təmiri işğalçı Ermənistana zərbədir.
Milli rifahın təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma sahəsində əldə edilmiş nailiyyətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və şəhərlərin inkişafı üzrə tətbiq edilən inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yanaşmaların paylaşılması son dərəcə vacibdir. İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilir.
"Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar", - çıxışı zamanı bildirən dövlətimizin başçısı deyib ki, azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra edilir: "Siz Füzuli Beynəlxalq hava limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq hava limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq hava limanını istifadəyə verməyi planlaşdırırıq".
Bu uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi əzmi, qətiyyəti ilə reallaşır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə