Müqəddərat tariximizin başlanğıcı

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanıldı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətdi.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərədək hərbi qulluqçusu şəhid oldu, onlarla hərbi qulluqçumuz itkin düşdü, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. İşğal altında olan müqəddəs torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.

Tarixə baxsaq, erməni millətinin Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti, əzəli Azərbaycan torpağı olan Qarabağa onların çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasətidir. Azərbaycanda ermənilərin məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.

1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Seyid-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və onlarla adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

44 günlük vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü ugrunda şücaət və qəhrəmanlıqlar göstərərək canından keçən şəhidlərimizin ailələrinə hər cür dəstəyini əsirgəməyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva döyüşlərdə yaralanıb və sağlamlıqlarını itirən qazilərimizidə unutmadı. Bakının Buzovna qəsəbəsində, Xəzər dənizinin səfalı sahilində yerləşən, müasir standartlarla tikilmiş, ən son texnologiya ilə təchiz edilmiş, savadlı və peşəkar tibb heyyəti ilə təmin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsi 14 noyabr 2020-ci il tarixindən qazilərimizin, şəhid övladlarının, həyat yoldaşlarının və valideynlərinin tam reabilitasiyası üçün sanator-kurort və bərpa-müalicələrini təmin etmək məqsədi ilə istifadəyə verildi. Bu xidmətlər hal-hazırda da, Mərkəz tərəfindən göstərilir.

Vətəndaş olmasa boş şeydir Vətən!
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır! (Xəlil Rza Ulutürk)

Fəaliyyəti dövründə mərkəz, bu günə qədər 1500-dən çox qazinin sağlamlığına qovuşmasında yardımçı olub və bu şərəfli xidməti davam etdirməkdədir.

Unudulmaz el yolunda canı qurban olanlar;
Vətən mülkü abad yaşar vəfadarı görəndə. (Səməd Vurğun)

Azərbaycan Dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Mürsəl Mürsəlov

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə