Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan regionda güc mərkəzinə çevrilib ŞƏRH

Tarixi ədəbiyyatlarda Qarabağın Ermənistana aid olması barədə uydurma, yalan məlumatlara rast gəlmək olur. Lakin elə gerçəklər vardır ki, onları heç cür danmaq, həqiqətləri ört-bastır etmək mümkün deyil. Qarabağın Azərbaycana aid olması isə danılmaz həqiqətdir. Bunu tarix özü dəfələrlə sübut edib və indi də edir.

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən "erməni amili"ndən siyasi alət kimi istifadə etmişdir.

Qeyd edək ki, ermənilərin Qarabağa ilk dəfə köçürülməsi 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında Kürəkçay müqaviləsinin imzalanması ilə baş tutmuşdur. Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə başlandı.

Qarabağa xüsusilə, onun dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı artmağa başladı.

Qeyd edək ki, Çar Rusiyası və Sovet Rusiyası dövründə də ermənilərin Azərbaycan ərazilərində sayları süni surətdə çoxaldılmış və gələcəkdə əsassız ərazi iddiaları qaldırmaq üçün zəmin yaradılmışdır. Burada əsas məqsəd təbii ki, münaqişə ocağı yaratmaqla regionu öz təsir dairəsində saxlamaq idi. Hələ Sovet Rusiyası dövründə ermənilər dəfələrlə ərazi iddiaları irəli sürsələr də onların bu arzuları puç olmuşdur.

XX əsrin 80-ci illərinin sonunda Sovet Rusiyasının süqutu ərəfəsində erməni millətçiləri Qarabağda fəallaşaraq yenidən əsassız torpaq iddiaları irəli sürmuş və Qarabağda yaşayan soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti yürütmüşlər. Nəticədə, on minlərlə soydaşlarımız qətlə yetirilmiş və bir milyonu isə öz dogma torpaqlarından məcburi köçkün və qaçqın düşmüşdür. Buna paralel olaraq Qarabağa qanunsuz olaraq erməni ailələrinin köçürülməsi davam etmişdir. Bundan əlavə, o dövrdə Azərbaycanda hakimiyyətdə olan şəxslərin səriştəsizliyi ucbatından Azərbaycan birinci Qarabağ müharibəsində torpaqlarının 20%-ni itirmişdir.

Münaqişə və ona aid bütün məsələlərlə bağlı çoxsaylı görüşlər, danışıqlar təşkil olunsa da məlumdur ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi bütün bunların üzərindən xətt çəkmişdi. Amma Azərbaycan xalqı gələcəyə nikbinliklə baxmış və münaqişənin hansı yolla olursa-olsun öz həllini tapacağını bilirdi.

Qərb diplomatiyası da öz növbəsində münaqişənin danışıqlar masası arxasında həllini vacib saymışdır. Bununla bağlı 1992-ci ildə yaradılmış ATƏT-ın Misk qrupu münaqişədə Azərbaycanın haqlı olduğunu bilmələrinə rəğmən, bu məsələnin ədalətli şəkildə həllində heç bir fəaliyyət göstərmədi. Bundan əlavə 28 il ərzində Azərbaycanın ərazi bötövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyinin bərpasının zəruriliyini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə də yerinə yetirilmədi.

Lakin bütün bunlara baxmayaraq Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində igidlik və qəhrəmanlıq dastanı yazaraq öz doğma torpaqlarımızı düşmən tapdağından azad etdi. Nəticə isə göz qabağındadır. Ermənistan 44 günlük Vətən müharibəsində məğlub olaraq 10 noyabr 2020-ci ildə kapitulyasiya aktina imza atdı. Beləliklə, 30 il ərzində beynəlxalq aləmin həll edə bilmədiyi münaqişəni Azərbaycan hərbi yolla həll etdi. Bu müharibə sübut etdi ki, bölgədə güc mərkəzi Azərbaycana məxsusdur və heç bir qüvvə onun haqlı və ədalətli mövqeyinə təsir edə bilməz.

Hazırda Cənubi Qafqaz regionunda Azərbaycanın diktəsi ilə tamamilə yeni bir geosiyasi reallığın inkişaf etməsinin şahidiyik. Bu mövcud şərait Azərbaycanın öz tarixi torpaqlarını azad etmək uğrunda apardığı Vətən müharibəsindən sonra yaranıb və bu da öz növbəsində geosiyasi baxımından böyük tarixi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regional təhlükəsizlik sisteminin formalaşmasında yeni mərhələyə qədəm qoyur və bu proses bölgənin fərqli mənzərəsinin formalaşmasına səbəb olur. Bu məsələ hərbi, iqtisadi, tarixi və siyasi aspektlərə malikdir və ümumilikdə bölgədə etibarlı təhlükəsizilik sisteminin formalaşdırılması məsələsini əhatə edir.

Bu gün Azərbaycan ictimaiyyətində və xarici dövlətlərin bəzi dairələrində səslənən Azərbaycanın Vətən müharibəsindəki hərbi-geosiyasi-ideoloji gücünə dair təhlillərin mahiyyət baxımından hələ uzun illər müzakirə obyekti olacağı tam əsaslıdır. Lakin bu proses mahiyyət və nəticə baxımından dəqiq və əsaslı qənaətlərin olmasını tələb edir. Məsələn, bir sıra revanşist dairələrin “Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz”, - kimi iddiaları köhnə xülyalara söykənir. Belə yanaşma aydın məsələdir ki, münaqişə haqqında uzun illər formalaşan “nə sülh, nə müharibə” formatının təsiri altına düşməyin təzahürüdür. Ancaq siyasi reallıqların dərki prosesin zərurətə çevrildiyini kim inkar edə bilər? Təbii ki, heç kim.

Birincisi, ona görə ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən cəhdlər Azərbaycanın iradəsi ilə heç vaxt müzakirə mövzusu olmayıb.

İkincisi, Azərbaycan o dövlətlərdəndir ki, öz mövqeyində xalqların müqəddəratlarının önəmini tolerant və multikulturalizm ənənələrində artıq təsdiq edib. Bu gün Azərbaycanın dünyaya örnək olan təcrübəsini öyrənmək və tətbiq etmək mütərəqqi konsepsiya kimi çox önəm kəsb edir. Bu siyasətin kökündə dayanan birgəyaşayışın inkişaf üçün yeganə düzgün yol olduğunu inkar etmək mümkün deyil. Ona görə də Ermənistanın işğalçı timsalında Qafqaz regionunda münaqişənin həll olunmamasında maraqlı dövlətlərin fəaliyyətsizliyi və onun acı nəticələrini bir çox dünya dövlətləri etiraf etməkdə və onu qınaq obyektinə çevirməkdə tam haqlıdırlar.

Üçüncüsü, dünyada ikinci erməni dövlətinin yaradılmasına dair absurd ideologiyanın bəşəriyyətin taleyində hansı fəsadlara gətirib çıxara biləcəyi indiki mərhələdə Azərbaycanın qarşıya qoyduğu ədalətli və ağıllı siyasətlə dünyaya mesaj olundu. İndi Ermənistan adlı dövlətin hətta mövcudluğu da məhz bu ağıllı konsepsiyanın düzgün dərkindən asılıdır. “Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub” fikrini əsaslandırarkən biz onu xüsusi qeyd etməliyik ki, otuz illik davam edən danışıqlar prosesinin heç bir nəticə verməməsinin ən böyük səbəbi də dünyanın bu proseslərə birtərəfli yanaşmasında idi. Erməni tərəfinin bölgə üçün yersiz və çox təhlükəli bəyanatları onların absurd iddialarını faktiki olaraq “dəmir yumruğ”a məhkum etməsi, əslində, tarixi zərurət idi. Bu, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” məzmununda olan və digər motivli sərsəmləmələrinin nəticələri kimi onları faciəvi sonluğa məhkum etdi. Deməli, tarixə ləkə vuran, xalqların hüquqlarını tapdalamaq yolu tutan, özgəsinin ərazisində qurama dövlət yaratmaq istəyən istənilən cəhdin Azərbaycan üçün anlamı yoxdur və bu problemin həlli yalnız xalqın və onun güvənc yeri olan sərkərdəsinin iradəsindən doğan qəzəblə bitməlidir. Azərbaycan xalqının iradəsini ifadə edən siyasət bu prosesin dönməzliyi haqqında müzakirəyə yer qoymur.

Dördüncüsü, Azərbaycan dünyaya isbat etdi ki, xalqın mövcudluğu onun Vətən təəssübkeşliyindən bilavasitə asılıdır və xalqlar bu həqiqətdən doğan nicat yolunu tutmalıdır. Ötən 30 ildə Azərbaycanın apardığı balanslaşdırılmış siyasət onu göstərdi ki, həyata keçirilən beynəlxalq layihələr, iqtisadi-siyasi əməkdaşlıq kursu xalqların inteqrasiyası üçün elə bir doğru yoldur ki, onların milli inkişafını şərtləndirən mühüm amildir. Xalqlar anlamalıdır ki, vətənçilik beynəlmiləlçiliyin düzgün dərkindən keçir. Azərbaycan bunun üçün dünyada yeni reallıqların dərki prosesinə yol açmışdır. Prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu haqqında “Status yoxdur, ola da bilməz. Ermənistan və erməni xalqı tərəfindən bu nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar”, - kimi tarixi fikri nə qədər ki, gec deyil, yanlış təfəkkürdən erməni xalqının xilas olmasının effektivliyini ortaya qoyur. Çünki Azərbaycan dövləti heç vaxt milli ayrı-seçkilik siyasəti aparmayıb və bu gün də XIX əsrdə Azərbaycan ərazisinə köçürülmüş erməni əhalisinin Azərbaycan vətəndaşları olaraq yaşamasına Azərbaycan dövləti qarant olduğunu bəyan etmişdir. Prezident İlham Əliyev bu siyasətin mahiyyətinə nəzər salaraq demişdir: “Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər. Azərbaycanın, əslində, siyasəti də, mövqeyi də, xalqımızın düşüncələri də bu fikri təsdiqləyir. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var”.

Məhz bu məsələ ilə bağlı qeyd etmək yerinə düşər ki, cari ilin avqust ayının 12-də Cənab Prezident İlham Əliyev İsmayıllı rayonu Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir: “Yenə də qayıdıram bu əsas mövzuya. Bu hadisələrin nəticələrindən, önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və atacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.

Həqiqət budur ki, Azərbaycan həmişə Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bildirmişdi. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Qarabağda hər iki icmanın birgə yaşayışını həmişə dəstəkləyir.

Son olaraq qeyd edək ki, Azərbaycanın yaratdığı yeni reallıqlarda, regionda münasibətlərin normallaşdırılması prosesində diqqətçəkən başqa bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb. “Brüssel sülh gündəliyi” buna əyani sübutdur. Bu beynəlxalq qurum regional əməkdaşlıq səylərində iştirak etməyi, dayanıqlı sülh və rifah naminə region ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini qarşıya əsas vəzifə kimi qoyub. Onu da qeyd edək ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, sülh çağırışları dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur, dəstəklənir. Bu gün bölgədə sülhün, əmin-amanlığın hökm sürməsi Azərbaycan və Ermənistan üçün önəmli olmaqla bərabər, bütün dünyanın xeyrinədir. Çünki dünya güclərinə, eləcə də nüfuzlu beynəlxalq qurumlara bəllidir ki, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması, regionun tərəqqisi, təhlükəsizliyi münasibətlərin normallaşdırılmasından keçir. Ermənistanın sülh sazişi bağlamayacağı təqdirdə baş verə biləcək olaylar isə hər kəsə bəllidir.

Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ölkəmizin 44 günlük Vətən müharibəsində parlaq qələbə nəticəsində işğaldan azad edilən ərazilərinin Respublikanın ümumi iqtisadiyyatına reinteqrasiyasına, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmasına nail olmaqdır. Bu isə yaxın gələcəkdə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasını, eləcə də Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bölgə iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşdirilməsini reallaşdırmaq deməkdir. Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər bir ölkə olduğunu bir daha dünyaya nümayiş etdirir.

Beləliklə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Respublikamız hazırda da bu istiqamətdə real addımlar atır və bölgənin yeni əməkdaşlıq formatının yaradılması məqsədilə infrastruktur layihələrinin icrasını sürətləndirir. Ermənistan tərəfi də 10 noyabr üçtərəfli birgə bəyanatın bütün maddələrinə əməl etməli, təxribatlardan və sülh sazişi istiqamətində qeyri-konstruktiv mövqedən əl çəkməli, qanunsuz erməni hərbi birləşmələrini Qarabağdan çıxarmalıdır. Yalnız bu zaman region üçün təhlükəsizlik və davamlı, dayanıqlı sülhdən söhbət gedə bilər.Görülən bütün işlər ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının əsas istiqamətlərindən biridir. Beləliklə, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlardan irəli gələn sülh çağırışlarına sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev bu gün təkcə sözdə deyil, əməldə də Cənubi Qafqazın lideri kimi çıxış edir və Azərbaycanla yanaşı, bütün bölgə xalqlarının dinc birgəyaşayışına töhfə vermək amalı uğrunda yüksək əzmkarlıq nümayiş etdirir.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə