Azərbaycan bütün xalqların birgə yaşayışına şərait yaradır - POLİTOLOQ ŞƏRH ETDİ

"Brüsseldə keçirilən görüşün nəticələrinə dair əsas qənaət ondan ibarətdir ki, İrəvan uzun illərdən bəri hər nə qədər sülhdən qaçma ritorikasına sadiqlik nümayiş etdirsə də, ölkəmiz Ermənistanı vərdişlərindən uzaqlaşdırma yolunda addımlar atır. Bu addımların bariz nümunəsi ondadır ki, Nikol Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərəddüdlü bəyanatından sonra məhz elə həmin baza prinsipləri əsasında Brüsseldə nəzərə çarpacaq razılaşmalar əldə edildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, öncəki görüşlər kimi bu görüşdə də Azərbaycanın siyasi leksikonunda olmayan ifadələrdən, beynəlxalq hüquqa zidd gələcək fikirlərdən istifadə edilməmişdir: "Gündəmin əsas problemi olan sərhədlərin müəyyənləşməsi ilə bağlı önəmli addım atılmış oldu. Azərbaycan və Ermənistan tərəfindən qarşılıqlı olaraq dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının tərkibi rəsmən müəyyən edildi. Bununla bağlı təyin olunmuş icra başçılarının siyahısında Qazaxın və Naxçıvanın rayon rəhbərlərinin də yer alması faktı göstərir ki, anklavlar məsələsi də görüşdə müzakirə olunub və yaxın zamanda uğurlu nəticələrin şahidi ola bilərik. Bundan əlavə, Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunulub ki, bu məsələ onsuz da Azərbaycanın gündəliyində yer alan, ümumilikdə ölkəmizin daxili siyasət meyarlarına zidd deyil. Azərbaycan tolerant ölkə olaraq bütün xalqların birgə yaşayışına şərait yaradır.

Üstəlik, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi də vacib məsələdir ki, burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas məsələlərdən biri də gömrük qaydalarının müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir. Əslində, danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən bir bu idi. Çünki, bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik təşkiletmə baxımından aktual idi".

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, digər önəmli məqam humanitar məsələlərlə bağlıdır: "5 saat keçirilən görüşdə mina xəritələrinin təqdim edilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ savaşında itkin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi müzakirə olunub. Qərara alınıb ki, yaxın vaxtda Xarici işlər nazirlərinin görüşü keçirilsin. Ehtimal ki, həmin görüşdə humanitar məsələlərin müzakirəsi müəyyən nəticələr verəcək. Nəzərə alsaq ki, iyul - avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü gözlənilir, deməli, növbəti görüşün gündəliyi öncədən təmin olunacaq. Ümid edək ki, danışıqların 4-cü raundu problemlərin müzakirəsi və həllinə hesablanmış danışıqlarla deyil, artıq həllini tapmış məsələlərlə yadda qalacaq".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə