Avropa İttifaqının vasitəçiliyi sülhə ümidləri artırmaqdadır - DEPUTAT ŞƏRH ETDİ

“Bir neçə gün bundan öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri arasında 5 saat davam edən görüş çox maraqlı məqamlarla yadda qalıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, üçtərəfli görüşdən sonra Şarl Mişelin mətbuata verdiyi açıqlamada “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız “Qarabağ” deyilib, status məsələsi isə ümumiyyətlə olmayıb: “Bu da Azərbaycanın maraqlarına uyğundur, Azərbaycanın diplomatiya masasında növbəti qələbəsidir. Mətbuata bəyanatda yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb. Bunu da Azərbaycan özü həmişə bəyan edib. Rusiya sülhməramlıları müvəqqəti yerləşdiyi əraziləri tərk edəndən sonra həmin etnik ermənilərin təhlükəsizliklərinin təmin edilməsini Azərbaycan həyata keçirəcək. Görüşdə humanitar sahədə əməkdaşlığın davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də müzakirə edilib. Digər diqqət çəkən məqam sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Onu da qeyd edim ki, bundan əvvəlki görüşlərdə Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılsa da, Ermənistan iki dəfə belə görüşdən imtina edib. Ancaq sonuncu Brüssel görüşündə artıq Komissiyanın ən yaxın zamanda iclasının keçirilməsi razılaşdırılıb. Bu da böyük irəliləyiş kimi dəyərləndirilməlidir. Eyni zamanda sülh danışıqlarına hazırlıq prosesi ilə bağlı müzakirələr xarici işlər nazirlikləri səviyyəsində davam etdiriləcək. Bununla yanaşı, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə müzakirlər aparılıb. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinib. Bu istiqamətdə Baş nazirin müavinləri səviyyəsində iş davam etdirilir və hesab edirəm ki, yaxın gələcəkdə məhz kommunikasiyaların açılması ilə bağlı razılaşma da reallaşacaq”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, rəsmi Bakının irəli sürdüyü 5 prinsip əsasında danışıqların davam etdirilməsinin Azərbaycanın istəklərinə uyğundur: “Azərbaycan faktiki olaraq bu prosesi özü idarə edir. Avropa İttifaqı da danışıqların davam etdirilməsində maraqlıdır və bu marağını ortaya qoyub. Eyni zamanda Avropa İttifaqı Azərbaycanla əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasında da maraqlıdır. Avropa İttifaqının məhz regionda uzunmüddətli sülhə nail olunması üçün vasitəçi qismində iştirak etməsi prosesi daha da sürətləndirməyə və real olaraq sülhün əldə olunacağına ümidləri artırmaqdadır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə