Qərb Ermənistanın Azərbaycana qarşı siyasətinə aşkar dəstək göstərir ANALİTİK+AKTUAL

Azərbaycan isə səbrlə, təmkinlə prosesləri izləyir və doğru yerdə, doğru zamanda öz nəticəsini müvafiq qərarlarını verməsi ilə hasil edir!

Məlum məsələdir ki, Ermənistandakı mövcud hakimiyyətin əsas qolu bilavasitə Qərb dairələrinə - siyasi təşkilatlarına, institutlarına, fond və beyin mərkəzlərinə bağlıdır. Bu xüsusda isə nəzərdən yayınmayan daha bir amil Ermənistanın Qərbə qarşı xəyanətlər etməsinə rəğmən, bu siyasi qütbün hələ də ona dəstək göstərməsi, himayəsi altında saxlamasıdır. Misal üçün, Qərb artıq Ermənistanda günlərdir ki, davam edən anti-hökumət etiraz aksiyalarında polisin, güc strukturlarının aksiyaçılara qarşı aşırı güc tətbiq etməsinə ya susur, ya da ümumiyyətlə göz yummaqla hətta zorakılığa məruz qalan müxalifətçiləri hədəfə alır.

Qərbin bəlli siyasi dairələri Azərbaycanın ünvanına şər-böhtanlar yağdırır, siyasi-ictimai hadisələrdən süni gündəm formalaşdırılır və əsasən də həmin vasitələri təzyiq alətinə çevirməyə çalışırlar

Diqqət çəkən daha bir amil – Ermənistandan fərqli olaraq, Azərbaycanda ən xırda hadisələr Qərb mediasında amansız zorakılıq kimi tirajlanır, ölkəmizə qarşı açıq-aşkar kampaniyalara start verilir. Məsələn, elə də uzağa getməyərək biz bir neçə gün əvvəl Fəvvarələr meydanında keçirilmiş dinc aksiya ilə bağlı Böyük Britaniya səfirliyinin hay-həşir salmasını, aksiyanın guya zorakılıqlara məruz qalması ətrafında bəyanatlar səsləndirməsini göstərə bilərik. Buradan da açıq-aydın görünür ki, Qərbin bəlli siyasi dairələri Azərbaycanın ünvanına şər-böhtanlar yağdırır, siyasi-ictimai hadisələrdən süni gündəm formalaşdırılır və əsasən də həmin vasitələri təzyiq alətinə çevirməyə çalışırlar.

Bəli, bu gün bir çoxları haqlı olaraq iddia edirlər ki, Qərb siyasi dünyası yalnız siyasi çevrə kimi tanınmır, həm də digər pərdəarxası məqamda ayrıca siyasət qurur. Bu məqamın adı isə xristian klubudur! Məhz Azərbaycanın müsəlman ölkə olması ilə yanaşı, Qərb ölkələrindən qat-qat üstün tolerantlığa, dini, milli-etnik dözümlüyə, multikultural dəyərlərə sahib olması qarşı tərəfləri sözün əsl mənasında qıcıqlandırır. Halbuki, SSRİ süquta uğradıqdan sonra monoetnik ölkəyə çevrilmiş Ermənistanda bu kimi dəyərlər ümumiyyətlə mövcud deyil, üstəlik siyasi mübarizə vasitələri hakimiyyət tərəfindən zorakı yollarla dağıdılır və bütün bu faktlar Qərbin qəsdən görməzliyi ilə müşahidə olunur, necə deyərlər, gözlər yumulur.

Ermənistanın Qərbə riyakar yanaşması onun üçün sirr deyil!

Belə olan halda isə ikili standartlarla yanaşı, riyakarlıq amilləri də önə çıxır və riyakarlıq faktoru yalnız Qərb tərəfindən deyil, elə Qərbin dəstəklədiyi Ermənistan tərəfindən də ona qarşı yürüdülür. Mövcud situasiyalarda bir sıra siyasi texnoloqlar, analitiklər Ermənistana xüsusi güzəştli, selektiv münasibəti belə əsaslandırmağa çalışırlar ki, guya Qərb bu üsulla Ermənistanı özünə tərəf çəkməyə, şirnikləşdirməyə və Rusiyanın patronajlığı altından çıxarmağa çalışır. Amma Qərb üçün o da sirr deyil ki, Ermənistan müstəqil ölkə deyil, onun müstəqil xarici siyasət xətti yoxdur. Belə olan halda, Ermənistan necə ki, Qərbə qarşı riyakar davranırsa, Qərb də Ermənistana münasibətdə riyakar davranır və bu paralel riyakarlıqlar təəssüf ki, inkişaf və demokratiya yolunu tutan, müstəqil siyasət aparmaqla istər regional, istərsə də dünyəvi cəhətdən nüfuzlu ölkəyə çevrilən Azərbaycana qarşı işlədilməyə başlanılır.

Daha bir nüansı da xatırlatmağa dəyər. Yəqin ki, bir çoxları Qzaxıstan olaylarını unutmayıb. Və hazırda həmin Qərb bütün vasitələrlə Ukraynanın yanında olduğunu, anti-Rusiya xarakterində çıxış etdiyini əməli şəkildə sübuta yetirir. Bu zaman sual yaranır: əgər Qərb bir tərəfdən anti-Rusiya siyasəti aparırsa, onda KTMT-də Rusiyanın yanında olan Ermənistana hansı üzlə dəstək göstərir? Çünki o da faktdır ki, Ukraynada müharibə başlayar-başlamaz bütün Ermənistan boyunca Rusiyanın lehinə dəstək aksiyaları keçirildi. Və bu gün Rusiya ilə eyni cəbhədə döyüşən, Qazaxıstana ODKB bayrağı altında qoşun yeridən bir ölkə hakimiyyətinə - Ermənistana Qərbdə məxsusi hörmətin bəslənilməsi məhz Qərb dəyərlərinin özünə qarşı hörmətsizliyi kimi qiymətləndirilə bilər!

Ermənistana bu qədər önəmin verilməsi arxasında başqa nə dayana bilər ki?!

Biz elə də uzağa getməyərək, bir müddət əvvəl ABŞ-da Demokratiya sammitinin keçirilməsini, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın isə həmin sammitə dəvət almasını da xatırlaya bilərik. Daha dəqiq desək, Ukraynaya siyasi və hərbi dəstək göstərən, Rusiya ilə bütün siyasi bağlantılarını kəsən ABŞ Rusiyanın yanında yer alan Ermənistanın başına sığal çəkir – bu da yumşaq ifadə etsək, riyakarlıq deyilsə, bəs nədir?! Yaxud, müstəqil, demokratik Azərbaycanın regionda və dünyada sülhün, sabitliyin mesaj verəni olmasına rəğmən, işğal siyasətini dəstəkləyən, demokratiyanı boğan Ermənistana bu qədər önəmin verilməsi arxasında başqa nə dayana bilər ki?!

Eləcə bənzər siyasəti Qərbin, Avropanın aparıcı ölkəsi kimi göstərilən Fransaya da aid edə bilərik. Fransa bütün dövrlərdə Ermənistanın işğalçılıq siyasətinə dəstəyini gizlətməyib, anti-Azərbaycan ritorikaları ilə özünü daha çox büruzə edib. Və bu gün Fransa da Ukraynaya dəstək göstərdiyini bəyan edir, əlavə olaraq Rusiyaya da loyallığını gizlətmir. Amma danılmaz fakt budur ki, Ukraynada Rusiya-Qərb qarşıdurması fonunda Ermənistan siyasi rəhbərliyinin özlərini Rusiyanın vassalı, ölkələrinin isə Rusiyanın əyaləti kimi aparmasına baxmayaraq, xüsusilə Fransa (!) özünün ermənipərəst siyasətini gücləndirir. Vətən müharibəsindən sonra da Fransa dövlət səviyyəsində Ermənistana hərtərəfli dəstəyini göstərməkdə davam edir, ölkənin hansısa uğursuz bələdiyyə strukturları qondarma “dqr”i tanıdıqlarını bildirir, siyasi oyunbazlıqları ilə mənfur erməniçilik xislətlərini ortaya qoyurlar.

Diqqət çəkən faktlardan biri budur ki, Rusiya-Ukrayna müharibəsində digər Qərb ölkələri ilə müqayisədə Fransanın Rusiyaya qarşı loyal münasibət tutması, həm də Fransa siyasi dairələrinin Rusiya ilə gizli bağlılığının göstəricisidir. Bu arqument M.Lö Pen və Valeri Pekres, Nikola Sarkozinin simasında da öz təsdiqini tapdı. Fransa prezidentliyinə əsas namizəd olan hər iki siyasətçinin Rusiya xüsusi xidmət orqanları, keçmiş prezident Sarkozinin isə Kremlə yaxın oliqarxlara lobbiçilik etməsi ilə əlaqədar çoxsaylı məlumatlar aşkara çıxarıldı. V.Pekresin hələ SSRİ xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi, M.Lö Penin isə Rusiyadan 9 milyon avro alaraq geri qaytarmadığı öz təsdiqini tapdı.

Hətta Rusiyanın Ukraynaya hücumundan sonra Fransa prezidenti Emmanuel Makronun Ukrayna prezidenti Vladimir Zelinskiyə ölkədən qaçmağı, güzəşt etməyi təklif etməsi Ukrayna rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib.

2008-ci ildən bəri Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını, bu gün isə üzvlüyünü bloklayan Fransa və Almaniyanın siyasi dairələrinin əsas simaları Rusiyanın Qərbdə lobbiçiliyini edib, bu ölkəyə məxsus iri şirkətlərlə şübhəli əməkdaşlığa cəlb olunub. Bu xüsusda, rəsmi şəxslərin, Avropa Parlamenti deputatlarının bəzilərinin Azərbaycana qarşı qərəzli mövqeləri heç də təsadüfi sayıla bilməz.

Müstəqil, demokratik Azərbaycan dövləti heç bir siyasi dairələrdən asılı olmayaraq öz gündəmini formalaşdırır, icra edir, regionun inkişafı və tərəqqisi üçün əzm, iradə, qətiyyət sərgiləyir

Beləliklə, fakt ortadadır. Ermənistan antidemokratik siyasətini davam etdirir, ölkə hakimiyyəti daxildə zorakı vasitələrlə müxalifətçiləri dağıdır, həbs edir, onları cəzalandırır, Qərb isə antidemokratik Ermənistana dəstəyini ifadə edir, üstəlik bir-birlərinə qarşı riyakarlıq edən hər iki tərəf bu kimi utanc siyasətlərini yürütmələri ilə əslində nəyə “qadir” olduqlarını isbatlayırlar. Və belə yerdə müstəqil, demokratik Azərbaycan dövləti heç bir siyasi dairələrdən asılı olmayaraq öz gündəmini formalaşdırır, icra edir, regionun inkişafı və tərəqqisi üçün əzm, iradə, qətiyyət sərgiləyir. Qərbin riyakarlığı isə yalnız özünə və Ermənistana qalacaq, söz yox ki, öz mənfi təsirləri ilə. Azərbaycan səbrlə, təmkinlə prosesləri izləyir və doğru yerdə, doğru zamanda da nəticəsini müvafiq qərarlarını verməsi ilə hasil edir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə