Ulu Öndər bənzərsiz bir şəxsiyyət idi - MÜSAHİBƏ

SİA Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Əli Həsənovun yap.org.az-a verdiyi müsahibəni təqdim edir:

-Siz uzun müddət Ulu Öndərin rəhbərliyi altında işləmisiniz. O illəri necə xatırlayırsınız?

-Ulu Öndər bənzərsiz bir şəxsiyyət idi.

Bəli, biz indi o illərdə görülən nəhəng işlərin bugüngü həyatda necə əhəmiyyətli rol oynadığının canlı şahidləriyik. Ulu Öndər sonralar həmin illəri xatırlayaraq deyirdi: “...1970-ci illərdə görülən işlər, yaradılan böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. O illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Onunla işləmək həm asan idi, həm də çətin. Nə qədər yumşaq, humanist idisə, bir o qədər də tələbkar və bəzi məqamları bağışlayan deyildi.

Onunla işləməyin bir yolu var idi –səmimi və düzgün olmaq. Sərtliyi o vaxt biruzə verirdi ki, yalan danışırsan və verdiyi tapşırığı vaxtında, keyfiyyətlə icra etmirsən.

Ulu Öndərin əsl kişiyə xas olan keyfiyyətlərindən biri və ən əsası –nankorluğu və naxələfliyi bağışlamırdı, Vətənə, dövlətçiliyə xəyanət edənlər onun düşmənləri idilər. Əgər qədirbilməzliyi bəzən bağışlayırdısa, xəyanəti qətiyyən bağışlamırdı.

Bəzi məmurlarla zarafat etməyi də var idi. Vəzifəli şəxslərə qarşı ciddi tədbir görəndə, cəzalandıranda heç vaxt tələsmirdi, yüz ölçüb, bir biçirdi. Sədaqətli və bacarıqlı kadrları qoruyurdu.

İmzaladığı fərman, sərəncamları hazırlayanlarla dəfələrlə hər nöqtə, vergülünü müzakirə edərdi, hamının fikrini səbrlə dinləyərdi, sonra öz qərarını verərdi.

O, çox yaxşı bilirdi nəyi, nə vaxt, necə etmək lazımdır. Nə yaxşı ki, bu ali xüsusiyyət indi möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsində təcəssüm edir.

Dövlətçiliyimiz üçün böhranlı vəziyyət yarananda ən böyük tədbir xalqa müraciəti idi. O, xalqına güvənirdi, arxayın idi, çünki ömrü boyu xalqına xidmət etmişdi.

-Ulu Öndər yenidən hakimiyyətə qayıdanda ölkədə vəziyyət son dərəcədə kritik idi...

-Tamamilə doğrudur. Həmişə deyərdi ki, güclü iqtisadiyyatı, güclü ordusu və inamlı xalqı olan dövlətlə digərləri hesablaşır.

Onun üçün prioritetlərdən biri də ictimai-siyasi sabitliyin yaradılması və beynəlxalq əlaqələrin qurulması idi. Təsadüfi deyildi ki, xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra dərhal ilk iş kimi ictimai-siyasi sabitliyin yaradılmasına başladı.

İqtisadi gücü yaratmaq üçün isə, ən çətin dövrdə, hələ ölkədə ictimai-siyasi vəziyyət tam təmin olunmamış 1994-cü ildə “Əsrin müqaviləsi” neft kontraktının imzalanmasına nail oldu. Bu kontraktın hesabına iqtisadi dirçəlişin yaranması ölkənin gələcək taleyini həll etdi.

Xarici ölkə rəhbərləri ilə görüşəndə dünyanın gedişatından xəbərdar olması, çox məlumatlılığı və yüksək natiqlik qabiliyyəti ilə onları vadar edirdi ki, onu diqqətlə dinləsinlər və hörmətlə yanaşsınlar.

Müsəlman olaraq bir azərbaycanlının keçmiş SSRİ-nin ən yüksək ali siyasi orqanı olan Mərkəzi Komitənin Siyasi Bürosunda təmsil olunması və ən yüksək vəzifələrdən birində işləməsi, bütün xarici ölkə rəhbərlərində, xüsusən ABŞ və Avropa ölkələrinin rəhbərlərində ona qarşı xüsusi rəğbət yaratdı və barəsində çox bacarıqlı siyasi, iqtisadi nəhəng dövlət xadimi fikrini formalaşdırdı.

Ulu Öndər doğma Azərbaycanı övladları qədər çox istəyirdi.

Əgər Heydər Əliyev 1970-ci illərdə Azərbaycanı keçmiş SSRİ miqyasında tanınmış respublika sırasına çıxarmağa nail olmuşdusa, 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində Azərbaycanı bütün dünyaya tanıtdırdı. Onun gördüyü genişmiqyaslı, nəhəng işlərlə böyük nailiyyətlərin etibarlı təməli qoyuldu.

Heydər Əliyev harada çalışmasından asılı olmayaraq həmişə xalqına, Vətəninə sədaqətlə qulluq etmiş, doğma Azərbaycanla heç vaxt əlaqəni kəsməmişdi. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də respublikanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Heydər Əliyev çox qısa bir vaxtda idarəçilik və dövlətçilik məharəti nümayiş etdirərək, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə olunmuş bütün sahələr üzrə irəliləyişə nail oldu. Bu, onun xarizmatik şəxsiyyəti və özünəxməxsus fərdi keyfiyyətləri ilə bağlı idi. Bu istedadlı dövlət xadiminin fəaliyyəti təkcə keçmiş Sovet İttifaqında deyil, hətta onun hüdudlarından kənarda da geniş əks-səda doğurmuşdu. Heç də təsadüfi deyildir ki, xarici mətbuatda onu “Sovetlərin dəmir müsəlman rəhbəri”, “Kremldəki türk” kimi dəyərləndirirdilər.

-Bəlkə elə buna görə keçmiş SSRİ-nin bəzi rəhbərlərində ona qarşı qısqanclıq yaranmışdı.

-Elədir, XX əsrin 80-ci illərinin sonunda –Mixail Qorbaçovun hakimiyyəti zamanında ittifaq rəhbərliyi açıq-aşkar müsəlman respublikalarının inkişafına lazımi şərait yaratmır, bu respublikaların xalqları ilə ikinci dərəcəli vətəndaşlar kimi rəftar edirdilər. Həmin dövrdə ölkənin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevin bu məsələdə tutduğu prinsipial və qətiyyətli mövqe onun Sov.İKP MK Siyasi Bürosundan və SSRİ hökumətinin tərkibindən istefası ilə nəticələndi.

Bunun ardınca M.Qorbaçovun və onun ətrafındakı millətçi erməni dairələrinin Azərbaycana təzyiqləri daha da gücləndi. Azərbaycanı parçalamaq, etnik münaqişəyə cəlb etmək məqsədi ilə Dağlıq Qarabağ problemi ortaya atıldı.

Dağlıq Qarabağ problemini alovlandırmaq üçün şəxsən M.Qorbaçovun göstərişi ilə SSRİ Təhlükəsizlik Komitəsi 26-28 fevral 1988-ci ildə Sumqayıt hadisələrini törətdi və bununla Ermənistandan və Dağlıq Qarabağdan, dünyada olan bütün qanunvericilik aktlarına zidd olaraq,qeyr-insani yolla, vəhşiliklər törətməklə azərbaycanlıların etnik təmizləmə yolu ilə çıxarılmasına nail oldular. Biz Sumqayıt hadisələrinin törədilməsinin əsas səbəbini onda başa düşdük: yəni həmin hadisəni bəhanə kimi bütün dünyaya təqdim edəndə, ərazilərimizin 20%-ni işğal edəndə, Xocalı soyqırımı törədəndə və azərbaycanlılarsız Ermənistan yaradanda.

SSRİ rəhbərliyinin himayəsi ilə dünya erməni diasporunun və erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən qəzəblənən millət ayağa qalxdı. M.Qorbaçov isə bunları dövlət çevrilişinə cəhd kimi qələmə verdi.

Xalqın oyanış hisslərini, qəzəbini boğmaq istəyən M.Qorbaçov törətdiklərindən kifayətlənməyərək, SSRİ ordusunun 20 yanvar 1990-cı ildə Azərbaycana yeridilməsinə şəxsən göstəriş verdi. Bakıda və Azərbaycanın digər rayonlarında vəhşiliklər törədilərək 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, xeyli infrastruktur dağıdıldı.

1988-1993-cü illərdə xalqımıızın düçar olduğu bütün hadisələr Ulu Öndərin hakimiyyətdə olmadığı dövrdə baş verdi: 26-28 fevral 1988-ci il Sumqayıt hadisələri, 1990-cı il 20 Yanvar hadisəsi, 26 fevral 1992-ci il Xocalı soyqırımı, 1988-1992-ci illərdə ərazilərimizin 20 faizinin SSRİ rəhbərliyinin himayəsi ilə erməni silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyona qədər qaçqın, məcburi köçkün probleminin yaranması.

Ölkə ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına, əhalisinin bir milyona qədərinin qaçqın, məcburi köçkün vəziyyətdə yaşamasına baxmayaraq, Azərbaycan təhlükəli, həyəcan dolu 20-ci əsrlə xadafizləşərək 21-ci əsrə - inkişaf dövrünə islahatçı, yeniləşmiş dövlət kimi qədəm qoydu.

Bütün mənalı həyatını Azərbaycanın tərəqqisinə, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına həsr edən Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi, bir milyona qədər soydaşıımızın öz doğma ata-baba yurdlarına qaytarılması idi. O, bunun üçün daim var qüvvəsi ilə çalışırdı. Təəssüflər olsun ki, o, bu arzusunu yerinə yetirə bilmədi.

-XXI əsrdə Ulu Öndərin siyasi kursunun qətiyyətlə davam etdirilməsi daha böyük hədəflərə çatmağa etibarlı zəmin yaratdı.

-2003-cü ildə keçirilən prezident seçkilərində ölkə əhalisi yüksək fəallıqla Heydər Əliyevin siyasi kursuna, onun layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə dövlətimizə sadiq olduqlarını, aparılan siyasəti dəstəklədiklərini bir daha nümayiş etdirdilər.

2003-2022-ci illərdə cənab İlham Əliyevin seçkilərdə öz rəqibləri üzərində parlaq qələbəsi isə Azərbaycan tarixində yeni dövrün əsasını qoydu.

Zaman etibarilə 19 il o qədər də böyük bir müddət deyil. Lakin ötən 19 il ərzində görülən işlərə qısa nəzər salsaq, bu dövrün nə qədər əlamətdar siyasi, iqtisadi hadisələrlə zəngin olduğunu, genişmiqyaslı, mühüm nailiyyətlər əldə edildiyini, dövlət quruculuğunun möhkəmləndirilməsində, xalqın rifah halının yaxşılaşdırılmasında qətiyyətli addımlar atıldığını açıq-aşkar görərik.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daimi tərəqqi yolunda inamla irəliləyir. 2003-2021-ci illərin siyasi, iqtisadi, sosial, hərbi və digər sahələrdə göstəricilərinin müqayisəsi və ölkəmizin hazırki vəziyyəti bunun əyani sübutudur. Bax, budur bizi istəməyənləri, gözləri götürməyənləri qıcıqlandıran, onları məyus edən faktlar!

Ötən müddətdə əldə olunmuş uğurları belə səciyyələndirmək olar:

  • Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət məharətlə və qətiyyətlə davam etdirilərək Azərbaycan yüksək insan inkişafına malik ölkələr sırasına çıxarıldı;
  • Azərbaycanda inkişaf və tərəqqinin yeni keyfiyyət mərhələsinin əsası qoyuldu, ölkəmiz iqtisadi sahədə keçid dövrünü 2009-cu ildə uğurla başa vurdu;
  • Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artdı, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da gücləndirildi;
  • Azərbaycan regionun lider dövlətinə, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkəyə, dünya miqyasında öz sözünü deyən məmləkətə çevrildi;
  • Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirildi, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı;
  • Ölkəmizin bütün regionlarının inkişafı təmin edildi, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasına yüksəldi, neft kapitalı insan kapitalına çevrildi;
  • Azərbaycanın 2030-cu ilədək strateji inkişafının əsas istiqamətləri müəyyənləşdirildi;
  • Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edildi və 2019-2022-ci illərdə həmin Hərəkata sədrlik etdi;
  • Ölkəmiz ilk süni peykini orbitə çıxartmağa müvəffəq oldu və ardınca da 2 peyk fəzaya göndərildi;
  • Azərbaycan dünyada digər dövlətlərə nümunə ola biləcək tolerant ölkə kimi tanıdıldı;
  • Silahlı Qüvvələr gücləndirilərək dünyada ən güclü 50 ordu sırasına yüksəldildi;
  • Ölkəmizin ərazi bütövlüyü təmin edildi, işğala son qoyuldu, tarixi Zəfər qazanıldı;
  • Qarabağın dirçəlişi prosesinə start verildi və bu gün uğurla davam etdirilir.

Bu siyahını xeyli artırmaq da mümkündür. Bunlar davamlı inkişafın təsdiqedici amilləridir və bu modelin müəllifi cənab İlham Əliyevdir.

Xarici təhdidlərə, qərəzli cəhdlərə, məkrli planlara, ölkənin düçar edildiyi qurama münaqişəyə və onun fəsadlarına baxmayaraq, Azərbaycan bu illər ərzində öz seçdiyi tarixi yoldan dönmədi, əksinə, irəliləməkdə qətiyyətlə davam etdi. Şübhəsiz, bütün bu uğurlara cənab Prezidentin geniş əhatəli, səmərəli fəaliyyəti sayəsində nail olunub. O, hər şeyi səbrlə, təmkinlə, ancaq planlaşdırdığı kimi, qətiyyətlə həyata keçirir. Bütün inkanları səfərbər edərək ölkənin iqtisadi qüdrətini durmadan artırdı, sənayeni, qeyri-neft sektorunu, kənd təsərrüfatını, özəl sektoru inkişaf etdirdi. O, çox gözəl bilirdi ki, güclü dövlət qurmaq üçün ilk növbədə güclü iqtisadi imkanlara malik olmaq lazımdır.

Ali Baş Komandan İlham Əliyev Böyük Zəfərlə Azərbaycanın tarixinə əvəzolunmaz şanlı səhifə yazdı. Cənab Prezident bəzi dövlətlərin və beynəlxalq təşkilatların 30 ildə həll edə bilmədiklərini və həll etmək istəmədiklərini 44 gündə özü həll etdi, dövlətin və millətin üstündən qara ləkəni təmizləyərək nəyə qadir olduğumuzu sübut etdi. Bizi qalib dövlətə və millətə çevirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi, erməni mifini darmadağın etdi, millətə güc verdi, xalqda özünəinamı qüvvətləndirdi, cəmiyyətimizi yeniləşdirdi, ölkədə və regionda gələcək siyasi-iqtisadi inkişaf üçün etibarlı zəmin, Cənubi Qafqazda isə yeni geopolitik, geosiyasi mühit yaratdı. O, xalqına, 17 ildə yetişdirdiyi gənclərə, gücləndirdiyi orduya, onun əsgər, zabit və generallarına arxayın olduğu üçün bütün təzyiqlərə sinə gərdi, öz yolundan dönmədi və tarixi qələbəyə imza atdı.

Bu tarixi Zəfər həm də bizə dostlarımızı bir daha tanıtdı. Unutmaq olmaz ki, bu qələbədə qardaş Türkiyə və Pakistan dövlətlərinin, xalqlarının siyasi, mənəvi dəstəyinin xüsusi yeri var. 16 iyun 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış ən ali sənəd - Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında hərbi əməkdaşlıqda yeni tarixi bir səhifə açdı.

Dövlətimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin və həssas təbəqədən olan digər insanların problemlərinə hər zaman yüksək diqqət göstərir, onlara qayğıkeşliklə yanaşır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün Şuşada mədəni irsin bərpasına, mədəni tədbirlərin təşkilinə və keçirilməsinə bilavasitə rəhbərlik edir.

Zaman ötəcək, lakin xalqımız Azərbaycan salnaməsinə qızıl hərflərlə əbədi həkk olunan tarixi Zəfərlə daim fəxr edəcək.

Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi yolunda qətiyyətlə davam edir, qazanacağımız yeni tarixi qələbələr hələ qabaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə