Batan Ermənistan xilas yolu axtarışında: Rusiya amilindən doğan təlaş və Qərbin qəzəbi ANALİTİK+AKTUAL

Batan Ermənistan xilas yolu axtarışında: Rusiya amilindən doğan təlaş və Qərbin qəzəbi ANALİTİK+AKTUAL

Razmik Akopcanyan: “Biz tam şəkildə batmaqda olan Rusiyaya dəstək göstərənlərin içində ola bilərik”

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarına görə çoxsaylı beynəlxalq dairələr, təşkilatlar və eləcə də ayrı-ayrı Qərb dövlətləri tərəfindən çoxsaylı sanksiyalara, qətnamələrə məruz qoyulması uzun illərdir Moskva ilə strateji plan üzrə iqtisadi və hərbi müttəfiqlik edən, eyni zamanda, Rusiyanın Cənubi Qafqazdakı forpostu rolunu oynayan İrəvanı ciddi şəkildə narahat etməyə başlayıb. Artıq Ermənistandakı analitik mərkəzlər, media qurumları məhz bir sual üzərində dayanırlar və hələ də bu suala cavab tapa bilmirlər – Ermənistan nə etməlidir?

SİA xəbər verir ki, sözügedən mövzu ilə bağlı erməni analitiki və siyasi yazarı Razmik Akopcanyan məqalə ilə çıxış edib. Armenianreport saytı vasitəsi ilə çıxış edən erməni analitikinin fikrincə, ermənilər üçün hər şey ilk baxışdan da çox pis vəziyyətdədir. Müəllif etiraf edir ki, strateji müttəfiqləri olan Rusiya sürətlə dibə doğru batmaqdadır və onun Ermənistanı da özü ilə birgə çəkib-aparması riski nəhəngdir. SİTAT: “Mən rəngləri qatılaşdırmaq istəmirəm, sağlam düşüncəni qorumağa çalışıram ki, bu da mövcud vəziyyətdə elə də asan məsələ deyil. Hər şey çox tez dəyişir. Xüsusilə, Buça, İrpen və Mariupoldan sonra. “The New York Times” qəzeti Nebeznyanın (Rusiyanın BMT-dəki xüsusi nümayəndəsi-R.R.) çıxışına qədər Buçanın peyk vasitəsi ilə çəkilmiş şəkillərini dərc etdi və analiz edərək belə nəticəyə gəlmək olar ki, küçələrdəki cansız bədənlər rusların şəhərə nəzarət etdikləri vaxtlardan qalıblar. Ən əsası isə dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər bütün bunları öz gözləri ilə görə bilərlər”.

Erməni müəllif bütün Qərbin belə düşündüyünü, mövcud vəziyyətə görə Rusiyanı qarşıda ağır situasiyalar gözlədiyini və buradan Ermənistanın da pay alacağını yazır

Erməni müəllif belə bir fonda Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebeznyanın danışdıqlarının dünyanı daha da qəzəbləndirə biləcəyini yazır. SİTAT: “Ukraynanın Buça şəhərində dinc əhalinin qətlə yetirilməsi “Rusiyaya siyasi təzyiqin göstərilməsinə, Rusiya hərbçilərinin diskreditasiyasına və dehumanizləşdirilməsinə qarşı hazırlanmış növbəti təxribatdır. “Təxribatın” arxasında Kiyev hakimiyyəti və onun “Qərb sponsorları” dayanır”, deyə o (Nebeznya – R.R.) iddia edir.”

Razmik Akopcanyan analitik yazısında Nebeznyanın açıq şəkildə yalan danışdığını bildirir və əlavə edir ki, artıq Rusiya tərəfinin rəsmi nümayəndələri tərəfindən deyilənlər ümumiyyətlə, yalanlardan ibarətdir. SİTAT: “Artiq Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib ki, Rusiya BMT-nin insan hüquqları şurasına olan üzvlüyündən kənarlaşdırılmalıdır. “Bizim hər birimiz Buçadakı səhnədən dəhşətə gəlmişik. Açıq-aydın şəkildə görünür ki, orada hərbi cinayətlər törədilib”, deyə Trass bildirib və əlavə edib ki, London Beynəlxalq cinayət məhkəməsində ədalətin qələbə qazanmasını istəyir. Və bu cür yalnız onun özü hesab etmir...” Erməni müəllif bütün Qərbin belə düşündüyünü, mövcud vəziyyətə görə Rusiyanı qarşıda ağır situasiyalar gözlədiyini və buradan Ermənistanın da pay alacağını yazır. “Və biz tam şəkildə batmaqda olan Rusiyaya dəstək göstərənlərin içində ola bilərik. Bütün gözlənilən nəticələrə görə”, deyə Akopcanyan bildirir.

“Türkiyə və Azərbaycan Rusiya ilə müttəfiqlik münasibətlərimizi bəhanə edərək bunu Ermənistana qarşı istifadə edəcəklər”

Müəllif ABŞ dövlət departamentinin rəsmisi Ned Praysın da bənzər bəyanatlarını xatırladaraq bildirir ki, bu gün Rusiyanın hərbi əməliyyatlarına dəstək göstərənlərə qarşı maliyyə və silah yardımları da göstərilməyəcək. Və beləliklə, mövzunu Ermənistanın üzərində cəmləşdirən erməni analitiki əsas riski qeyd edir.

SİTAT: “Burada risk ondadır ki, Türkiyə və Azərbaycan həmin anı Rusiya ilə müttəfiqlik münasibətlərimizi bəhanə edərək Ermənistana qarşı istifadə edəcəklər. Böyük Britaniya da tamamilə rəsmi Bakının maraqlarından çıxış edəcək. Biz Londonun aşkar antierməni mövqeyini dəfələrlə görmüşük. Bundan əlavə, informasiyalar var ki, Polşa, Latviya, Litva və Estoniya Rusiyadan izolə olunmaq üçün bütöv bir prosesə başlayacaqlar. Ukrayna tərəfi hələ ötən həftə rəsmi şəkildə həmkarlarına müraciət edərək Rusiya Federasiyasına və Belarus Respublikasına gedən avtomobil yollarını bağlamağı xahiş etmişdi. Reaksiya dərhal oldu. Qalır nəticəni gözləmək. RF və BR ilə sərhədlərin tamamilə bağlanması onu göstərir ki, avtomobil rabitəsi və bütün nəqliyyat daşımaları mümkünsüz olacaq. Üstəlik, Litva Rusiyadakı səfirini geri çağırır. Həmçinin, Litva hökuməti Rusiyanın səfirinə ölkəni tərk etməyə çağırıb və Rusiyanın Klaypedadakı konsulluğunu bağlayır.

İtaliya hökuməti onlarla rus diplomatlarını ölkədən çıxarmaq niyyətindədir... Bildirilir ki, müvafiq addım İtaliya hakimiyyətinin Fransa və Almaniya hökumətlərinin birgə rəyləri nəticəsində atılır”.

Erməni müəllif bu məlumatların hər birinin bilavasitə ölkəsinə də təsir edəcəyini proqnozlaşdırır və Rusiyanı gözləyən mümkün çöküş ehtimallarının Ermənistanı da əhatə edəcəyini etiraf edir. “Bax belə xəbərlərdir... Onları oxuyarkən başını tutursan və bir sualı verirsən – Ermənistan nə etməlidir? Məndə bu sualın cavabı yoxdur. Qalır bircə dua etməyə ki, dünyanın Rusiyaya olan qəzəbi bizim üçün faciəli nəticələrə hətirib-çıxarmasın”, deyə Razmik Akopcanyan yazır.

Rövşən RƏSULOV

QEYD: Lakin son olaraq erməni analitikinə təlaşlı şəkildə ölkəsini nə gözləməsi ilə bağlı verdiyi sualının cavabını verməyi düşündüm. Məsələn, həmin suala cavab olaraq belə ifadə etmək olar ki, Ermənistanın bu günə qədər olan bütün rəhbərlikləri zamanında düzgün siyasət yürüdə bilmədiklərinə görə hazırda bax bu cür çıxılmaz dalana dirənərək qalıblar və ölkələrini batmaqda olan gəmi kimi görürlər. Və Ermənistanın belə bir çətin situasiyaya sürüklənməsinin daha bir faktoru bu ölkənin qonşularına qarşı ərazi iddiaları ilə çıxış etmək xəstəlikləridir. Əgər zamanınsa bu xəstəliklərini müalicə etsəydilər, indi “Ermənistanı hansı aqibət gözləyir?” sualını da verməzdilər.

Ancaq Ermənistanın hələ də çox cüzi, hətta iynənin saplaq deşiyi qədər olsa da, çıxış yolu qalmaqdadır – uzun illərdir tətbiq etdiyi yanlış siyasətindən əl çəkməklə özünə yeni qlobal mühit fonunda çəki-düzən vermək və bu vasitə ilə buraxdığı səhvlərini etiraf etmək, layiq olduğu vəziyyəti ilə barışaraq bir daha həmin səhvlərini təkrarlamamaq. Bəlkə onda Ermənistan iynənin saplaq deşiyindən ala biləcəyi azacıq nəfəslə özünü xilas edə bilər. Amma edə biləcəkmi? Bunu da yaxın zamanlarda müşahidə edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə