Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi minlərlə insana sevinc bəxş edəcək TƏHLİL

Azərbaycan 8 Noyabr Zəfər Günü ərəfəsindədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı Zəfər bütün dünyaya yayıldı və ölkəmizin qısa bir zamandakı hərbi əməliyyatı, taktikası dünya ölkələri tərəfindən böyük maraqla qarşılandı. Artıq xalqımız qazandığımız qələbənin – Zəfərin birinci ildönümünü qeyd edir. Belə bir gün ərəfəsində 8 Noyabr Zəfər Günündə dövlətimiz tərəfindən humanist addımın atılması minlərlə insana böyük sevinc bəxş edəcək. Belə ki, Milli Məclis Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi barədə qanun layihəsini təsdiqləyib. Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi böyük bir töhfədir.

Qanun layihəsinə əsasən, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslər və digərlərin müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi təklif olunur. Ümumilikdə, amnistiya tətbiq ediləcək şəxslərin dairəsi genişdir. Bu, əlbəttə ki, müstəqillik tariximizdə böyük Zəfər aktıdır. Bu günə qədər keçirilmiş amnistiya aktlarından bu akt tamam fərqlənir. Layihədə 3 ildən artıq müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılacaq. Cəzaçəkmə müəssisələri, təhqiqat və ya ibtidai istintaq orqanları bu Qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər və Qərar qəbul edilən gündən qüvvəyə minir.

Ölkəmiz üçün mühüm əlamətdar günlərdə, bayramlar ərəfəsində amnistiyaların verilməsi çoxsaylı ailələrə sevinc bəxş edir. Azərbaycanda bu humanist ənənənin əsasını isə Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər hakimiyyətə gəldikdən sonra əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə üç mindən artıq şəxs bağışlanaraq cəzalarından azad ediliblər. Ulu Öndər Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək, imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismi bağışlanıb. Onu da xüsusi olaraq vurğulayaq ki, Ulu Öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırıldı.

Ümummilli Liderin siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev humanizm ənənələrini yüksək səviyyədə davam etdirərək, bir sıra əfv və amnistiya barədə sərəncamlar imzalayıb. 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da Ulu Öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının təzahürüdür. Daha sonra 2009, 2013, 2016-cı illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilən aministiya aktları insanların sevincinə səbəb oldu. 2016-cı ilin amnistiya aktı 10.000-dən çox məhkumu əhatə etdi və 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxıldı.

Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq, əfv haqqında imzaladığı fərman və sərəncamlar minlərlə məhkumun əfv olunmasına səbəb olub. Bu gün isə Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi minlərlə insana böyük sevinc yaşadacaq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə