Fürsət gözləyənlər... KÖŞƏ

Qəribədir, qazın və elektrikin qiymətlərindəki cüzi artımla bağlı sosial şəbəkələrdə giley-güzarlar oxuyuruq, ancaq Prezidentin əmək haqqının və sosial ödənişlərin artırılması ilə bağlı Sərəncamından danışan, demək olar ki, yoxdur. Bu, ədalətsizlik, birtərəfli yanaşma deyilmi? Əslində, tarif şurasının bu qərarından cəmiyyətin, sadə insanların əndişələnməsində qeyri-normal bir şey yoxdur. Dünyanın istənilən ölkəsində insanların ailə büdcəsinə zərər vuran belə qərarlar arzuedilən hesan olunmur və cəmiyyətin etirazlarına səbəb olur. Odur ki, bizdə də indiki qiymət artımına olan reaksiya normal qarşılanmalıdır. Ancaq o halda ki, dövlət sadə təbəqənin vəziyyətini nəzərə almasın, sadəcə qiymətlərin artırılması ilə kifayətlənsin. Axi Prezident İlham Əliyev yeni Sərəncamı ilə sosial ödənişlərdə ciddi artımlar təmin edilməsi üçün də paralel qərar verdi! Bu Sərəncam ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın əmək haqlarının və sosial ödənişlərinin artırılmasını nəzərdə tutur ki, bu da ən azı dörd milyonadək vətəndaşın həyat şəraitinin yaxşılaşmasına şərait yaradacaq! Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunun ölkəyə rəhbərlik elədiyi bütün dövrlərdə şahidi olmamışıqmı? Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin, ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılmasına və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dövlətin daim diqqət yetirdiyini göstərən ciddi faktordur. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əmək haqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Bu sahədə islahatlar, xüsusilə son illərdə inqilabi xarakter alıb. Konkret statistik məlumatlara ötəri nəzər salaq. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub (Ünvanlı sosial yardım, ödənişli ictimai işlərə cəlbetmə və s.). 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezident təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib ki, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsi yolunda ciddi irəliləyişdir. Hər kəsi, xüsusilə siyasət adamlarını bu rəqəmlər üzərində də düşünməyə və sosial şəbəkələrdə birtərəfli olaraq qiymət artıminı bir faciə kimi, bəzən hətta hakimiyyətin xalqa “zülm etməsi”(?) kimi təqdim etməməyə cağırıram. Heç şübhəsiz, ölkənin sıravi vətəndaşlarindan biri olmaqla, qiymətlərin artımi mənim də ailə büdcəmə mənfi təsir göstərəcək. Ancaq çoxlarindan fərqli olaraq mən tam əminəm ki, dövlət bu zərəri qarşilayacaq və xalq bundan maddi baxımdan əziyyət çəkməyəcək. Nədənsə unuduruq ki, qarşıda Qarabağın yenidən tikilməsi, qurulması kimi on milyardlarla xərc tələb edən nəhəng problem durur. Belə bir vəziyyətdə ölkənin büdcəsini zəruri olmadan sağa-sola səpələmək bizi hansı duruma gətirib çıxarar? Axi bizlər 1988-1995- ci illərin aclıq, səfalət dolu günlərini yaşayanlarıq! Nədən indiki qiymət artimi bu qədər kəskin tənqidlə qarşılanır? Müharibədən çıxmış olkə oldugumuzu nə tez unutduq? Mən hesab edirəm ki, əhalinin həssas təbəqəsinin hisslərindən yararlanmaq istəyən bəzi qüvvələr də fürsəti əldən vermək istəmirlər. Xalqımız bunu da nəzərə almalıdır. Dövlət hamimızındır. Onu çətin duruma salarıqsa, hamımız bunun ağrısını yaşayarıq. Çox istərdim ki, sadə adamlar bəzi populistlərin, siyasət oyunbazlarinin iyrənc təbliğatına aldanmasınlar. Bir daha əmin oldugumu deyirəm ki, dövlət bu problemi tezliklə həll edəcək və bu qiymət artıminın insanlara zərərini tam kompensasiya edəcək. Buna inanaq və cibimiz üçün düşmən dəyirmanina su tökənlərdən olmayaq.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...