Adın qəlbimizdə əbədi yaşayacaq FOTOLAR

44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğullarının göstərdikləri mərdlik tariximizin ən şərəfli səhifələrindən biridir. Torpaqlarımızın yağı düşməndən azad olunması uğrunda gedən müharibədə minlərlə insan şəhid və əlil olub. Ötən il sentyabrın 27-si Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə zonasında yerləşən mövqelərimizi, yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutdu. Şanlı ordumuz mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsində şanlı ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında olmuş torpaqlarımız şəhadətlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Həlak olan igid qəhrəmanlarımız öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar.

Həyat nə qədər şirin olsa da, ölüm insan övladının qaça bilmədiyi tale yazısıdır. Amma elə seçilmiş insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edir, ruhən yaradana, əbədiyyətə qovuşurlar. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, mərd insanlar yüksələ bilərlər, bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Belə cəsur, qəhrəman Vətən oğullarından biri də şəhid Ağayev Akşin Şirvan oğludur. O, 1993-cü il iyun ayının 1-də Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 2000-ci ildə yaşadığı kənddə orta məktəbə gedib, 2010-cu ildə həmin məktəbi bitirib. 2011-ci ildə hərbi xidmətə çağrılıb. Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüşlərə qatılıb. Əvvəlcə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sonra isə Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərə qatılıb və böyük igidlik və qəhrəmanlıqlar göstərərək oktyabr ayının 28-də şəhid olub. Anası Bəyim Ağayeva hələ də igid oğlunun ölümünə inanmır və onun bir gün qayıdacağına ümidlə yaşayır. Bəyim xanım şəhid oğlu Akşin barədə qürur hissi ilə danışır. Deyir ki, evin tək övladı idi. Kənddə hər kəsin sevimlisi idi, mərdliyi, vətənpərvərliyi ilə el-obada böyük hörmət qazanmışdı. Qayğıkeş, atanın-ananın qeydinə qalan idi. Hətta ölümündən bir gün əvvəl anası ilə danışarkən, ana məndən narahat qalma, özünüzü qoruyun deyib.

Şəhid Akşin Ağayev ölümündən sonra Vətən uğrunda, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallarına layiq görülüb. Qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn Akşin Ağayevin əziz xatirəsi xalqımızın və onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Aygün ƏHMƏDOVA,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Texnologiya” fənn birləşməsinin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə