"Azərbaycan artıq regionun söz deyən dövlətidir" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Əziz Ələkbərlinin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı hərbiçiləri ilə birlikdə "Üç qardaş – 2021" beynəlxalq hərbi təlimlər keçirilir. Bu kimi hərbi təlimlər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında nə dərəcədə əhəmiyyətli rol oynaya bilər?

- Heç şübhəsiz ki, bu 3 qardaş dövlətin hərbi sahədə əməkdaşlığı bölgədə sülhün, əmin-amanlığın təminatçısı kimi çıxış edir və edəcək. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinin həyata keçirilməsində bu qardaş dövlətlərin ikisi də ilk gündən Azərbaycanın yanında oldu. Təbii ki, onlarla birlikdə bizi dəstəkləyən bir çox xarici dövlətlər də oldu. 44 günlük müharibə də sübut etdi ki, bu 3 qardaş dövlət regionda bundan sonra da birgə tək hərbi sahədə yox, bütün sahələrdə öz əməkdaşlıqlarını davam etdirəcəklər.

- Niyə digər qoşun növlərinin yox, məhz xüsusi təyinatlıların hərbi təlimləri keçirilir?

- 44 günlük Vətən müharibəsi dövründə xüsusi təyinatlıların rolu müstəsna oldu. Yeni hərbi texnikanın istifadəsi ilə yanaşı eyni zamanda 44 günlük müharibə də göstərdi ki, xüsusi təyinatlılar ən çətin şəraitdə belə qarşılarına qoyulan hərbi vəzifəni çox bacarıqla və ustalıqla həyata keçirirlər. Çünki xüsusi təyinatlı qüvvələrin həm dağ şəraitində, həm də çətin relyef şəraitində müharibə aparmaq təcrübəsi daha yüksəkdir. Düşünürəm ki, bundan sonra da ordu quruculuğu sahəsində də xüsusi təyinatlıların rolu müstəsna olacaqdır. Bu kimi təlimlərin xüsusi təyinatların arasında keçirilməsinin əsas səbəbini burada görürəm.

- Laçın dəhlizinin yaxınlığında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi. Sərhədə yaxın ərazilərdə 3 dövlətin birgə şəkildə bu cür hərbi təlimlərin keçirməsi gələcəkdə mümkündürmü?

- Təbii ki, mümkündür. Bu müstəqil Azərbaycan dövlətinin öz suveren hüququdur. Dövlət başçısı cənab İlham Əliyev çıxışlarında dəfələrlə bildirir ki, “Azərbaycan özünün suveren ərazisi çərçivəsindəki bütün fəaliyyətində müstəqildir və Azərbaycan xalqının idarəsi ilə təbii ki, bu təlimlər Azərbaycanın istənilən yerində keçirilə bilər. Təbii ki, bizim heç bir qonşu dövlətin ərazisində gözümüz yoxdur. Onların da öz ərazilərində atdığı hər hansı bir addıma münasibət bildirmirik". Bildiyimiz kimi Azərbaycan heç vaxt buna bu və ya digər şəkildə öz münasibətini bildirməyib. Azərbaycan bildiyimiz kimi artıq regionun söz deyən dövlətidir. Özünün ərazi bütövlüyünü öz gücü ilə bərpa edən bir dövlətdir. Bundan narahat olan dövlətlər də bilməlidir ki, Azərbaycan artıq 30 il bundan əvvəlki Azərbaycan deyil.

- "Üç qardaş – 2021" beynəlxalq hərbi təlimlərinin keçirilməsi ermənilərin narahatçılıq yaşamasına səbəb oldu. Bu əslində normal haldır. Bəs, İran niyə bu vəziyyətdən narahat oldu?

- Əslində 44 günlük müharibə nəticəsində Azərbaycan yeni bir tarix yazdı. Bütün Cənubi Qafqazda yeni geosiyasi reallıqları müəyyənləşdirdi. Təəssüf ki, bəzi dövlətlər, bəzi rejimlər onların dövlət rəhbərliyində olan siyasi xadimləri bunu həzm edə bilmirlər. Bəzi dövlətlər son 200 il ərzində Cənubi Qafqazdan özlərinin imperialist düşüncələrini, maraqlarını vaxtaşırı həyata keçiriblər. Bunların hamısı Azərbaycanın suveren hüquqlarını pozmaqda, Azərbaycan xalqının maraqlarını tapdalamaqla həyata keçirilib. Birdən-birə bütövlükdə xarici maraqlar alt-üst olandan sonra bəzi dövlətlər artıq başa düşür ki, “o qatar gedib”. Onlar artıq öz maraqlarını Cənubi Qafqazda həyata keçirə bilməyəcəklər. Amma yenə də özlərinin 200 illik düşüncələrindən qurtara bilmirlər. Yəni onlar Azərbaycanın bu iradəsini həzm edə bilmirlər. Artıq yeni siyasi reallıqlar müəyyənləşdirilib. Həmin dövlətlərin hamısı bu reallıqlarla hesablaşmaq məcburiyyətindədirlər. Bu gün Azərbaycanın yaratdığı bu yeni reallıqlarla hesablaşa bilməyən dövlətlər gələcəkdə Azərbaycanla münasibətdə çox şey itirə bilərlər. İstər Rusiya, istərsə də İran bizim qonşu dövlətimizdir. Bizim xalqlarımız iç-içə yaşayıblar. Biz həmin qonşu dövlətlərlə əmin-amanlıq, sülh, qonşuluq şəraitində yaşamaq tərəfdarıyıq. Amma təbii ki, bu qarşılıqlı olmalıdır. Təəssüflər olsun ki, biz bunu bəzi məqamlarda görmürük.

- İranla Azərbaycan qonşu ölkələrdir. Hər iki dövlət də müsəlman dövlətlərdir. Bəs niyə İran Ermənistan tərəfə daha meyl edir? Buna səbəb nədir?

- Bəzi dövlətlərdə dövlət siyasətini xalq müəyyən etmir. Təbii ki, İranda 10 milyona yaxın soydaşımız var. Bəzi rejimlər var ki, onlar xalqın maraqlarını əks etdirmirlər. Rejimin öz maraqları var. Təbii ki, biz İrandan daha isti münasibətlər gözləyirik. İran dövlətinin Ermənistana yaxın münasibətini heç də İranda yaşayan soydaşlarımızın münasibəti kimi hesab etmirəm. Biz müharibə dövründə və ondan sonrakı dövrdə də İran liderlərinin, siyasətçilərinin Ermənistan rəhbərliyinə isti münasibətini bu gün də lazımi səviyyədə izah edə bilmirik.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə