Qarabağ uğrunda üçtərəfli şahmat - ANALİZ

Siyasətdə də gedişlər şahmatdaki qədər növbəli olur. Oyunçuların sayının çox olması isə o demək deyil ki, bu növbəlilik prinsipini pozacaq. Digər tərəfdən siyasətdə də səbirli və uzaqgörən ən əsas şərtlərdəndir. Yəni uzağı görərək və doğru anı gözləyərək atılmış addım həm ləngiməyə səbəb olmamalı həm də öz məqsədini gizlədərək çevikliyini qorumalıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hər bir siyasi gediş digər imkanları da qurban verə bilər. Bu xüsusiyyət də şahmatın əsas tərkib hissəsidir.

Müdafiə Nazirliyinin bəyanatından Azərbaycanın yeni addımlara hazırlaşdığı nəticəsi çıxır. Belə ki, Azərbaycan ilk dəfə 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilmədiyini – erməni qoşunların Qarabağdan çıxarılmadığını açıq şəkildə dilə gətirdi. İstisna deyil ki, Lavrovun Bakıya zəngində bu məsələ müzakirə edilib və Moskvanın mövqeyi razılaşmalara uyğun olmayıb. Azərbaycan tərəfi isə qətiyyətlə razılaşmanın 4-cü bəndinin icrasını tələb edir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində missiyasına adekvat fəaliyyət göstərmədiyi açıq şəkildə bəyan edilir. Digər tərəfdən bu bəyanat yeni antiterror əməliyyatının anonsu hesab oluna bilər və əməliyyatın mümkün istiqamətləri də başlanması da göstərilir. Belə ki, Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni qurulan erməni postları konkret hədəf seçilər bilər. Bəyanatda diqqətçəkən əsas məqamlardan biri Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni erməni postlarının qurulmasına qarşı Azərbaycan Ordusunun adekvat tədbirlər gördüyü ilə bağlı qeyddir. Məsələ barədə erməni mənbələr dünən Muxtarkənd, Şuşakənd məntəqələri istiqamətində atəş səslərinin eşidildiyini iddia edirdi, istisna deyil ki, bu istiqamətdə separatçılara qarşı cavab tədbirləri görülüb. Hərçənd ki, prosesin davam edəcəyi də çoxmuza bəllidir. Çünki ermənilər cəzalanmaqdan doymur və vəziyyətin daha da gərginləşməsini istəyir. Onların düşüncəsinə görə, bölgədəki vəziyyətin gərginləşməsi məsələyə fərqli həlli yolları gətirə bilər. Halbu ermənilər dərk etməlidirlər ki, onların bu vəziyyətlə barışmaması heç nəyi həll etmir.

KTMT baş katibinin İrəvan səfəri, Lavrovun zəngi və baş verən son hadisələr sərhəddə və Qarabağda Bakının müəyyənləşdirdiyi gündəmdən kənar proseslərin getdiyini göstərir. Bu məsələlər isə antiterror əməliyyatını aktuallaşdırır. Hətta rəsmi Bakı, Rusiyaya cavab tədbirlərinə əl atacağına dair xəbərdarlıq edir. Bu, masada erməni qoşunların çıxarılması tələbini gücləndirməyə hesablanıb. Əgər masada danışıqlar yolu ilə məqsədə nail olunmasa, ermənilərə bunu məcbur etmək üçün əməliyyat keçirmək mümkündür. Sırf bu səbəbdən də kiçikçaplı əməliyyatın keçirilməsi aktualdır. Belə bir əməliyyatın keçirilməsi Ermənistanda Qarabağdakı əsgərlərin geri çağırılması tələbini gücləndirəcək.

Qeyd edək ki, ötən ilin noyabr-dekabr ayında keçirilən antiterror əməliyyatında zamanı erməni terrorçular ələ keçiriləndən sonra Ermənistanda ailələr övladlarının Qarabağa göndərilməməsini, o cümlədən, Qarabağda qalan hərbçi yaxınlarının geri çağırılmasını tələb edirdilər. Nəticədə, kifayət qədər təziqlərə məruz qalan Ermənistan, məcbur qalıb, Qarabağ səfərbər olmuş qoşunları göndərməyi dayandırdı. Beləliklə ordusuz qalan Ermənistan sülh çağırışları etməyə başlamışdı.

4-cü bəndin icrası Azərbaycan tərəfinin üzərinə düşdüyü halda bir çox fərqli məqamlar ortaya çıxacaq. Belə ki, Rusiya 4-cü bəndin icrasından boyun qaçırmağa davam edərsə, Azərbaycanın mövqeyini əyani şəkildə göstərəcək. Qarabağda rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərin Azərbaycana məxsus olduğunu qəbul etdirmək və bunu onlara xatırlatmaq lazımdır. Digər tərəfdən bu, tərəflərə yeni vəziyyətlər də yaradacaq. Belə ki, Erməni qoşunlarının çıxarılması Ermənistanda Paşinyan əleyhinə narazılığı artıracaq, bununla yanaşı, Rusiyanın erməniləri müdafiə etmədiyi rəyini gücləndirəcək. Rəsmi Bakı əməliyyatları ilə hər iki tərəfə mövqelərini əsaslandırmaq məcburiyyəti verəcək. Bu açıqlama Bakının son xəbərdarlığı kimi görünür. Tələblərə əməl edilməyəcəyi təqdirdə, heç ir addım atmamaq, rusların da, separatçıların da mövqeyini gücləndirə bilər.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə