"Jirinovskinin "ayı xidməti" göstərdiyi gün kimi aydındır"

Əli Hüseynli

Milli Məclisin deputatı

Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin "Komsomolskaya pravda" radiosunun 30 iyul buraxılışında Azərbaycanın dövlətçiliyinin və rəhbərliyinin ünvanına səsləndirdiyi qərəzli, təhqiramiz fikirləri Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurmuş və hiddətlə qarşılanmışdır.

Digər ölkələrə qarşı münasibətdə, xüsusilə də Türkiyə və Azərbaycanla bağlı məsələlərə dair hər zaman qalmaqallı ifadələr işlətməkdən çəkinməyən V.Jirinovski beynəlxalq aləmdə mənfi reputasiyaya malik siyasətçi imicinə malikdir. Onun qeyri-etik və aşağı mədəniyyət göstəricisi olan emosional davranışlarının əslində Rusiyanın Azərbaycanla qarşılıqlı münasibətlərinə və ictimai rəyə zərrə qədər də təsiri yoxdur. Özünü guya Rus xalqının təəssübkeşi və Rusiyanın dövlət maraqlarının müdafiəçisi kimi təqdim etməyə çalışan bu şəxsin təmsil etdiyi dövlətə və xalqa "ayı xidməti" göstərdiyi gün kimi aydındır.

Sözügedən müsahibədə V.Jirinovskinin siyasətçiyə yaraşmayan əda ilə əsləndirdiyi əsassız və mənasız fikirlər Azərbaycan XİN-nin ciddi riaksiyasına səbəb olub. Bununla bağlı Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinə nota təqdim olunub. Həmin sənəddə deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Bu etirazlardan sonra öz fikirlərini "söz azadlığı" ilə əsaslandırmağa çalışan V.Jirinovski cəmi bir gün sonra Azərbaycan prezidenti İlham Əliyevi həmişə müdrik rəhbər kimi tanıdığını bildirməklə dövlətimizin başçısı barədə əvvəl söylədiklərinin yanlış olduğunu etiraf etməyə məcbur olub. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...