Cənab Prezidentin dünyanı susduran çıxışları - TƏHLİL

Prezident ilham Əliyev Moskva səfərindən dərhal sonra Qarabağla bağlı Bakının mövqeyini təzələdi və Azərbaycana qarşı olan bütün addımlara cavab verdi. Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinkenin və Fransanın Ermənistandakı səfirinin Paşinyanla görüşdə dedikləri cəmiyyətimizdə qıcıq doğurmuşdu.

Cənab Prezident İlham Əliyev ABŞ və Fransaya açıq şəkildə bildirdi ki, Qarabağda ermənilərə status verilməsi nəzərdə tutulmur, "Dağlıq Qarabağ" ifadəsi yoxdur və münaqişə bitib. Biz oxşar “Münaqişə artıq bitib” sözünü daha əvvəllər də görmüşdük. Hətta Prezident İlham Əliyev “Sərhədlər SSRİ sərhədləri nəzdində çəkiləcək” deməklə bir daha izah etdi ki, SSRİ və onun yaratdığı bölgülər, “Dağlıq Qarabağ” tarixə qovuşub. Beləliklə bu anlayışlar yalnızca hər hansısa torpaq bölgüsündə istifadə edilə bilər. Cənab Prezidentin cümləsi həm də rusların yeni SSRİ planının mümkünsüzlüyünü ortaya çıxarır.

Prezidentin Rusiyaya “yeni SSRİ planı”ın cavabından başqa ünvanladığı mesajlar da var. Bütün bu mesajlar Moskva danışıqları barədə müəyyən təsəvvürlər yürütməyə imkan verir. Prezident İlham Əliyev bildirir ki, Qarabağda cəmi 25 min adam yaşayır, 50 mindən çox adamın qayıtdığı məlumatı həqiqəti əks etdirmir. Belə bəyanatlar sadəcə provakasiyaya xidmət edir. Azərbayan peyk vasitəsilə gündəlik monitorinq aparır: Xankəndidə və Laçın dəhlizində nə baş verdiyini yaxşı bilir. Rəsmi Bakı Rusiyanın Qarabağa qayıdan ermənilərin sayının 52,700 ilə bağlı məlumatının yalan olduğunu bəyan edir. Eyni zamanda rus sülhməramlılarının nəzarət etdikləri ərazilərdə missiyasına uyğun fəaliyyət göstərmədiyini, Laçın dəhlizindən qanunsuz şəkildə xarici avtomobilləri buraxdığının mesajını verir. Bütün bunlar Azərbaycan tərəfinin bu tip qanunsuz əməllərə göz yummayacağını göstərir. Mümkündür ki, Moskva danışıqlarında İlham Əliyevlə Putinin sülhməramlıların fəaliyyəti və ermənilərin sayı haqqında açıqlanan rəqəmlə bağlı fikir ayrılığı olub və İlham Əliyev Bakıdan Putinə mesajlarını ötürür. Bu mesajlar, həm də xalqda rahatlıq və güvən hissi yaradır.

Prezident İlham Əliyev həm də Bakıda qonaq etdiyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin "Dağlıq Qarabağ" və "status" ifadəsini işlətməməsini təqdir edib. Amma Mişel də başqaları kimi nəzərdə tutulmuş sərhədləri "mübahisəli ərazi" adlandırmışdır. Prezident Şarl Mişeli də cavabsız qoymadı. Bildirildi ki, bu Avropa İttifaqının öz təklif etdiyi sərhədlərin delmitasiyası təklifinə etiraz, imtina olaraq qəbul edilir. Belə ki, Qərbin xoşməramlı görünən planı "mübahisəli ərazi" sözündən sonra ifşa olunub və dərhal rədd edilib. Bütün bu siyasi gedişlərə görə anlamaq olar ki, Prezident öz səfərində ya sərhədlərin delimitasiyası barədə daha dəqiq müqavilə tərtib edib ya da “status” məsələsinin aktuallaşmasının risklərini Rusiya ilə müzakirə edib. Prezidentin dedikləri, ikinci variantın olmasına daha çox ehtimal verir. Digər ehtimalın, yəni Moskvada Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyası və yeni sərhəd müqaviləsinin imzalanması haqda razılaşma əldə olunması nə qədər çətin olsa da mümkünsüz deyildir.

Prezident İlham Əliyevin ortaya atdığı faktlar və həmin faktlardan çıxardığı mənanı ictimaiyyətə təqdimetmə tərzi əsl siyasətçi işidir. Güman etmək olar ki, Moskva səfərində İlham Əliyevlə Vladimir Putinin sülhməramlıların fəaliyyəti haqqında fikir ayrılığı olub. Prezident İlham Əliyev tam anlamı ilə ifadə etməyə çalışır ki, məhz Azərbaycan öz doğma torpaqlarına Rusiyadan daha yaxındır və bu torpaqlarda olanları da yalnız Azərbaycan tərəfi dəqiqliklə bilir. Prezidentimizin çatdırmaq istədiyi digər bir məqam isə Rusiyanın siyasi və hərbi bürokratiyasının Putinə bölgədəki vəziyyətlə bağlı real məlumatlar verməməsidir. Beləliklə rahatlıqla deyə bilərik ki, bu cür vəziyyətdə İlham Əliyev siyasətindən daha mükəmməl bir siyasi gedişi xəyal etmək belə mümküzdür. Bütün bu fikirlər izah edir ki, yanılan tərəf yalnızca Rusiya ola bilər. Çünki məhz rus bürokratlar “yeyinti”lərini artırmaq üçün bölgədəki ermənilərin sayını artıq hesablayır. Daha sonra isə qida, təchizat yardımları, vaksin kimi resurslar həmin bürokratların yeminə çevrilir. Digər tərəfdən isə bəlkə də həmin şəxslərin daha böyük qazancı yaratdıqları provakasiyadır ki, buna görə erməni tərəfindən dəfələrlə artığını alırlar. Prezidentin "bəzi hallarda maşınlara erməni nömrələri yapışdırılır" sözləri Laçın dəhlizindən erməni nömrələri ilə keçərək, Xankəndinə yük daşıyan İrana ünvanlanıb. Beləliklə rəsmi Bakı Tehrana da "hər şeydən xəbərdaram" mesajını verib. Yeri gəlmişkən “Peyklə izləyirik” deməklə İranın müharibədən əvvəl etdikləri əmməllərin də gizli olmadığı vurğulanıb.

Digər bir mühüm məqam isə İlham Əliyevin Qarabağdakı erməni vətəndaşlarla bağlı dedikləri olub. Prezident bildirib ki, "xunta başçıları ermənilərə imkan verərsə, onlar böyük məmnuniyyətlə Azərbaycan vətəndaşları kimi də yaşayacaqlar, çalışacaqlar, gələcəklər, gedəcəklər, o cümlədən iş dalınca gələcəklər, Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər". Bu, Azərbaycan tərəfinin humanist addımı, "erməni vətəndaşlarını xilas etmək" planının çağırışı hesab oluna bilər. Digər tərəfdən isə bu fikirlər, erməni xalqının rahatlığı üçün bölgədəki seperatçı rejimin ləğvini mütləqiyyətə çevirir. Bu fikirin məhz sərhəd delimitasiyası prosesi ərzində deyilməsi isə bir daha sübut edir ki, Prezidentimiz mahir siyasətçidir. Yəni o, düzgün vaxtda, düzgün addımın necə atılacağını çox gözəl bilir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə