Bakının xeyrinə dəyişən güc balansı -TƏHLİL

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsi vacibliyinə, əhəmiyyətinə görə tariximizdə özünəməxsus yer tutur. Sonuncu Qarabağ müharibəsində qazanılan qələbənin ardınca bu bəyannamənin imzalanması ən uğurlu hadisədir və bu hadisə ölkəmiz üçün saysız-hesabsız perspektivlər, imkanlar deməkdir ki, bu da öz növbəsində dövlətimizin qüdrətinin daha da artması potensialından xəbər verir.

Şuşa Bəyannaməsinin əsas müddəalarına görə, Tərəflərdən hərhansə birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədi ilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüslər həyata keçirilməsi, BMT nizamnaməsinə uyğun olaraq, bir-birinə lazımi yardım göstərməsi, silahlı qüvvələrin güc və ya idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bir sözlə, Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının missiya müddəti başa çatdıqda artıq suverenliyimizi təhdid elementlərini bir daha zərərsizləşdirmiş olduq. Bəli, məhz qardaş ölkə Türkiyə ilə birgə buna nail olduq və bir millət iki dövlət olan ölkələrimizin rəhəbərləri tərəfindən müttəfiqlik barədə imzalanan bəyannamə, Şuşa Bəyannaməsi ilə bunu mütləq şəkildə reallaşdırdıq.

Diqqətə çatdıraq ki, 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra, daha dəqiq desək, 2021-ci ildə Şuşa bəyannaməsi ilə bu dəfə Qarabağın təhlükəsizliyinin qarantı oldu. Belə demək mümkünsə, bir növ bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi. Bu müttəfiqlik əlbəttə ki, həm də qardaş ölkə ilə münasibətlərin daha da yaxınlaşması baxımından da xüsusilə önəmlidir. Beləki, artıq bundan sonra iki ölkənin silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə təhdid, yaxud müdaxiləyə qarşı birgə addım atılacaq, ölkələrimizin orduları hərbi arsenalın təminatından tutmuş təlimlərə qədər, bütün istiqamətlərdə birgə formalaşdırılacaq, hər iki ölkənin Milli Təhlükəsizlik Şurası mütəmadi olaraq birgə iclaslar keçirəcək və milli maraqların qorunması ilə bağlı birgə qərarlar verəcək, hətta Zəngəzur dəhlizinin açılması üçün də birgə səylər artırılacaq.

Qardaş ölkə ilə birgə imzalanan bəyannamə ilə bundan sonra bir növ Qarabağda sülhməramlı kontigenti olan Rusiyanın əl-qolu da bağlanır. Daha dəqiq desək, bundan sonra Xankəndidə ruslar Azərbaycana qarşı hər-hansı təhdid yaratmaq barədə xam xəyallara belə düşə bilməzlər, çünki qarşılarında Azərbaycanla yanaşı, artıq Türkiyəni də görürlər. Belə bir vəziyyət isə Rusiya sülhməramlılarının bölgədən ən geci 5 il sonra çıxması və ermənilərin yaşaması üçün ayrılan bölgələrdə belə Azərbaycan idarəçiliyinin bərpa edilməsi anlamına gəlir.

Bütün bunlarla yanaşı, artıq Azərbaycan tərəfinin tələbləri, 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası ilə əlaqədar tələbləri əhəmiyyətli dərəcədə, yəni daha da sərtləşdirilə bilər. Erməni qoşunların çıxarılmasına qoyulan tələblərin bundan sonra daha kəskin xarakter alacağı heç bir şübhə doğurmur. Çünki, torpaqlarımızda separatçı rejimin və erməni terrorçuların neytrallaşdırılması məqsədilə mümkün anti-terror əməliyyatlarını Azərbaycan Türkiyə ordusu ilə birlikdə həyata keçirəcək və bunun artıq hüquqi əsası da var. Əslində, buna ehtiyac olmadan ermənilər özləri vəziyyəti başa düşəcəklər, daha doğrusu, artıq başa düşürlər və bundan sonra özləri öz çarələrinə qalmaq məcburiyyətindədirlər.

Hazırda ən aktual məsələlərdən birinin də məhz delimitasiya və demarkasiya olduğu sirr deyil. O da gizli deyil ki, ermənilər, erməni cəmiyyəti bu məsələlərdə öz maraqlarını, bundan irəli gələn narazılıqlarını da ortaya qoyurlar. Heç şübhəsiz ki, bu maraq və narazılıqlarını Fransa prezidenti Makronun timsalında dünya liderlərinə də çatdırmaqdan çəkinmirlər və bu işdə hansısa yardım umduqları da bəllidir. Amma, ermənilər artıq yaxşı başa düşürlər ki, bundan sonra onların bu cəhdləri də mənasızdır. Çünki, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsində artıq Türkiyə də tərəfdir. Yəni, ermənilərin ruslar, fransızlar kimi böyük qardaşları bundan sonra yalnız özləri kimi mənasız ola bilərlər. Hətta, sərhəddə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsi belə baş verərsə, Türkiyə də müşahidəçilər arasında olacaq və artıq bunu onların özləri də yaxşı başa düşürlər. Artıq başa düşürlər, daha doğrusu başa düşmək məcburiyyətindədirlər ki, sərhəddə Azərbaycanın maraqlarına qarşı yarana biləcək təhdidlər Türkiyənin iştirakı ilə neytrallaşdırılacaq.

Daha çox və xüsusi diqqətə layiq məqam ondan ibarətdir ki, ermənilərin yenə də Dağlıq Qarabağ məsələsində Minsk Qrupu formatını ortaya atması cəhdi artıq bundan sonra ən uğursuz cəhd, hətta ən uğursuz ideya hesab olunur. Əvvəla ona görə ki, bölgədə praktiki addımlarla Azərbaycanın sərhədləri daxilində yarana biləcək təhlükələri neytrallaşdıran Türkiyədir və bu qardaş dövlət, müttəfiqlik barədə Azərbaycanla birgə Şuşa Bəyannaməsi imzalayan ölkə, beynəlxalq siyasi platformada da bu cəhdlərə qarşı bir növ qalxandır. Şübhəsiz ki, Minsk Qrupunun timsalında hərhansı beynəlxalq qurum artıq bunu başa düşür və Şuşa Bəyannaməsindən sönra bunu başa düşmək məcburiyyətindədir.

Onu da xatırladaq ki, revanşist qüvvələrdən tutmuş, bəzi müxalifətçilərə qədər bir çox qruplar Qarabağda hansısa status arzusuna, xam xəyalına düşmüşdülər və hətta bu xəyalları barədə rus qardaşlarına da danışmışdılar. Bir növ, ermənilər ruslardan özləri üçün kiçik də olsa bir status umurdular. Ruslar isə onlara status verməsələr də, bəzən müəyyən ümidlər də olsa verirdilər. Məsələ burasındadır ki, Azərbaycan sərhədinin təhlükəsizliyinin qarantı olan müttəfiqlik bəyannaməsi ermənilərin Qarabağda “status” arzularının belə birdəfəlik dəfn edilməsi deməkdir. Çünki, ruslar özləri də başa düşürlər ki, birgə imzalanan bəyənnamədən sonra status barədə nəinki söz vermək, hətta danışmaq belə absurd və gülünc səslənər. Hər dəfə ermənilərin status söz-söhbətlərini sonraya, gələcək zamana saxlayan, bununla da onlara ümid verən Rusiya bundan sonra erməni cəmiyyətinə bu statusu, status barəsində vədi belə verə bilməyəcək ki, bunu onlar özləri də başa düşürlər. Təkcə ruslar, təkcə Rusiya deyil, indi hamısı başa düşür ki, Azərbaycana qarşı Cənubdan, Şimaldan və Qərbdən gələ biləcək bütün mümkün təhdidlərin qarşısında artıq rəsmi olaraq Şuşa Bəyənnaməsi, qardaş ölkə, Türkiyə ilə müttəfiqlik dayanır.

Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün astanasıdır. Cəsarətlə deyə bilərik ki, Qarabağda və bütün bölgədə güc balansı Bakının xeyrinə dəyişdi. Çünki, Rusiya və Fransanın timsalında hər zaman Qarabağ əraziləri ilə bağlı məsələlərə yerli-yersiz qarışan ölkələr belə öz hesablarını götürdülər. Bir zamanlar bölgədə ərköyünlük edən ermənilər də, onlara havadarlıq edən ruslar da, erməni dəyirmanına su tökən fransızlar da geri çəkilmək məcburiyyəti qarşısındadırlar və məhz bu səbəbdən güc balansında dəyişiklik, daha dəqiq, Azərbaycanın xeyrinə dəyişiklik danılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...