Laçın o zamandakı hakimiyyətin səriştəsizliyinin qurbanı olub ANAP sədri faktları açdı

“Erməni faşistlərinin 366-cı alayın hərbi qulluqçularının yardımı ilə törətdiyi Xocalı faciəsindən sonra Azərbaycanda hakimiyyət uğrunda mübarizə daha da qızışdı. 1992-ci ilin 6 martında Azərbaycan Xalq Cəbhəsi tərəfindən parlamentdə girov saxlanılan prezident Ayaz Mütəllibov istefa vermək məcburiyyətində qaldı. Lakin onu hakimiyyətdən zorakı vasitələrlə uzaqlaşdıranlar nədənsə hakimiyyət yükünün məsuliyyətini öz üzərlərinə götürmək istəmədilər”. Bunu ANAP-ın sədri Abutalıb Səmədov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə 69 günlük hakimiyyətsizlik dövrü yarandı : “Bu məqamdan istifadə edən ermənilər əvvəlcə Şuşanı, sonra isə Laçını ələ keçirdilər. Alınmaz qala olan Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildi və 28 il düşmən əsarətində qaldı. 27 sentyabr 2020-ci il tarixdə başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Müharibənin gedişində usta diplomatik gedişləri ilə düşmənləri çıxılmaz vəziyyətə salan Prezident İlham Əliyev xarici KİV nümayəndələrinə 30-a yaxın müsahibə verdi. Bu müsahibələrdə 23 dəfə sülh planını elan edən Ali Baş Komandan düşmənə təklif etdi ki, işğal altında olan ərazilərimizin azad olunma qrafikini təqdim etsin. Bu halda Hərbi qüvvələrimizə dayanmaq əmrini verəcəyini bəyan etdi”.

A.Səmədov bildirdi ki, uzun müddət bu addımı atmaq istəməyən Ermənistan rəhbərliyi nəhayət, noyabrın 10-da “təslim aktına” imza atdı və işğal altında qalan rayonlarımızı, o cümlədən, Laçını azad edəcəyini öhdəsinə götürdü: “Sonralar bu barədə danışan Ali Baş Komandan deyirdi ki, “ermənilər “təslim aktına” imza atmaq istəmirdilər, onları biz və Rusiya prezidenti məcbur etdik”.

İmzalanmış “Bəyanat”ın 6-cı bəndinə uyğun olaraq Ermənistan respublikası 1 dekabr 2020-ci il tarixində Laçın rayonunu əsil sahibinə qaytarmaq məcburiyyətində qaldı. Beləliklə, Azərbaycan Ordusu şəhid vermədən, güllə atmadan ermənilərin ağlaya-ağlaya tərk etdiyi Laçın rayonuna daxil oldu. Bu Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən diplomatiyamızın misilsiz qələbəsi idi və tariximizin ən şərəfli səhifələrindən biri kimi daim xatırlanacaqdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə