"Şuşanın işğaldan azad edilməsi milli qürur məsələsi idi" DEPUTATDAN AÇIQLAMA

"Hər bir azərbaycanlının fəxarət yeri olan Şuşa şəhərinin 1992-ci ilin mayın 8-də Ermənistan tərəfindən işğal olunması hər birimiz üçün ağır sarsıntıya səbəb oldu". Bu sözləri SİA-ya açılamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Şuşanın işğal edilməsi Azərbaycan xalqının təhqir edilməsi, Azərbaycanın tarixinə, mədəniyyətinə vurulan ağır bir zərbə idi: "Çox təəssüf ki, Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə böyük siyasətdən uzaqlaşdırılması, Azərbaycan hakimiyyətinə bir-birinin dalınca Moskvanın dəstəyi ilə vətənpərvərlikdən və dövlət idarəçiliyindən uzaq olan şəxslərin gətirilməsi Azərbaycan ərazi bütövlüyü məsələsini təhlükə altında qoydu. Bundan istifadə edən həmçinin, keçmiş SSR-nin resurslarını maksimum istifadə edən erməni millətçiləri bir-birinin ardınca torpaqlarımızı, ən əsası isə mayın 8-də Şuşa şəhərini işğal etdilər. Şuşa şəhərini qorumaq, düşmənə verməmək mümkün idi. Coğrafi vəziyyət onun işğal edilməsini mümkünsüz edirdi. Ancaq xəyanət, hazırlıqsız, dövlət işinə məsuliyyətsizlik bu işğala zəmin yaratdı. Azərbaycan uzun müddət torpaqlarını işğaldan azad edilməsinə ciddi hazırlıq görürdü. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması, onun Azərbaycan dövlətçiliyinin əsasını qurması buna böyük bir zəmin yaratdı. Ulu Öndərin siyasətini Prezident cənab İlham Əliyevin böyük qalibiyyətlə davam etdirməsi bir çox problemlərimizin həllinə, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsinə böyük yol açdı. 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Dağlıq Qarabağ problemini birdəfəlik siyasi gündəlikdən çıxartdı. Hər bir azərbaycanlı 8 noyabr 2020-ci ildə cənab Prezidentimizin canlı yayım vasitəsilə “Şuşa sən azadsan”, “Şuşa işğaldan azad edildi” fikirlərini bildirməsi böyük sevincə səbəb oldu. Azərbaycan xalqının 200 il ərzində çiynində olan ağır yükü götürdü. Bu ağır yükü Heydər Əliyev yolu, Prezident İlham Əliyevin siyasəti götürdü".

Deputat həmçinin qeyd edib ki, Şuşanın bərpa edilməsi birbaşa cənab Prezidentin diqqətində olan məsələdir: "Cənab Prezidentin bir neçə dəfə ora səfər etməsi və oranın bərpa edilməsi ilə bağlı tapşırıqlar verməsi və tapşırıqların icrasına nəzarət etməsi Şuşanın qısa bir zamanda bərpa ediləcəyini göstərir. Şuşa Azərbaycanın mədəniyyət mərkəzi elan edilir. Şuşada hər il beynəlxalq musiqi festivallarının keçirilməsi nəzərdə tutulur. Şuşa həmçinin Azərbaycanın dünya səviyyəsində tanınan bir turizm mərkəzinə çevriləcəkdir. Şuşada abadlıq işlərinin aparılması, onun təyinatına uyğun olaraq, mədəniyyət statusuna uyğun olaraq, tikililərinin aparılması, infrastrukturunun yenilənməsi gecə-gündüz davam etdirilir. Füzuli-Şuşa yolunun çəkilməsi isə bu regionun konfiquriyasını kökündən dəyişir. Eyni zamanda Füzuli-Şuşa yolundan məşhur İsa bulağına müasir yolun çəkilməsi mədəniyyət ocağımızın da bu gün hər bir kəsimizin seyr edə biləcəyi ünvana çevrilir. Şuşanın işğaldan azad edilməsi milli qürur məsələsi idi ki, Azərbaycan bunu edə bildi. 3 minə qədər öz canını qurban verən Azərbaycan şəhidi bu gün öz qanı ilə Azərbaycan torpaqlarını, qədim mədəniyyət məskənimiz olan Şuşanın üzərində üçrəngli bayrağın dalğalanmasını təmin etdi. Azərbaycan bundan sonra bir qarış torpağını belə düşmənə verməyəcək. Bu birmənalıdır. Bu hər birimizin qarşısında duran bir mənəviyyat, bir borc məsələsidir. Hər bir azərbaycanlı bunu edir və edəcəkdir".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə