Rus hərbi ekspert: Moskva İrəvan hadisələrini səhv təhlil edir - ANALİZ

İqor Korotçenko: “Ermənistanda vəziyyət bütün sahələrdə (siyasətdə, iqtisadiyyatda, sosial cəhətdən) o qədər pisdir ki, heç kim bundan 5-6 ay sonra nə olacağını bilmir”

Hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Pravda.ru saytının baş redaktoru İnna Novikovaya müsahibəsində hazırda Ermənistanda nələr baş verdiyini, Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağını, eləcə də Rusiyanın postsovet məkanına təsirinin perspektivləri barədə fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

Çətin vəziyyət

- İqor, hazırda Ermənistanda nə baş verir?

- Ermənistanda hakimiyyət uğrunda mübarizənin kəskin bir mərhələsi var: Paşinyan və onun siyasi rəqibləri. Ağır artilleriya, əslində hərbi çevrilişə çağıran Ermənistanın keçmiş prezidenti Robert Koçaryandır. Paşinyan isə ona sadiq generallara güvənir.

Ermənistan Baş Qərargahı daxilində, Ermənistan hərbi kəşfiyyatının rəhbərliyi altında və ona məxsus xüsusi hərbi hissələrə tabe olan bir qrup var. Kritik bir anda həlledici rol oynaya biləcək xüsusi qüvvələrdir. Bu səbəbdən Paşinyana qarşı çıxan hərbçilərin hərəkətləri daha qəti hərəkətlərlə dəstəklənə bilməz və bu, Paşinyanın əlinə oynayır.

Bundan əlavə, milli təhlükəsizlik xidmətinin bir hissəsi olan mühafizə xidməti onun strukturundan çıxarılıb və birbaşa Paşinyana tabedir. Beləliklə, daxili dairəni mümkün xəyanətdən sığortalayır.

Bu gün əhalinin təxminən 60-70%-i Paşinyanın tərəfindədir, 30-40%-i isə əleyhinədir. Buna görə də, əgər indi kəskin hadisələr baş vermirsə, bu, o deməkdir ki, Paşinyan indiki hakimiyyət uğrunda mübarizəni qazandı.

Eyni zamanda, Moskva Yerevanda baş verən bir şeyin erməni xalqının daxili işi olduğunu bildirərək hadisələri səhv şərh edir.

- Ermənistan həqiqətən çox çətin vəziyyətdədir, 30 ildən sonra Dağlıq Qarabağ Azərbaycana qayıtdı. Paşinyanın bundan sonrakı proqramı nədir?

- Ermənistanda vəziyyət bütün sahələrdə (siyasətdə, iqtisadiyyatda, sosial cəhətdən) o qədər pisdir ki, heç kim bundan 5-6 ay sonra sonra nə olacağını bilmir. Hər kəs ancaq siyasi problemləri müzakirə edir. Siyasi elitalar bir-biri ilə güc və pul uğrunda mübarizə apardılar. Ancaq son dərəcə passiv olan Ermənistan xalqının əksəriyyəti heç bir tərəfə dəstək vermədi. Bu, hərbi məğlubiyyətdən sonra erməni cəmiyyətindəki vəziyyəti belə xarakterizə etmək olar:

-yorğunluq,

-məyusluq,

-çətin sosial-iqtisadi şəraitdə yaşamaq reallığı.

Rusiya İrəvanda baş verənləri izləyir. Ermənistan KTMT-dəki tərəfdaşımızdır, ikitərəfli münasibətlər çərçivəsində İrəvan qarşısında müttəfiqlik borclarımız var. Ancaq hər kəs Rusiyanın müdaxiləsinin öz zərərinə olacağını mükəmməl başa düşür. Buna görə də, erməni daxili siyasi çəkişməsində kimin qalib gələcəyini sakitcə gözləməliyik. İndiyə qədər Paşinyan sadəcə təəccüblü dərəcədə bir siyasi canlılıq nümayiş etdirdi.

- “İskəndər”lə bağlı tamamilə diletant və həqiqətəuyğun olmayan ifadəsi ilə biabır oldu, amma bu biabırçılıqdan yaxa qurtardı...

- Paşinyan başqalarını günahlandırdı, ona düzgün məlumat vermədiyini söylədi və Rusiya “İskəndər”inə qarşı bütün iddialarını geri götürdü. Onu bağışladılar, Moskvadan bir az uzaqlaşdırdılar və Ermənistanda geniş miqyaslı bir siyasi böhran yarandı. Paşinyan bu açıqlamanı bir gün əvvəl onu bütün günahlarda ittiham edərək böyük bir material ortaya qoyan rəqibi Serj Sarkisyana bir zərbə vurmaq üçün etdi. Paşinyan oxları Rusiyaya tərəf yönəltməyə ehtiyac olmadığı mənasında yaxşı bir dərs aldı. Ermənistandakı hər hansı bir siyasətçi üçün bu, çox baha başa gələ bilər.

Təsir itkisi

- Onun əslində, kimin tərəfdarı olduğunu bilirik və o, nə etdiyini yaxşı başa düşür, buna görə də bu cür insanlar əyani dərsləri zəif qəbul etmirlər. Onu maliyyələşdirənlər və öyrədənlər isə nə etdiklərini yaxşı bilirlər. Qorxuram ki, o, bu postda qaldığı müddətdə Rusiya ilə qarşıdurma siyasəti davam edəcək (hələlik, itaət edir və amma sonra başqa bir şey edəcək).

- Ancaq Ermənistanda hərbi çevriliş edə bilmərik, elədir? Ermənistanın hərbçiləri bunu edə bilməzlər və Rusiya bu vəziyyətdə hadisələrin moderatoru deyil. Postsovet məkanında özümüzü gücləndirməyimiz lazım olan başqa bir məsələdir, çünki Rusiya tərəfindən MDB-dəki mövqelərdə ciddi itki var.

Ukraynada çox solğun görünürük, Gürcüstanda da digər ölkələrdə mövqeləri itiririk. Təəssürat belə yaranır ki, ya prosesləri idarə etmirik, ya da onları idarə edə bilmərik. Ancaq bu siyasi proseslərin nəticəsi Rusiyanın postsovet məkanındakı real təsir sahəsindən sıxışdırılmasıdır. Və bu, yalnız milli təhlükəsizliyimiz üçün sistemli bir problem deyil. Bu, MDB ilə qarşılıqlı fəaliyyətə cavabdeh olan və məsuliyyət daşıyan kadrların keyfiyyəti ilə bağlı bir sualdır. Hanı bizim;

  • hakim yumşaq güc,
  • Rossotrudniçestvo,
  • “Russkiy Mir” Fondu?

Rusiyanın postsovet məkanında bir şeyə təsir göstərməsi üçün lazım olan on milyardlarla rubl haradadır? Postsovet məkanında siyasətimizin keyfiyyəti son dərəcə aşağıdır. İstisnasız olaraq bütün şöbələr qənaətbəxş olmayan bir iş keyfiyyəti nümayiş etdirirlər.

Hər yerdə Rusiya ilə əlaqəli fiqurlar siyasi cəhətdən iflasa uğrayır. Rusiyanın ictimai rəyə təsir rıçaqları postsovet məkanında hər il azalır.

Bütün bunlar sərhədlərimizdə Rusiyaya qarşı düşmən rejimlərin qurşağı ilə sona çatacaq. MDB ölkələrində xarici hərbi məsləhətçilər meydana çıxmağa davam edəcək və gələcəkdə ölkəmizə yönəlmiş silahlar, bir neçə dəqiqəlik uçuş məsafəsində olan raketlərlə təchiz olunmuş hərbi bazalar meydana çıxacaq və bu, bizim ölkəmiz üçün milli təhlükəsizlik keyfiyyətinin kəskin pisləşməsi deməkdir.

Müsahibəni aldı – İnna Novikova

Tərcümə etdi – Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə