“Gəncə şəhərinə nə qədər çox turist gələrsə…” - EKSPERT FİKİR BİLDİRDİ

“Gəncədə UNESCO-nun mədəni irsi siyahısına daxil edilmiş tarixi abidələr mövcuddur. Gəncənin ümumi planına uyğun olaraq turistlər çox rahat şəkildə hərəkət edə bilirlər. Üstəlik, Gəncənin son illər də daha da inkişaf etdiyini vurğulamaq lazımdır. Şəhərin hazırda həm modern üslubu, həm də tarixi özündə əks etdirən unikal gözəlliyi var". Bu sözləri SİA-ya danışan turizm eksperti Rəhman Quliyev deyib.

Ekspertin sözlərinə görə, Gəncənin ətrafındakı ərazilərə də turistləri cəlb etmək lazımdır: "Gəncənin ətrafında yerləşən Hacıkənd, Göygöl və Maralgöl istiqamətlərinə də turistlərin aparılması lazımdır. Hesab edirəm ki, Gəncəyə mütəmadi olaraq turlar təşkil edilməsi, eyni zamanda Hacıkənd, Göygöl və Maralgöl də turlar siyahısına salınması daha məqsədəuyğun olar".

Rəhman Quliyev qeyd edib ki, Gəncə əhalisinin də turistlərlə işləməsi arzuolunandır. Çünki həmin şəhərə nə qədər çox turist getsə, oradakı insanların da sosial rifahı bir o qədər yaxşı olacaq. Çünki hər bir turist getdiyi yerdə pul xərcləyir. Bu isə öz növbəsində həmin ərazidə yaşayan insanların sosial rifahına xidmət edir".

Ekspert onu da diqqətə çatdırıb ki, Gəncə "Böyük İpək Yolu"nun üzərində yerləşən şəhər olduğuna görə turistlər üçün də hər zaman maraqlı olacaq: "Düşünürəm ki, yaxın gələcəkdə Gəncədən Kəlbəcər istiqamətinə gedən yol üzərində də turizm imkanlarını genişləndirəcək. Yəni Kəlbəcərə gedən turistlər yolüstü Gəncəni ziyarət etməsi bu şəhərin turizm potensialını daha da artıracaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə