Yevgeni Mixaylov: "Qarabağda gördüklərim erməni mifini darmadağın etdi" - MÜSAHİBƏ

Rus politoloq Qarabağın azad edilmiş torpaqlarına baş çəkdi: İşğalçılar burada xalqın tarixini "öldürməyə" çalışıblar, heç vaxt, heç yerdə belə bir şey görməmişəm ...

Rusiyalı politoloq, etnik münaqişələr üzrə ekspert, jurnalist Yevgeni Mixaylov bu yaxınlarda Azərbaycanın azad edilmiş ərazilərinə, habelə 2-ci Qarabağ müharibəsi zamanı əhalisinin Ermənistan ordusu tərəfindən vəhşicəsinə raket hücumlarına məruz qaldığı, uşaqlar da daxil olmaqla xeyli mülki şəxsin öldürüldüyü, ölkənin 2-ci böyük şəhəri olan Gəncəyə səfər edib. "Moskva-Baku" platformasına verdiyi müsahibədə politoloq münaqişədən sonrakı Azərbaycana səfəri zamanı gördüklərindən dəhşətə gəldiyini söyləyib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Yevgeni Aleksandroviç, Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdiyiniz məlumdur. Başqa harada oldunuz? Gördükləriniz sizə necə təsir bağışladı, necə deyərlər, nələr yaddaşınızdan çıxmır?

- Əvvəlcə Gəncəni ziyarət etdim, Ermənistan ordusunun Qələbənin 45-ci ildönümü parkına və yaşayış binalarına raket yağdırdığı yerdə oldum. Ailəsi (hamilə anası, atası, nənəsi) raket zərbəsi nəticəsində öldürülən, özü və 3 yaşlı nəvəsi sağ qalan Gəncə sakini ilə görüşdüm. Ondan müsahibə aldım və eşitdiklərimdən, gördüklərimdən çox təsirləndim. Gəncədəki dağılmış yaşayış binasının yerində oyuncaqlar indi burada günahsız uşaqların öülümünü xatırladacaq formada yatır. Gördüyüm hər şey mülki əhaliyə qarşı xaincəsinə edilmiş bir gecə zərbəsi nəticəsində burada baş verən böyük faciə haqqında qışqırırdı. Ermənistan tərəfi döyüşdə qalib gələ bilmədi və mülki əhaliyə raket zərbələri endirdi, bu, belə bir qorxutma aktı idi. Ancaq bu, heç bir fayda vermədi.

Nəvəsi ilə qalan bu baba indi kirayədə yaşayır. Yaxın gələcəkdə onlara yeni mənzil verilməlidir. İkinci Qarabağ müharibəsindən sonra dövlət zərər çəkmiş əhaliyə dəstək verir. Bu da ölkə rəhbərliyinə hörmət hissi yaradır.

Gəncədən sonra Ağdama getdim. Gəncliyimdən bir hekayə Ağdamla bağlıdır. Mən kənddə böyümüşəm. 10-12 yaşım var idi, o zaman əsgərlər davamlı olaraq kənd təsərrüfatı məhsulları yığmaq üçün bizə gəlirdi. Deyəsən, 1983-cü ildə bizim yerimizdə bir inşaat batalyonu dayandı və əksər yerlərdə ağdamlılar da daxil olmaqla Azərbaycandan olan uşaqlar var idi. Torpağımız məhsuldardır və yayda bağları təmizləməyə gəlirdilər. Yadımdadır, bu ağdamlı əsgərlərin həmişə uşaqlara meyvələrlə necə davrandıqlarını və torpaqları, vətənləri - onun gözəl bağları haqqında necə danışdıqlarını xatırlayıram. Uşaq vaxtı Ağdamın gözəlliyini belə öyrəndim. İndi Ağdama gəldikdə, onun həqiqətən gözəl olduğunu başa düşdüm. Buradakı hər şeyin monumental olduğu görülə bilər: geniş küçələr, Qarabağ xanının iqamətgahı, bir teatr… təəssüf ki, yalnız xarabalıqlar qalmışdır. İnsanların burada vaxtilə yaxşı yaşadıqlarını görmək olur. Ağdamlıların uşaqlığımda mənə söylədiklərini xatırlayaraq, işğal zamanı Ağdama nə etdiklərini görəndə dəhşətə gəldim...

Uşaq vaxtı həmişə Azərbaycana gəlmək istəyirdim. Azərbaycan kimin nə deməsindən asılı olmayaraq hamı üçün bir ölkədir. Burada hər kəs bir araya gələ bilər, separatizm və millətçiliyə yer yoxdur.

Ağdamda bizə vəhşicəsinə qətlə yetirilən Xocalı şəhərinin sakinlərinin dəfn yeri göstərildi. Dəfn yerindəki insanlar xatirə lövhələri quraşdırdılar.

Xarici əraziləri işğal edənlərin başqa dinə necə münasibət göstərmələrinin məni çox təsirləndirdiyini etiraf edirəm. Məscidlər dağıdılıb, orada mal-qaranın saxlandığı aydındır.

Qarabağ xanlarının talan edilmiş, sındırılmış qəbrindən təsirləndim. Qarabağ xanlığının qurucusu Pənahəli xanın ev-iqamətgahında donuzların saxlandığı da açıq-aşkar hiss olunurdu. Möhtəşəm binalar bərbad və baxımsızdır. Məşhur şairə, son Qarabağ xanının qızı Xurşidbanu Natəvanın məzarı gördüyüm digər məzarlarda olduğu kimi, sözün əsl mənasında, hər tərəfi qazılıb çevrilib. Sümüklər ətrafına səpələnib. Ağdam məscidi də qorxunc vəziyyətdədir. Mən də digər jurnalistlər kimi burada baş verənlərdən çox təsirləndim.

İşğaldan əvvəl insanlar burada yaxşı yaşayırdılar. Gözəl təbiəti var. Bütün binalar daşdan tikilmişdir. Və indi yalnız xarabalıqlardır. Və bu xarabalıqların arasında yaxşı vəziyyətdə qalan yalnız 2 böyük bina var. Bunlar tələsik tərk edilmiş erməni kazarmaları və hərbi texnika qarajıdır. İndi Azərbaycan əsgərləri bu binalarda yerləşib. Aydındır ki, ermənilər heç vaxt işğal etdikləri bu torpaqları yaxşılaşdırmaq niyyətində deyildilər, hətta kütləvi şəkildə burada yaşamaq niyyətində deyildilər. Bəs onda niyə işğal etdiniz?!

Erməni tərəfinin 30 illik işğalı dövründə təbliğ etməyə çalışdığı bütün mif və əfsanələri sındıraraq burada törədilən vəhşiliyə görə qəzəbləndim. İşğaldan azad edilmiş torpaqları görən hər kəs baş verənlərdə həqiqətən kimin günahkar olduğunu başa düşəcəkdir. Erməni tərəfinin günahkar olması hamıya aydındır. Bəli, bu, separatçıların yararlandığı Sovet İttifaqının dağılma dövrü idi. Ermənistan, digər əməllərlə yanaşı, muzdlulardan Qarabağdakı dinc Azərbaycan əhalisini məhv etmək üçün istifadə etdi, bütün şəhərləri yer üzündən sildi, heç kimin orada yaşamaması üçün yandırılmış torpaq siyasəti yürüdürdü. Rus atalar sözündə deyildiyi kimi, "özümə lazım deyil, başqasına da vermərəm".

- Sizcə, işğala və bu yandırılan yer siyasətinə əsas təkan verən nə idi?

- Milliyyətçilik, separatizm, əsrlər boyu yaşanan nifrət, fikrimcə, heç nəyə əsaslanmır. Ermənilərin azərbaycanlılara nifrəti təəssüf ki, indi də görünür, həm sosial şəbəkələrdə, həm də mediada. Ancaq bu xalqlar Sovet İttifaqında birlikdə yaşadılar, birgə evliliklər var idi. İndi də Bakıda 30 minə yaxın erməni yaşayır. Sovet İttifaqı dağılmazdan əvvəl ermənilərin nifrəti səsləndi, bu haradan gəldi?! Azərbaycanlılar ermənilərə nə pislik etmişdi? Heç nə. Əksinə, Azərbaycan həmişə müxtəlif xalqlara ev sahibliyi edib. Və bu gün Azərbaycanda bütün millətlərin nümayəndələri bərabər hüquqlarla yaşayırlar, həm də yaxşı yaşayırlar.

Nəhayət, Azərbaycan ərazilərinin işğalı nəticəsində ən çox itirən erməni tərəfi oldu. Onların torpaqları var, amma istifadə etmədilər, insanlar üçün yaxşı nəsə etmədilər. Bakıda Sovet dövründə ermənilərin əla mövqeləri, gözəl həyatı var idi. Heç kim milliyyətinə görə bölünmürdü. Hər şey var idi. Ancaq bu, onlara az göründü. Və Qarabağdakı separatçılıq prosesini başlatmaqla, qonşu xalqın torpaqları ələ keçirməklə onlar öz gələcəklərini uzun onilliklər ərzində məhv etdilər. İndi Azərbaycan öz torpaqlarını qaytardı. Ancaq təəssüflər olsun ki, erməni xalqının bəzi beyinlərində, düşüncələrində intiqam almaq istəyi var. Rusiyada dedikləri kimi, qonşularını sev. Əgər qonşun sənə pis bir şey istəmirsə, onda onu məhv etmək nəyə lazımdır?

Azərbaycana səfərim zamanı vəfat etmiş rus əsilli azərbaycanlı hərbçi Dmitri Solntsevin bacısı - Yuliya Solntseva ilə söhbət etdim. Yaxın günlərdə rusların 2-ci Qarabağ müharibəsində Azərbaycan üçün necə vuruşduqlarına dair bir hekayəm olacaq. Azərbaycanda müharibə dövründə milliyyətindən asılı olmayaraq hamı bir nəfər kimi vətənləri uğrunda döyüşməyə getməyə hazır idilər. İş o yerə çatdı ki, hamını götürmədilər.

Bu, həqiqətən Vətən müharibəsi idi. Xalqın ruhunda ölkənin ərazi bütövlüyünü qaytarmaq üçün belə bir istək var idi ki, ailələri qətlə yetirilən, öldürülən və evlərindən qovulanlar doğma yurdlarına qayıtsınlar. Əminəm ki, azad olunandan və Azərbaycana qayıtdıqdan sonra Qarabağ çiçəklənən bir bölgəyə çevriləcəkdir. Ermənilər də davakarlıq və qonşularına nifrət nəticəsində nələr itirdiklərini görəcəklər. Bu, onlar üçün ən ağrılı zərbə olacaq. Ermənistanda bir çox insan Azərbaycanın onlara təmin edəcək zəngin bir ölkə olduğunu, azərbaycanlıların onlara nifrət etmədiyini başa düşür. Axı onlara həmişə deyirdilər: uşaqlar, gəlin dinc yaşayaq, yalnız ərazilərimizi bizə qaytarın. Və azərbaycanlıların indi nifrəti yoxdur. Erməni əhalisindən fərqli olaraq dinc yaşamaq istəyirlər. Azərbaycan ordusunda xidmət edən rus hərbçilərinin qohumlarının ermənilər tərəfdən təhqirə məruz qoyulduğunu bilirəm - onlar Azərbaycan uğrunda vuruşduqlarına görə. Bu, cəfəngiyyatdır. Çoxmillətli Azərbaycanda vətən hər kəs üçün birdir.

- Əlbəttə ki, Qarabağı bərpa etmək üçün çox vaxt lazım olacaq...

- Bəli, bu, çox vaxt aparacaq. Əvvəla, indi bərpasına başlanan bir yol infrastrukturu yaratmaq lazımdır. Füzulidə hava limanı tikilir, Şuşaya yol çəkilir. Daha genişmiqyaslı tikinti işlərinə başlanacaqdır. Əlbəttə ki, Azərbaycan uzun müddət yalnız öz gücü ilə öhdəsindən gələcəkdir. Ancaq artıq başqa dövlətlərin bu işləri həyata keçirmək üçün necə çalışdığını görürük. İlham Əliyevin təmsil olunduğu ölkə hakimiyyəti ərazilərin sürətlə bərpa olunması və ərazilərdəki müstəsna yaşayış keyfiyyətində maraqlıdır. Əminəm ki, bu, tam təmin ediləcəkdir.

- Olduğunuz digər münaqişədən sonrakı ərazilərlə müqayisədə burada, Azərbaycanın azad edilmiş ərazilərində özünəməxsusluqlar gördünüzmü?

- İşğal zamanı Azərbaycan xalqının tarixinin məqsədyönlü şəkildə məhv edilməsi məni ən çox heyrətə gətirdi. Bu, sözün əsl mənasında, əsas vəzifə olub. Bu torpağın azərbaycanlılara mənsubluğu burada dərindən kök salmışdı. Mən əslində, Azərbaycan xalqının tarixinin soyqırımını gördüm. Şübhəsiz ki, onu yer üzündən silmək istəyirdilər, belə ki, burada azərbaycanlıların yaşaması barədə heç bir söz belə deyilmirdi. Heç bir yerdə belə bir şey görmədim. Səthi götürsək, sanki bu torpaqların atom partlayışından sonrakı halda olduğu hissi var. Yuxarıdan- vertolyotdan baxırsınızsa, bu fasiləsiz məhv edilmə prosesi xüsusilə hiss olunur.

- İndi Ermənistan tərəfi Azərbaycana qaytarılan ərazilərdəki erməni abidələrinin təhlükə altında olduğunu çox güclü şəkildə israr etməyə davam edir...

- Erməni tərəfi işğal olunmuş ərazilərdə hər şeyi məhv etdi. Və abidələrinin təhdid altında olduğunu söyləmək təcavüzkar bir böhtandan, dezinformasiyadan başqa bir şey deyildir ki, erməni xalqı yenidən həqiqəti təhrif etsin, qurbanın təcavüzkarın yerinə qoyulduğu üçün kədərlənsin. Ancaq nəticə verməyəcək. Azərbaycan xalqı yad mədəniyyət abidələrinin dağıdılması üçün heç vaxt əyilməyəcəkdir. Üstəlik, bu ərazilərdəki xristian kilsələrinin Ermənistanla heç bir əlaqəsi olmasa da, “becərildiyi”, “erməniləşdirildiyi” də məlumdur. Azərbaycanlılar bir şeyi məhv etmək istəsəydilər, çoxdan edərdilər. Və sonra Bakının tam mərkəzində baxımlı bir erməni kilsəsi olmazdı. Ancaq ermənilər tarixin kökünü tamamilə qopardılar ki, azərbaycanlılardan bəhs edilməsin. Yalnız öz adlarının çəkilməsini istəyirlər. Çox güclü bir təzad olduğu ortaya çıxdı- çoxmədəniyyətli Azərbaycan və monoetnik Ermənistan.

Pis xalqlar yoxdur, pis insanlar var. Rusiyada Azərbaycanı tərk edən ermənilərlə danışdım və özləri deyirlər ki, nəyimiz çatışmırdı, bütün bunları təşkil edənlər üçün nəyimiz çatışmırdı? Qarabağ münaqişəsi səbəbindən vətənlərini- Azərbaycanı itirdiklərini söyləyənlər var. Həqiqətən, Azərbaycanda həmişə hamıya xeyir-dua verilib. Yəhudi, rus, erməni - fərqi yoxdur, bakılıdır, azərbaycanlıdır. Milliyyət yox idi, sadəcə, bütün xaqların nümayəndələrinin mehriban yaşadığı bir Azərbaycan, çiçəklənən bir respublika idi. Ancaq erməni işğalı ucbatından gördüklərimiz ortaya çıxdı.

Əminəm ki, Qarabağda barbarlar tərəfindən məhv edilmiş hər şey bərpa olunacaqdır. Və burada əvvəlkindən daha yaxşı olacaq. Eyni zamanda, dünya ictimaiyyətinin Ermənistanın Azərbaycan mədəniyyətini və tarixini məhv etməyə çalışdığını görməsi üçün hər şey ediləcəkdir. Qarabağın tarixi Azərbaycan dövlətçiliyinin bir hissəsidir. Ermənistan buranı Azərbaycan xalqının yaddaşından çıxara bilmədi, 30 ildə heç nə edə bilmədilər. Azərbaycan hər şeyi bərpa etdikdə, erməni tərəfi Qarabağın necə çiçəkləndiyini görəcəkdir. Bunu münaqişə zəminində itirdiklərini başa düşmüş insanlar kimi qəbul etsələr, Azərbaycan onları qucaq açaraq qarşılayacaqdır.

Müsahibə aldı - Nana Xoştariya

Fotolar - Yevgeni Mixoylov

Tərcümə etdi - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...