YAP Səbail rayon təşkilatı şəhid ailələri və qaziləri xüsusi diqqət mərkəzində saxlayır

YAP Səbail rayon təşkilatının üzvləri Səbail rayonunun sakinləri, Vətən müharibəsinin qaziləri Fərid Həsənov Fizuli oğlu, Anar Xuduzadə Həsənağa oğlu və İsa Mustafayev Sultanəli oğlu ilə görüşüblər, qazi Ramazan Məmmədov Afis oğlunun ailəsini evlərində ziyarət ediblər. Ziyarətlərdə YAP Səbail rayon təşkilatının fəal gəncləri və “Energetik” (Azərbaycan Respublikası Energetika Nazirliyi) ərazi ilk partiya təşkilatının sədri və üzvləri iştirak ediblər.

Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsi, möhtəşəm Qarabağ Zəfəri münasibətilə qazilərimizi və onların ailə üzvlərini ürəkdən təbrik edən partiya fəalları Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi günlərində Azərbaycan xalqının milli birliyi, həmrəyliyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi sıx birləşməsi haqqında fəxarətlə bəhs ediblər.

Azərbaycan Ordusunun 44 günlük şanlı Zəfəri, keçdikləri çətin, eyni zamanda şərəfli döyüş yolu, Azərbaycan əsgərinin qələbə ruhu və mərdliyi, şücaəti, əsl qəhrəmanlıq dastanı yazaraq Vətən torpaqlarını işğaldan azad edən igidlər haqqında geniş danışan Vətən müharibəsi qaziləri bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar arzulayıblar.

44 günlük Vətən müharibəsində böyük şücaətlə iştirak edən Səbail rayonu qazilərindən Fərid Həsənov Fizuli oğlu “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə, Anar Xuduzadə Həsənağa oğlu “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə, Ramazan Məmmədov Afis oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə, İsa Mustafayev Sultanəli oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə» Azərbaycan Respublikasının medalları ilə təltif olunublar.

YAP Səbail rayon təşkilatının üzvləri qazilərimizin səhhəti və gündəlik qayğıları ilə maraqlanıblar, ailələrin qeyd etdikləri məsələlərlə bağlı müvafiq qurumlara müraciətlər ediləcəyi vurğulanıb. Ailələrə ərzaq sovqatları təqdim olunub.

Qazilər və ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə