Əli Kərimli-Cəmil Həsənli cütlüyü Türkiyə dəstəyinin əleyhinə çıxıb! MÜXALİFƏT

AXCP və “Milli Şura”nın sədrləri Azərbaycanın Ermənistan üzərində qazandığı qələbəsindən daim ehtiyatlanıb və hətta qorxublar

Zaman-zaman “ulu millət” pərdəsi altında çıxışlar edib, özünü “millət sevdalısı” kimi zorla ictimai rəyə sırımağa cəhdlər edən AXCP sədri Əli Kərimlinin əlaltısı, “Milli Şura”nın sədri Cəmil Həsənlinin bu yalanı da üzə çıxıb. Daha dəqiqi, məlum olub ki, hələ Qarabağın işğal altındakı ərazilərimizin azad edildiyi müddətdə o Türkiyə hərbi bazalarının Azərbaycanda fəaliyyəti mümkünlüyünə etiraz edib. SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov fikirlərini açıqlayarkən deyib.

O bildirib ki, Qarabağda əks-hücum əməliyyatlarından əvvəl Azərbaycanda Türkiyə hərbi bazalarının qurulmasına bir qurum etiraz etdi: “Milli Şura”, Cəmil Həsənli dedi ki, Türkiyə hərbi bazalarının qurulması məqsədəuyğun deyil. Bildirdi ki, hərbi əməkdaşlığın 100 forması var, hərbi bazanın da yaradılması onlardan biridir”.

ANAP sədrinin sözlərinə görə, bu, Cəmil Həsənlinin qəti etirazı idi.

Əli Kərimli ermənilərlə əl-ələ verib, Avropa Birliyi yolunda birgə şəkildə addımlamağı arzu edirmiş...

Lakin maraqlı məqamlardan biri də budur ki, Cəmil Həsənli ilə yanaşı, AXCP sədri Əli Kərimli də özünü üzdə “milli demokrat” kimi təqdim etsə də, kənarda bilavasitə erməni maraqlarına işləyən qurumlarla gizli, ya da açıq formada əməkdaşlığa gedir. Əbəs deyil ki, Qarabağda Vətən müharibəsi başlamamışdan əvvəl müxtəlif “konsepsiyaları” önə sürən Əli Kərimli Azərbaycanın Ermənistan üzərində qazandığı qələbəsindən daim ehtiyatlanıb və hətta qorxub. O, yaxşı bilib ki, bu, baş verərsə, mövcud hakimiyyətin xalqla birliyi daha da nöhkəmlənəcək və bununla onun kirli siyasi maraqları tamamilə uğursuzluğa düçar olacaq. Məsələn, əbəs deyil ki, Avropa Birliyinə aparan yol barədə danışarkən, dolayısı ilə etiraf edirdi ki, həmin yol, məhz ermənilərlə birlikdə gedilməlidir.

ANAP sədrindən fakt: “Dəhşətli bir plan idi, cəmiyyət isə buna reaksiya vermədi”

Hətta savaş başlayandan az müddət sonra da, o, eyni fikirdə qalıb. SİTAT: “Bir həftə sonra Əli Kərimli bir konsepsiya ortaya qoydu. Qeyd etdi ki, müharibə olmamalıdır, müharibə qandır, hərbi əməliyyatlar böyük itkilərlə müşayiət oluna bilər. Əli Kərimli bildirirdi ki, hakimiyyəti ələ almalıyıq, ermənilərlə birlikdə Avropa Birliyinə getməliyik, Birliyin çətiri altında Qarabağ məsələsini həll etməliyik”.

“O vurğulayır ki, Rusiyanın regiondan çəkilməsini gözləmək lazımdır. Dəhşətli bir plan idi, cəmiyyət isə buna reaksiya vermədi. Bizi ATƏT-in Minsk Qrupu 30 il yubatdı, Avropa Birliyində də 30 il gözləməli idik?”, deyə Abutalıb Səmədov sual edib.

Reallığa qalanda “milli cəbhə” pərdələnməsi altında yalnız öz kirli məqsədlərinə, şəxsi mənfəətlərinə oynayan bu ünsürlərin, ümumiyyətlə, Qarabağ məsələsini ön planda görmələri inandırıcı təsir bağışlamır. Başqa yandan, müharibədən sonrakı dövr ərzində Əli Kərimli-Cəmil Həsənli cütlüyünün hətta şəhid ailələrindən öz qaranlıq maraqları üçün istifadə etmələri də özü-özlüyündə bir sıra suallar yaradır. Məsələn, yalnız bir neçə şəhid ailəsinə gedərək, orada özlərini reklam etdirən AXCP sədrinin hələ indiyə qədər həmin ailələrin problemləri ilə davamlı şəkildə maraqlanması faktları ortada yoxdur. Bu fakt da onların oyunbaz siyasətlərinin tərkib hissəsidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə