Ermənistana qarşı sanksiyalar tətbiq edə biləcək yeganə güc BMT TŞ-dır - AÇIQLAMA

"ABŞ tərəfindən maliyyələşən "Amnesty İnternational" kimi qeyri-hökumət təşkilatları tərəfindən həmin ölkənin siyasi elitasına boylanmadan Ermənistana hər hansı sanksiyaların tətbiqi kimi qərarları verməsi gözlənilmir. Hərbi əməliyyatlar başlanandan, Ermənistanın Azərbaycanda yaşayan mülki əhalini dəfələrlə hədəfə almasından sonra ilk dəfədir ki, "Amnesty İnternational" təşkilatı belə bir bəyanatla çıxış edərək Bərdə şəhərində işğalçı ermənilərin dinc sakinlərə, uşaqlara qarşı həyata keçirdiyi vəhşiliyi pisləyib". SİA-nın məlumatına görə, bunu açıqlamasında Elşən Manafov deyib.

Onun sözlərinə görə, bundan qabaq Ermənistan tərəfi Gəncə şəhərinə də qadağan olunmuş raket ataraq, burada da çoxsaylı dinc əhalinin ölümünə bais olublar: "Lakin həmin ərəfədə "Amnesty İnternational" təşkilatı baş vermiş vəhşiliyə hər hansı bir münasibət sərgiləmədi. İndiki halda isə onlar sadəcə münasibət bildirmək, olayı qınamaqla kifayətləniblər. Əslində bu vəhşiliyi törədən tərəfi həmin əməldən çəkindirmık üçün real addımlar atılmalıdır. Yəni Ermənistana qarşı bu fonda sanksiyalar gəlməli idi. Lakin bu baş verməyib".

Politoloqun fikrincə, erməni vəhşiliklərinə münasibətdə belə yarımçıq mövqe sərgiləməsi "Amnesty İnternational" təşkilatının öz iradəsindən asılı məsələ deyil: "Bu təşkilatın mövqeyinə təsir göstərən daha yuxarı instansiyalar var. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı mandata malik ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlərin mövqeyi, onların arasında da ABŞ mövqeyi xüsusu diqqəti cəlb edir. Adı hallanan bu kimi insan haqları təşkilatları bu və ya digər formada Vaşinqton tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarıdır. ABŞ dövlət katibi Pompeonun münaqişənin gərgin fazası ilə bağlı verdiyi açıqlama da dünya ictimaiyyətinin diqqətindən yayınmadı. Pompeo sadəcə olaraq hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə çağırdı və mövcud problemi ancaq danışıqlar, kompromislər yolu ilə həll etməyi, güzəştlərə getməyi tövsiyyə etdi. Bu azmış kimi, ABŞ Prezidenti Donald Tramp ümumiyyətlə məsələ ilə bağlı ermənipərəst mövqe nümayiş etdirib. Nevada ştatında seçicilərlə görüşündə o bildirdi ki, ermənilərə xüsusi simpatiya ilə yanaşır, onlar döyüşkən xalqdır. Ardınca qeyd edib ki, onun üçün bu problemi həll etmək asandan da asandır. Güman edirəm ki, ABŞ sadəcə olaraq Serbiya ilə Kosovo arasında yaşanan problem dövründə Vaşinqtonun o zaman sərgilədiyi mövqeyi nəzərdə tutur. Bu yanaşma isə Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Çünki o zaman ABŞ Kosovo albanlarının mövqeyini dəstəkləyərək, nəticə etibarı ilə onların müstəqilliyini tanıdı. Sonda dünya birliyinin əksər dövlətləri Kosovonu tanıdı. O zaman Rusiya və Azərbaycan onu tanımadı, amma Türkiyə tanıdı. Dediyim odur ki, "Amnesty İnternational" kimi təşkilatlar sadəcə olaraq ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin, başlıcası ABŞ-ın mövqeyindən çıxış edirlər".

E.Manafov bildirib ki, BMT Təhlükəsizlik Şurasının özünün də Ermənistana sanksiyalar tətbiq etmədiyi bir şəraitdə həmin təşkilatların özbaşına şəkildə İrəvana hər hansı bir sanksiyalar tətbiq etməyə sadəcə olaraq gücü və qüdrəti çatmazdı: "Amnesty İnternational təşkilatı sadəcə olaraq belə sanksiyaların tətbiq edilməsi çağırışı ilə çıxış edə bilər. Ancaq bu da baş vermədi. Bütün hallarda güman edirəm ki, Ermənistana qarşı indiki halda sanksiyalar tətbiq edə biləcək yeganə güclü və mötəbər təşkilat BMT-nin Təhlükəsizlik Şurasıdır. Lakin dediyim kimi, onlar nəinki buna getmədi, əksinə Təhlükəsizlik Şurasının mövcud münaqişə ilə bağlı son müzakirələrində 1994-cü ildə konfliktlə bağlı qəbul edilən qətnamənin ruhuna uyğun olmayan sənəd ortaya atıldı. Yalnız Azərbaycan Prezidentinin uzaqgörənliyi və siyasi iradəsi, onun Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv dövlətlərlə apardığı danışıqlar fonunda onlar ölkəmizin mövqeyinin haqlı olduğunu qəbul etdi. Nəticə etibarı ilə həmsədr dövlətlərin Azərbaycanı hədəfə ala biləcək sənədi qəbul olumadı. Bu da "Amnesty İnternational" kimi təşkilatların diqqətini cəlb edib. Nəticə etibarı ilə ABŞ tərəfindən maliyyələşən bu sayaq qeyri-hökumət təşkilatları tərəfindən həmin ölkənin siyasi elitasına boylanmadan Ermənistana hər hansı sanksiyaların tətbiqi kimi qərarları verməsi gözlənilmir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...