Qarabağ müharibəsi regionda demoqrafik xəritəni dəyişdirəcək - ANALİZ

30 ilə yaxın davam edən danışıqlar prosesi və sülh təklifləri Ermənistan tərəfindən tam rədd edildikdən sonra Azərbaycan ordusu Qarabağda anti-terror əməliyyatlarına başladı. 1 ay ərzində xeyli ərazi, 150-yə yaxın yaşayış məntəqəsi işğalçı və terrorçu dəstələrdən azad edildi. Proses sürətlə davam edir və artıq heç bir şübhə yoxdur ki, ən qısa vaxtda bütün işğal edilmiş ərazilər azad ediləcək. Söhbət 1000-ə yaxın yaşayış məntəqəsindən- şəhər, kənd və qəsəbədən gedir.

Qarabağda demoqrafik vəziyyət son 30 ildə

Ümumilikdə, Qarabağın işğalı nəticəsində 700 mindən artıq azərbaycanlı köçkün düşüb və ölkənin müxtəli ərazilərinə səpələnib. Bu Qarabağın (aran və dağlıq hissəsi ümumilikdə) əhalisinin 75 faizini təşkil edirdi. Keçən müddətdə bu əhalinin artması artıq 1 milyondan artıq insanın doğma torpaqlarına qayıtmasını gözləməsi deməkdir.

Azərbaycan hökuməti işğal edilmiş ərazilərin azad edilməsindən sonra orada iqtisadi və sosial infrastrukturun sürəli bərpası, köçkünlərin tez müddətdə öz yurdlarına yenidən məskunlaşdırılması üçün ümumi proqrama malikdir.

Müharibədən əvvəl Qarabağın dağlıq hissəsində- keçmiş muxtar vilayətdə 120 mindən artıq erməni yaşayırdı. Keçən müddətdə bu əhali nəinki artmayıb, əksinə 100 minin altına düşüb. Baxmayaraq ki, mütamadi olaraq Ermənistandan ora ailələr köçürülüb. Və onlar artıq yerli əhalinin sayını üstələmişdi. İndi həmin 100 minlik qaçqın Ermənistana qayıtmalı olacaq. Bu, Ermənistanda çoxdan bəri yaranmış demoqrafik faciənin qarşısını almağa kömək etsə də, onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq.

Azərbaycanlı köçkün əhalinin Qarabağa qayıtması ölkədə əhalinin tarazlı məskunlaşması, paytaxtın və iri şəhərlərin yükünün azalması, yeni iqtisadi potensialın istifadəsi kimi üstünlüklər qazandıracaq. Hesab olunur ki, orta hesabla 2 il ərzində bərpa və yenidənqurma işlərini yekunlaşdırıb 1 milyon əhalini öz yurdlarına qaytarmaq mümkün olacaq.

Beləliklə, Qafqazda demoqrafik vəziyyət dəyişəcək. Azərbaycanda əhalinın artım səviyyəsi yüksəlir, Gürcüstanda əhali sayı sabit qalır, Ermənistanda isə azalır. Yaranmış ağır sosial-iqtisadi böhran nəticəsində, daha yüz minlərlə erməni Ermənistanı tərk edərək müxtəlif ölkələrə üz tutacaq. 2 milyonluq Ermənistan əhalisi yaxın bir neçə ildə 1 milyonadək azalacaq. Bu qədər əhali üçün isə 30 min kvadrat kilometrlik Ermənistan ərazisi belə dəfələrlə çoxdur. Qarabağ iddiası isə azı 1 əsr müddətində unudulmağa məhkumdur.

Ermənistanda demoqrafik böhran şiddətlənəcək

SSRİ tərkibində dotasiya ilə yaşayan Ermənistanın müstəqillik əldə etdikdən sonra bütün xarici yardımlara baxmayaraq, sosial-iqtisadi böhran keçirməsi və nəticədə miqrasiyanın ən yüksək səviyyəyə çıxması bu ölkədə əhali artımını dayandırıb və azaldıb.

Ermənistan İnzibati İdarəetmə Nazirliyinin rəsmi statistik göstəricilərinə görə, son 30 ildə Ermənistanı 1,5 milyon nəfər tərk edib. “İcma və hüquq” qeyri-hökumət təşkilatının apardığı monitorinqin nəticələrinə görə isə, ölüm səviyyəsinin doğum səviyyəsindən yüksək olması, yoxsulluq və miqrasiya prosesi əhalinin artımını dayandırıb.

Erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir. USAİD-ın Ermənistanda miqrasiya proseslərinə dair araşdırmaları Ermənistandan xarici ölkəyə axının bir istiqamətli olduğunu, ölkəni tərk edən vətəndaşların ən çoxu 10 faizinin geri döndüyünü göstərir. Ölkəni tərk etmiş təqribən bu sayda vətəndaşlar arasında əmək qabiliyyətli əhali qrupu 80% təşkil edir.

İqtisadi böhtan keçirən, sosial problemlərin ağırlaşdığı ölkədə rəsmi olaraq 3 milyon vətəndaş qeydiyyatda olsa da, müxtəlif yerli və beynəlxalq təşkilatların hesablamalarına görə, ölkədə faktiki olaraq 2 milyon nəfər yaşayır. Qalanları Rusiyaya, Ukraynaya, Gürcüstana, Avropa ölkələrinə köçüblər və ya əmək miqrasiyası ediblər.

Bu, miqrasiya probleminin ölkənin demoqrafik vəziyyətinin kəskinləşməsinə ciddi təsir göstərdiyinə əyani sübutdur. Miqrasiyaya səbəb olan 2 problem (ağır sosial-iqtisadi vəziyyət və müharibə şəraiti) ölkədən xaricə axının hələ uzun illər davam edəcəyini proqnozlaşdırmağa əsas verir.

Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır.

Ermənistanda onsuz da işçi problemləri var idi. İndi isə bütün işçi qüvvələrini səfərbərliyə alaraq Qarabağda hərbi əməliyyatlara cəlb ediblər. Ona görə də ölkədə bütün iş yerləri, böyük şirkətlər iflic vəziyyətdədir.

Nəzərə alsaq ki, artıq 10 mindən artıq erməni terrrorçusu Qarabağda məhv edilib və bu say getdikcə artır, bu o deməkdir ki, ölkədə cinsi müstəvidə də demoqrafik problem yaranacaq. Belə ki, kişilərin ölkəni əməkqabiliyyəti kişilərin əvvəlki illərdə də ölkəni tərk edərək xaricə axışması onsuz da cinsi disbalansı pozmuşdu, müharibədən sonra bu balans daha çox pozulmuş olacaq. Müharibədə öldürülmüş hərbçilərin ailələrinə müavinətlər və sair güzəştlər edilməlidir, buna isə maddi və iqtisadi imkan yoxdur. Bu da daha bir narazılıq yaradacaq.

Bütün bunlar Ermənistanda acınacaqlı vəziyyətin hökm sürdüyünün, ölkənin təkcə demoqrafik yox, həm də böyük sosial-iqtisadi tənəzzül içərisində olduğunu göstərir.

Əvvəlcə iqtisadi müharibədə qələbə qazanıldı

Azərbaycanın öz torpaqlarını azad etmək üçün apardığı hərbi müharibədən öncə Ermənistanla iqtisadi müharibə aparırdı. Biz hazırkı hərbi müharibədən çox əvvəl iqtisadi müharibəni udmuşduq. Son 25 ildə həyata keçirilən beynəlxalq və regional layihələrdən Ermənistanın kənar saxlanması, sonra onların qonşu ölkələrlə iqtisadi ticarət münasibətlərinin zəifləməsi, nəticədə blokada vəziyyətinə düşməsi bütövlükdə Ermənistan iqtisadiyyatını çökdürüb. Bunun da nəticələri özünü həm hərb meydanında, həm də siyasi arenada göstərir. Cari ilin büdcəsində ermənilər defisiti artırdılar. Çünki büdcənin xərcləri gəlirlərini xeyli üstələyirdi. Bu isə o deməkdir ki, getdikcə gəlirlər azalır, xərclər isə artır. Nəticədə isə bu gedişat iqtisadiyyatın çökməsinə, sosial problemlərin artmasına şərait yaradır və hərbi xərclərə imkan vermir. Belə şəraitdə isə müharibənin aparılması imkansız olur.

Faktiki olaraq işğalçı ölkənin xarici borcu ÜDM-in 67 faizinə çatıb. Yəni bir neçə Afrika ölkəsini istisna olmaqla, bu göstərici dünyada ən ağır vəziyyətdir. Ermənistanın 3,5 milyardlıq büdcəsi ilə elementar sosial təminatları ödəmək mümkün deyil, nəinki müharibə aparmaq. Yeri gəlmişkən, hələ müharibədən əvvəl xarici ekspertlər hesab edirdilər ki, Ermənistan bütün maliyyə-iqtisadi imkanlarını səfərbər etsə belə, uzağı 1 aylıq müharibənin öhdəsindən gələ bilər, ondan sonra iqtisadi defolt baş verir. Bu 1 ay artıq keçib və işğalçı ölkədə hansı vəziyyətin yarandığnı təsəvvür etmək çətin deyil. Bu müharibə ilə Ermənistan təkcə vaxtilə işğal etdiyi Qarabağı itirmir, bütün ölkənin çökmə təhlükəsi var.

Müharibədə uduzmaqda olan, iqtisadiyyatı çökmüş ölkəyə heç bir dövlət kömək edib, kredit verməz, heç bir investor investisiya da qoymaz. Ermənistanın tədiyyə balansında mənfi saldo 60 faizdir. 2 milyardlıq mal ixrac edib, 5 milyardlıq idxal edirlər. Bundan sonra Ermənistan xaricdən gündəlik tələbat mallarını almaqda da çətinlik çəkəcək. İşçi qüvvəsi də olmadığı üçün büdcəyə gələn ödənişlər də dayanacaq və ölkə iqtisadi iflas həddinə gələcək.

Ermənistanın 2 milyardlıq xarici valyuta ehtiyatı borcların qarantıdır. Bu da onların xarici rezervlərinin, əslində, sıfır olması deməkdir. Yəni, bu situasiyada Ermənistan üçün çıxış yolu görünmür- tam fiaskodur. Ermənistan iqtisadiyyatının çöküşü yalnız indiki müharibənin deyil, son 25 ildə aparılan siyasətin nəticəsidir.

İşğalçı ölkədə sosial böhran kulminasiyaya çatdı

Əsas problemlərdən biri də budur ki, Qarabağdan Ermənistana qayıdan ermənilər ölkənin vəziyyətini daha da ağırlaşdırıb. Onlar qaçqın hesab olunur və həyat şəraitlərini qurmaları üçün evə, işə, tibbi yardıma, ərzaq və əlavə vəsaitə təmin etmək lazımdır ki, Ermənistanın real şəraitdə buna imkanı yoxdur.

İndi təsəvvür edin: Ermənistanın büdcəsində pul yox, xarici rezervləri yox, üstəlik də ölkəyə 100 min qaçqın gəlib. Onları evlə, işlə, zəruri vasitələrlə təmin etmək Ermənistanın imkanları xaricindədir. Onun heç 10 min qaçqını təmin etməyə gücü çatmaz.

Hazırda ölkədə artıq sosial böhran yaşanır. Yaxın zamanda Ermənistanda sosial vəziyyətlə bağlı qarşıdurmalar başlanacaq. Yalnız son 1 ildə ölkədə yoxsulların sayı 300 min nəfər artmışdı. Hazırda Ermənistanda faktiki 2 milyonluq əhalinin içində yoxsul insanların sayı 1 milyondan artıqdır. Bu rəqəmin xeyli artacağına şübhə yoxdur.

Hazırda bütün sahələrdə darmadağın olmuş, çökməkdə olan Ermənistan üçün çıxış yolu görünmür. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Ermənistana elə bir zərbə vurmuşuq ki, hələ çox uzun illər özünə gələ bilməyəcək. Əgər müharibə bir az da davam etsə, ölkə tam batacaq. Yeganə xilas yolu işğal edilmiş torpaqları dərhal və qeyd-şərtsiz tərk etməkdir. Ona görə də Ermənistanın bizim şərtlərimizlə razılaşmaqdan başqa çarələri yoxdur. Şərtləri isə Prezident İlham Əliyev konkret diktə etdi. Ya Qarabağdan Ermənistanın bütün hərbi qruplaşmaları çıxacaqlar, ya da ordumuz tərəfindən zorla çıxaralacaqlar. Başqa variant yoxdur, ola da bilməz.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə