"Minsk qrupu bundan sonrakı fəaliyyətində gecikmələrə yol verməməlidir" ÖZƏL-MÖVQE

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin saxta seçkilərlə bağlı növbəti bəyanatı əlbəttə ki, təqdir olunmalıdır. Lakin bu çox gecikmiş bəyanatdır". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

"Ona görə ki, Dağlıq Qarabağdakı işğalçı rejim "seçki" keçirməyə başlayanda ATƏT-in Minsk qrupu daha ciddi həyəcan təbili çalmalı idi və onları bu qanunsuz əməldən çəkindirməyə çalışmalı idi. Yəni dünyaya və onlara izah etməli idi ki, belə bir "seçki" keçirmək qanunların pozulmasıdır, eyni zamanda münaqişənin dinc yolla həllinə əlavə əngəl törədir. Təəssüflər olsun ki, bunu etmədilər. Artıq indi ordakı işğalçılar "seçki" adı altında öz teatr tamaşlarını oynadıqdan sonra ATƏT-in Minsk qrupu belə bir açıqlama verir və qınayır. Əlbəttə ki, gecikmiş addımdır və vaxtında atılmayıb. Düşünürəm ki, ATƏT-in Minsk qrupu bundan sonrakı fəaliyyətində bu cür gecikmələrə yol verməməlidir. Amma ümumi götürdükdə bunun bizim üçün yaxşı tərəfi odur ki, ən azından münaqişənin həllinə cəlb edilmiş ATƏT-in Minsk qrupu bu məsələdə obyektiv mövqe sərgiləyir. Yəni oradakı "seçkilərin" qanunsuz olduğunu diqqətə çatdırır. Təkcə ATƏT-in Minsk qrupu deyil, bir sıra beynəlxalq təşkilatlar da bu cür açıqlamalar veriblər. Eyni zamanda bizə dost olan dövlətlər də özlərinin Xarici İşlər Nazirlikləri vasitəsilə orada keçirilən "seçki" ilə bağlı sərt mövqe ifadə ediblər"-deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...