NATO toplanır: hansı qərarlar veriləcək? ŞƏRH_ÖZƏL

“Türkiyənin tələbinə əsasən NATO toplanır. Türkiyə ordusuna hücum birbaşa NATO ya hücumdur. Çünki, Türkiyə Alyansın Cənub-Şərq cinahıdı və buradan ölkə sərhədlərinə təhdid NATO -ya təhdid kimi qiymətləndirilməlidir. Ona görə də NATO üzvü olan Türkiyə Alyansın sərhədlərinin təhlükəsizliyi üçün bu gün Suriyada Alyansın rəqibinin dolayı hücumuna məruz qalır. Amma, Alyans öz üzvünə lazımı dəstəyi vermədiyinə görə Kreml bu qədər arxayın şəkildə Ankaranı sıxışdırır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Brüsseldə toplanacaq konfransda NATO gücləri Əsədə qarşı hərbi əməliyyatlara start verməsə, Alyans öz missiyasında ciddi strateji səhv edəcək: “Bu da Rusiyanın əlini gücləndirə bilər. Hər halda ABŞ -ın siyasi iradəsindən bir çox məsələlər aslıdır. Çünki, Ankara Vaşinqtonla məsləhətləşəndən sonra üzv dövlətlər toplanır”.

Politoloq qeyd edib ki, İdlib hücumuna cavab olaraq NATO -nun birlik göstərməsi, Rusiyaya mesaj verməsi üçün ən ideal siyasi ortamdı: “Yeni dünya nizamında Alyansın nə qədər Moskva ilə hesablaşmalı olacağı bu toplantıdan sonra məlum olacaq. Bu, NATO-Rusiya hərbi toqquşması deyil. Alyans öz cənub sərhədlərinin təhlükəsizliyi üçün Türkiyəyə hərbi yardım etməsinin zəruriliyidir”.

M. Əsədullazadənin fikrincə, ABŞ Əsəd qoşununa zərbələr endirə bilər: “Amma, NATO dövlətləri bu əməliyyatlarda iştirak etməyəcəklər, siyasi bəyanatlarla kifayətlənəcək. Əgər, ABŞ-ın başçılığı altında NATO ölkələri Türkiyəyə lazımı dəstəyi olmasa, Rusiya Yaxın Şərqdən Qərbin bütün dayaqlarını zəiflədib çıxaracaq. Bir tərəfdə Rusiya-İran oxu bir tərəfdə NATO - Türkiyə oxu tərəflərin mübarizəsi bundan sonra yeni müstəviyə keçə bilər. Hər şey NATO-nun qərarlığından asılı olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə